Ekonomiks 11:50 27.10.2023

Kürdəmirdə AFAQ və “Şəhərdən kəndə” layihələri çərçivəsində fermerlərlə görüş keçirildi

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və "Şəhərdən Kəndə” layihələri çərçivəsində Kürdəmir Rayon İcra Hakimiyyətində fermerlərlə görüş keçirilib.

Tədbirdə kənd təsərrüfatı sahəsində qadınların məşğulluq və sahibkarlıq fəaliyyətlərinin artırılması istiqamətində müzakirələr aparılıb, həmçinin AFAQ layihəsinin dəstək fəaliyyətləri barədə fermerlərə ətraflı məlumat verilib. 

Müzakirə zamanı aqroturizmin inkişafına dəstək göstəsən "Şəhərdən Kəndə” layihəsinin fermerlər üçün üstünlükləri diqqətə çatdırılıb. Bildirilib ki, layihənin əsas məqsədi fermer təsərrüfat sahəsində yerli və xarici turistləri qonaq etməklə satış imkanlarının artırılması, turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. 

Müzakirə zamanı kənd evləri, təsərrüfat və istehsal sahələrinə mütəmadi turların təşkil olunduğu qeyd olunub. Turistlərin təsərrüfat sahələrinə gedişini asanlaşdırmaq üçün "Şəhərdən kəndə" elektron platformasının yaradıldığı qeyd olunub. Həmçinin tədbirdə fermerlərin aqrar sahədə üzləşdikləri çətinliklər və həll yolları müzakirə edilib.