Dünya 22:55 28.11.2022

İran etirazların yatırılmasının araşdırılmasında BMT ilə əməkdaşlıq etməyəcək

İran ölkədə hökumət əleyhinə etirazların vəhşicəsinə yatırılması hallarının araşdırılmasında BMT ilə əməkdaşlıqdan imtina edir. 

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani bildirib.

İran hakimiyyətinin nümayəndələri imtinalarını ölkədəki etirazların Qərbdən ilhamlanması ilə izah edirlər.

Ötən həftə BMT-nin İnsan Haqları Şurası İranda mitinqlərin yatırılması ilə bağlı müstəqil təhqiqata başlamaq qərarına gəlib. Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə komissarı Volker Türk İran hökumətindən zorakılıqdan sui-istifadəni dayandırmağı və "qeyri-proporsional” gücdən istifadə etməməyi tələb edib.

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib ki, İran BMT-nin İnsan Haqları Şurasının formalaşdırdığı komitə ilə əməkdaşlıq etmək fikrində deyil və onun siyasiləşməsini vurğulayıb. "Bizdə ABŞ, Qərb ölkələri və bəzi ABŞ müttəfiqlərinin etirazlarda birbaşa rol oynadığını sübut edən konkret məlumatlar var”, - diplomat bildirib.

Etirazlarda ölənlərlə bağlı hələlik rəsmi statistika yoxdur. HRANA hüquq-müdafiə təşkilatı 450-dən çox nümayişçinin və 60 təhlükəsizlik işçisinin öldüyünü, 18 mindən çox adamın saxlanıldığını bildirir.

İranda etirazlar sentyabr ayında səhv hicab geyindiyinə görə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Əminin yaxınları onun ölümünün təcridxanada döyülmə nəticəsində baş verdiyini ehtimal edir.

Nizami Bağırov