Lerik Rayon İcra Hakimiyyəti daxili avtomobil yollarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti seçilib.
Avtomobil yollarının əsaslı təmiri 589 899,31 manata başa gələcək.
Mediada "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti haqqında çox yazılıb. Bu yazılarda şirkət "tender kralı" kimi təqdim edilir. Həmçinin "Elnur-2" şirkətinin adı əsasən şübhəli tender əməliyyatlarında hallandırılır. Maraqlıdır ki, şirkət daha çox cənub rayonlarının yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib olur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyest məlumatlarına əsasən, "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti 28 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev11/35, mənzil 57-də yerləşən şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.
Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Zaur Abıyevin adına isə "MTN işi"ndə rast gəlinir. Onun adı həmin işdə zərərçəkmiş qismində keçir.
Lerik Rayon İcra Hakimiyyəti ötən il də avtomobil yollarının əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderdə də "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 608 159,49 manat olub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 20022-ci ildən rayona rəhbərlik edir.
Seyid
Şərhlər