"Azərbaycanda işsizlərin sayı artır, iqtisadiyyatın imkanları kiçilir və ölkə idxaldan asılı vəziyyətə düşür”.
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Akif Nəsirli ötən ilin müvafiq dövrü ilə müqyisədə ölkədə müqavilə ilə çalışanların sayının azalmasının səbəbləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyat 2020-ci ildən başlayaraq kiçilməyə doğru gedir:
"Biz hələ işğaldan azad olmuş ərazilərə investisiya qoyuruq. Bu, ölkənin gələcəkdə bəhrə verəcək bir hissəsidir. Ona görə hələ işçi sayı bir qədər kompensasiya olunur. Mən avqustun 1-də işçi sayının 13 min nəfər azalması ilə bağlı məlumata inanmıram. Bu daha çoxdur, düşünürəm ki, qeydiyyata alınanlar bunlardır. İqtisadiyyatın kiçilməsi fonunda sözsüz ki, iş yerlərinin azalması, işçilərin ixtisar edilməsi təbii haldır. Ölkədə həm dövlət, həm də özəl sektor kiçilir. Bunun da əsas səbəbi bəzi sahələrdə yol verilən nöqsanlardı”.
Akif Nəsirli qeyd edib ki, bu gün ölkədə iqtisadi mühitdə problemlər mövcuddur:
"İqtisadi inkişafa mane olan problemlər həll edilsəydi, Azərbaycanın tam potensialını ortaya qoyaraq iqtisadiyyatı şaxələndirmək, genişləndirilmək, hər həftə yeni iş yerlərinin açılmasının şahidi ola bilərdik . Dövlət şirkətlərinin əməkdaşlarının sayını artırmaqla və yaxud da ödənişli sosial iş yerləri açmaqla işsizliyə qarşı mübarizə aparıla bilməz. Bunun yeganə yolu azad iqtisadiyyatın formalaşdırılması, sahibkarlıq və rəqabət mühitinin yaxşılaşdırılmasıdır. Əgər bunlar baş versə, biznes inkişaf edəcək və yeni iş yerləri açılacaq”.
Ekspert onu da qeyd edib ki, Azərbaycanda işsizliyin artmasının əsas səbəbi özəl sektorun cilovlanmasıdır:
"Özəl sektor müxtəlif vasitələrlə cilovlanır, yalnız inhisarçı qruplar inkişaf edir. İnhisarçının da inkişaf, hansısa nailiyyət əldə eləməsi müəyyən dövrə qədərdir. Müəyyən vaxtdan sonra rəqib olmursa, inkişaf da olmur. Ölkədə inhisarçılığa qarşı mübarizə aparılmalı, inhisarçılıq azaldılmalıdır. Rəqabət mühiti formalaşdırılmalı, Rəqabət Məcəlləsi qəbul olunmalı və rəqabət qanunla tənzimlənməlidir. Ədalətsiz rəqabətə qarşı mübarizə də aparılmalıdır. Bununla yanaşı sahibkarlara, vətəndaşların mülkiyyət hüququna zəmanət verilməlidir”.
Qeyd edək ki, 2023-cü ilin avqustun 1-ə qədər olan məlumata görə ötən ilin müvafiq dövrü ilə müqyisədə ölkədə müqavilə ilə çalışanların sayı 13 min nəfər azalıb. Özəl sektor 7 min, dövlət sektoru isə 6 min işçi itirib.
Bahar Rüstəmli
Şərhlər