"Kursk olayından sonra Rusiya ordusunda böyük təmizləmə işləri aparılacaq. Baş Qərargah rəisi Valeri Gerasimov da vəzifəsindən çıxarılacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın Kursk əməliyyatından sonra Rusiya prezidenti Vladimir Putinin orduda hansı dəyişikliklər edəcəyi ilə bağlı suala cavabında deyib.
"Kurskda baş verənlər sözsüz ki, Rusiyanın imicinə böyük zərbədir. Rusiya ordusunun ən yüksək səviyyədə hazırlıqlı olması, döyüş qabiliyyətinin yüksək olması barədə bəyanatlar verən Putin üçün bu çox sarsıdcı və biabırçı mənzərədir. Bu fonda Putin mütləq mənada ordunun yüksək eşolonunda dəyişiklik edəcək", deyə Üzeyir Cəfərov bildirib.
Amma ekspertin fikrincə, Putin bunu indiki məqamda etməyəcək:
"Çünki indi etsə, məğlubiyyətini açıq şəkildə etiraf etməsi demək olacaq. Kursk hadisələrindən sonra o, bütün rəhbərliyi Federal Təhlükəsizlik Xidmətinə həvalə edib və köməkçisi general-polkovnik Aleksey Dyumini bu məsələdə kordinator təyin edib. Rusiya ordusu böyük çətinliklərlə üz-üzədir və vəziyyətin dəyişməsi üçün hər hanası bir nəticə əldə edə bilmirlər. Təhlükəsizlik Şurasının son iclasında da Putinin çox çaşqın, narahat vəziyyəti bütün dünyaya tap çılpaqlığı ilə göründü. Rusiyada çoxsaylı hərbi akademiya və hərbi məktəblər olmasına baxmayaraq, ordu üzərində rəhbərlik təsadüfi adamlara tapşırılır. İndiki müdafiə naziri Andrey Belousov və əvvəlki rəhbər Sergey Şoyqunun da hərbiyə heç bir aydiyyatə yoxdur. Onlar hərbi sahəyə yad adamlardır".
Həmsöhbətimizə görə, Baş Qərargah rəisi Valeri Gerasimov Kursk olayının qurbanı ola bilər:
"Bu məsələdə Moskva kimisə günahkar çıxaracaq. Ehtimal edirəm ki, vəziyyət bir qədər səngiyəndən sonra Putin Baş Qərargah rəisini vəzifədən çıxarıb, məsuliyyətə cəlb edəcək. Hərçənd hesab edirəm ki, Gerasimovdan daha çox bu məsələdə Putinin yaxın dostu, FSB-nin rəhbəri Aleksandr Bortnikov daha çox məsuliyyət daşıyır. Rusiyanın başına gələn rüsvayçılıq hələ bir müddət də davam edəcək. Ona görə Putin istəsə də, istəməsə də, orduda ciddi dəyişikliklər etməlidir ki, cəmiyyətdə olan narazılığı bir qədər yatızdırsın".
Qeyd edək ki, Ukraya ordusu Kursk istiqamətində irəliləməkdə davam edir. Ukrayna artıq Kursk vilayətinin 74 yaşayış məntəqəsinə nəzarət edir. Rusiya isə hələlik bu hücumun qarşısını almaqda acizlik nümayiş etdirir. Baş verən hadisə istər-istəməz Rusiya ordusu barədə mifləri tamamilə alt-üst edib. Bu uğursuzluq yeni təmin edilən müdafiə naziri Andrey Belousov üçün də çətin sınaqdır. Yaranmış vəziyyətdən çıxmaq üçün Putin ordunun yüksək eşolonunda dəyişiklik etməyə məhkumdur.
Rüfət Sultan
Şərhlər