Azərbaycanın keçirdiyi COP29 iqlim diplomatiyasına önəmli töhfə verib.
Qayanrinfo "Report"a istinadən xəbər verir ki, bunu COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.
Onun sözlərinə görə, iqlimlə bağlı böhran sərhədləri açırsa, ölkələr də buna qarşı iradə göstərməlidir:
"COP31-də bunu təşviq etmək niyyətindəyik. Bakı maliyyələşmə hədəfi ətrafında konsensus formalaşdıran, Bakıdan Belemə yol xəritəsini irəli aparan və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarı qaydalarını yekunlaşdıran COP29 Sədrliyini iqlim diplomatiyasına verdiyi bu töhfələrə görə təqdir edirəm. Bu uğurlar Antalya yolunda fəaliyyətimiz üçün güclü bünövrə yaradacaq".
Fatma Varank əlavə edib ki, Türkiyə COP31 iqlim məsələsində öhdəliklərin icra mərəhələsinə keçməsi üçün çalışır:
"İqlim İcra Körpüsü ilə milli töhfə bəyanatlarının (NDC) icrasını sürətləndirməyi və investisiyaya hazır layihə portfelləri formalaşdırmağı hədəfləyirik. Beləliklə, hədəflər ilə maliyyələşmə arasındakı boşluğun bağlanmasına dəstək olacağıq.
COP-da hədəflər və icra mərhələsində əsas problem maliyyədir. Banklar, sərmayədarları "yaşıl meydan"a dəvət edirik. Antalyada yüksək səviyyədə rəsmilərin iştirakı ilə iqlim krizini müzakirə etmək niyyətindəyik. Bu, tək bir ölkənin işi deyil".
Şərhlər