Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.
Onun sözlərinə görə, imtahanla bağlı yaranan stressi DİM yaratmır və imtahan özü də təkbaşına bu stressi formalaşdırmır:
"Daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri şagirdlərə təsir göstərir. Apardığımız anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 %-dən çoxu bildirir ki, onlarda stressin yaranmasına əsas səbəb valideynlərin gözləntiləridir. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da əlavə təzyiq yaradır. Ümumilikdə isə hər bir imtahan müəyyən qədər streslidir. Hər yeni situasiya insanda təbii olaraq gərginlik yarada bilər. Biz isə bu stressin səviyyəsini ölçmürük, bizim məqsədimiz hər kəs üçün eyni və ədalətli şərait yaratmaqdır".
DİM sədri vurğulayıb ki, imtahan zamanı şagirdə tapşırıq kitabçası verildikdə o artıq tamamilə müstəqil olur və heç kimdən asılı olmadan yalnız öz biliklərinə əsaslanaraq cavab verir:
"Şagird özünü idarə etməyi bacarmalıdır, öz vaxtını düzgün bölməyi bacarmalıdır və ona heç kim nəzarət edərək təzyiq göstərə bilməz. Bu, daha stressiz bir mühit yaradır, nəinki kiminsə qarşısında oturub onun suallarına cavab vermək. Müəyyən stress var, bu da təbiidir. Ümumilikdə, hər hansı fəaliyyətin qiymətləndirilməsi, yaxud insanın biliklərinin yoxlanılması özü də stress yaradır. Amma bu stressi idarə etmək insanın vacib bacarıqlarından biridir və bunu yalnız mərkəzləşdirilmiş imtahan sistemi formalaşdıra bilməz".
M.Abbaszadə əlavə edib ki, bu bacarıq məktəbdə, ailədə və valideynlərin düzgün yanaşması ilə formalaşır:
"Çünki uşaq dünyaya gələndə onun mütləq ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur. Əgər qəbul olunmursa, bu, onun dəyərinin azalması demək deyil. Təəssüf ki, bəzən valideynlərdə bu cür yanaşma müşahidə olunur və bu da uşaqlarda əlavə təzyiq yaradır. Bunu müşahidə edirik və valideynlərə daim müraciət edirik. Açıq qapı günlərini də məhz bu məqsədlə təşkil edirik ki, valideynlər gəlib sistemi görsünlər, suallarını versinlər və narahatlıqlarını bölüşsünlər. Lakin gözlədiyimiz qədər iştirak olmur. 150 nəfərlik zalın dolduğunu heç görməmişəm. Çox az adam gəlir".
Şərhlər