Yeni genetik tədqiqatlar uzun müddət Avropadan miqrasiya etmiş hesab edilən atların əslində Şimali Amerika mənşəli olduğunu, Çin ərazisindən keçərək Avropaya yayıldığını ortaya çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review"
Araşdırma Dalian atının qədim atların qitələr üzrə yayılmasının və təkamülünün anlaşılmasında mühüm həlqə olduğunu vurğulayır və gec pleystosen dövründə at miqrasiyaları ilə bağlı təsəvvürləri yenidən formalaşdırır.
"Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunan araşdırma, əvvəllər yalnız Çinin şimal-şərqində yayılmış hesab edilən nəsli kəsilmiş Dalian atına həsr olunub.
Alimlər bildirirlər ki, Dalian atları, ehtimal ki, Şimali Amerika ilə bağlı genetik mənşəyin Şimal-Şərqi Avrasiya at populyasiyalarına daxil olmasının yollarından biri olub.
Mitoxondrial DNT analizi göstərib ki, bu atlarda Şimali Amerikaya xas genetik izlər mövcuddur və bu izlər sonradan Sibir ərazilərindəki qədim at populyasiyalarında da aşkarlanıb. Bu baxımdan Dalian atı qitələr arasında genetik körpü rolunu oynayıb.
Qeyd olunur ki, Çinin Çinqan və Harbin bölgələrindən tapılan fosillər mitoxondrial genomun analizinə imkan verib və Dalian atlarının transberinq gen axınında mühüm rol oynadığını göstərib. Araşdırmada deyilir:
"Bu nəticələr Dalian atını gec pleystosen dövründə Şimal-Şərqi Asiya at təkamülünü və transberinq genetik mübadilənin dinamikasını anlamaq üçün əsas xətt kimi nəzərdən keçirməyə imkan verir”.
Əvvəlki tədqiqatlar Dalian atlarının yayılmasını yalnız şimal-şərqi Çinlə məhdudlaşdırsa da, yeni tapıntılar daha geniş areala işarə edir. Yakutiya və Cənubi Sibirdəki fosillər göstərir ki, bu atlar gec pleystosen dövründə Şimali Çin, Sibir və Yakutiya arasında geniş ərazilərdə hərəkət edib.
Alimlər bildirirlər ki, Dalian və Şimal-Şərqi Sibir areallarının üst-üstə düşməsi və genetik axın bu əlaqəni təsdiqləyir:
"Dalian atlarının Şimal-Şərqi Sibirə daxil olan Şərqi Berinq mənşəli genetik material üçün kanal rolunu oynadığı ehtimal edilir”.
Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr atların Avrasiya üzrə miqrasiya tarixini yenidən yazır və Dalian atının sadəcə lokal bir növ deyil, qlobal genetik proseslərin mühüm iştirakçısı olduğunu göstərir.
Genetik əhəmiyyətinə baxmayaraq, Dalian atları sonda nəsli kəsilib. Stabil izotop analizi onların dar ixtisaslaşmış otlaqlarla qidalandığını və bu səbəbdən ətraf mühit dəyişikliklərinə uyğunlaşmaqda çətinlik çəkdiyini göstərib.
Alimlər qeyd edir: "Dalian atlarının ixtisaslaşmış qidalanma nişi onların gec pleystosen dövründə sürətli ekoloji dəyişikliklərə uyğunlaşmasını məhdudlaşdırdı və bu da onların nəslinin kəsilməsinə səbəb oldu”.
Təxminən 40 min il əvvəl iqlim dəyişiklikləri nəticəsində quru çöllər bataqlıq və torf sahələri ilə əvəz olunub, bu isə yem bazasını azaldıb. Böyük bədən ölçüsü və aşağı ekoloji plastiklik bu növün sağ qalmasını mümkünsüz edib.
Aydın
Şərhlər