Xəbər lenti

İsveç bu dəfə də qatardan qaldı...
Hüseynbala Səlimov
Dünya 09:54 10.07.2023

İsveç bu dəfə də qatardan qaldı...

Ötən həftənin, demək olar ki, sonlarında İsveçin "özünüifadə azadlığı”nın fəalları və fanatları sanki müsəlmanların "könlünü almaq”, onlara "təskinlik vermək” üçün bu dəfə müqəddəs Quranla birlikdə digər dini kitabları – Tövratı və İncili də yandıracaqlarını bəyan etdilər. Gülməli, həm də gülünc deyilmi? Görən, bu adamlar bilmirlərmi ki, həqiqi müsəlman heç bir vaxt bunu istəməz, çünki onların dininə görə, Tövrat da, İncil də müqəddəs kitablardır.

Ümumiyyətlə götürdükdə isə, adamın beynindən yalnız bir sual keçir: axı bu nə barbarlıqdır? Başqa bir vaxt Avropa ölkələri, o cümlədən də İsveç özünü dini və etnik dözümlülüyün məskəni hesab edir, indisə biz bu ölkələrdən yalnız transseksualların paradları və bir də dini kitabların yandırılması haqqında xəbərlər eşidirik. Əlbəttə ki, bu ölkələr böyük hesabla demokratik ölkələrdir, buna sözümüz yoxdur. Amma demokratiya da bədniyyətli adamların əlində alətə çevrilə bilir. Hazırda bir sıra ölkələrdə məhz belə hal müşahidə olunur, bu ölkələrdə insanlar sanki demokratiyanın qızıl qaydasını unudurlar: birinin azadlığı digərinin azadlığının başladığı yerdə bitir. 

Etiqad azadlığı insanların son yüz illər ərzində əldə etdiyi ən böyük azadlıq hesab edilir. Məhz etiqad azadlığı avropalıların bir hissəsini yüz illər bundan əvvəl uzaq Amerikaya üz tutmağa vadar etdi. Bəndəniz ABŞ siyasi klassiklərindən misallar gətirməyi sevir. Tomas Cefferson həyatı boyu çox siyasi ilklərə imza atmışdı, amma onun öz siyasi fəaliyyətində ən çox dəyər verdiyi məsələ hazırladığı və müəllifi olduğu etiqad azadlğı haqqında qanun olub.

Bəlli olduğu kimi, İsveçin NATO ilə bağlı planlarına əngəl qardaş Türkiyədən gəldi. Demirik ki, Stokholm bu məsələdə əlini əlinin üstünə qoyub oturdu, heç nə etmədi. Yox, belə deyil. İsveç deyilənə görə, yeni qanun qəbul edib – bu, terrorizm və terrorçular haqqında qanundur. Amma əvvəlki yazılarımızda olduğu kimi, burada da qeyd etmək istərdik: biri var qanun qəbul etmək, biri də var onu icra etmək. Xüsusən də demokratik ölkələrdə bəzi qanunlar asan icra olunmur, onların icra olunması yolunda ən müxtəlif maneələr meydana çıxır, çünki hamı çox gözəl bilir ki, totalitar və avtoritar ölkələrdən fərqli olaraq bu dövlətlərdə qanunların qəbulu və icrası daha çox müzakirələrdən və instansiyalardan keçir. 

Elə bu səbəddən də burada daha bir sual yaranır: NATO–ya üzv olduqlan sonra İsveç qəbul etdiyi qanunların icrasının vacibliyini unutmayacaqmı? Axı dövlətlərin praktikasında belə hallara çox təsadüf olunur! Həm də burada yenə sual yaranır: İsveçin NATO-ya üzv qəbul olduqdan sonra Şimali Atlantika Müqaviləsi prosesinə töhvəsi nə olacaq? Yoxsa İsveç digər NATO ölkələrinə də müqəddəs kitabları yandırmağı öyrədəcək? Yoxsa Stokholmda unudublar ki, birinci soyuq savaş zamanı NATO həm də eyni bir siyasi və ictimai, hətta mənəvi dəyərləri bölüşən ölkələrin qurumu idi?

Ən başlıcası budur ki, NATO-nun sütunu olan ölkələr İsveçi Türkiyənin tələblərini yerinə yetirməyə tələsdirmirlər. Bu yaxınlarda ABŞ prezidenti Co Bayden isveçliləri arxayın etdi ki, onların ölkəsi tezliklə Bloka üzv olacaq. Elə Stokholmu arxayınlaşdıran da bu oldu. Onlar belə düşünürdülər ki, Ankaranın etirazları çox çəkməyəcək, Vaşinqtondan bir zənglə məsələ həll olunacaq. Amma məsəl var, deyiblər ki, daş qayaya rast gəlib - ən son günlərdə İsveç nəhayət, başa düşdü ki, Türkiyə onlarla heç də zarafat etmir. 

O ki qaldı Vaşinqtonun Ankaranın tələblərinə qarşı bir növ etinasızlığına, ABŞ-ın özünün də Türkiyəyə qarşı münasibəti heç də ürəkaçan deyil: məgər qondarma "erməni soyqırımı”nı elə cənab Co Bayden tanımadımı?
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->