Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Krımdakı Pivniçnokırım kanalı üzərindən keçən dəmir yolu körpüsünün tamamilə məhv edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin "Threads" platformasındakı paylaşımında bildirilib.
"Bağışlayın, amma burada rəsmi-təcili xəbər var: Krımdakı Pivniçnokırım kanalı üzərindəki dəmir yolu körpüsü artıq mövcud deyil. Birincisi getdi. Göstərmək lazımdır?”, deyə qurumun paylaşımında qeyd edilib.
Xüsusi Əməliyyat Qüvvələri daha əvvəl həmin körpünün zədələndiyini də açıqlamışdı. Məlumata görə, 18 iyun gecəsi "Middle Strike” bölməsi Rozdolne yaşayış məntəqəsi yaxınlığında yerləşən dəmir yolu körpüsünü sıradan çıxarıb.
Yenilənmiş məlumatda isə bildirilir ki, 22–23 iyun gecələrində aparılan əməliyyat nəticəsində Krımda yerləşən həmin dəmir yolu körpüsü tamamilə məhv edilib.
Xüsusi Əməliyyat Qüvvələrinin açıqlamasında qeyd olunur ki, bu körpü Rusiya qüvvələri üçün mühüm hərbi-logistika arteriyası olub. O, həm Rusiya ərazisindən Krım vasitəsilə cənub cəbhəsindəki hərbi qruplaşmanın təminatında, həm də yarımadanın daxilində hərbi infrastrukturun fəaliyyətində istifadə edilən nəqliyyat dəhlizinin bir hissəsi idi.
Hərbçilərin məlumatına görə, dron zərbələri nəticəsində dəmir yolu örtüyü dağılıb və körpünün bir hissəsi çöküb. Daha sonra təmir işləri üçün gətirilən xüsusi texnika da hədəf alınıb və yenidən qalan konstruksiyalar zədələnib.
Ukrayna tərəfi son həftələrdə Krım yarımadasına qarşı hücumları artırdığını bildirir. Yerli mənbələr yanacaq qıtlığı, elektrik kəsintiləri və turizm mövsümünün çətin vəziyyətə düşməsi barədə məlumat verir.
Məqalədə həmçinin bildirilir ki, Krım tatar xalqının lideri Rafət Çubarov yarımadada olan Rusiya vətəndaşlarına vəziyyətin daha da gərginləşməsindən əvvəl ərazini tərk etməyə çağırış edib.
Aydın
Şərhlər