İdman 18:37 13.12.2023

"Mançester Yunayted" bu mövsüm keçirdiyi matçların yarısında uduzub

"Mançester Yunayted" 2023/24 mövsümündə bütün yarışlarda keçirdiyi 24 rəsmi görüşdən yarısında - 12-də uduzub.

Qaynarinfo xəbər verir ki, Erik ten Haqın yetirmələri qalan 12 matçdan 11-də qələbə qazanıb və bir dəfə heç-heçə edib.

Dekabrın 12-də Çempionlar Liqasında "Bavariya"ya 0:1 hesabı ilə uduzan "qırmızı şeytanlar" A qrupunda sonuncu yeri tutub və avrokubokları tərk edib. İndi komanda İngiltərə Premyer Liqasında və İngiltərə Kubokunda titul uğrunda mübarizəni davam etdirir.

"Mançester Yunayted" hazırda 27 xalla Premyer Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və lider "Liverpul"dan 10 xal geri qalır. Mançester klubu İngiltərə çempionatı çərçivəsində növbəti oyununu dekabrın 17-də keçirəcək. Komanda səfərdə "Liverpul"la qarşılaşacaq.

Bundan əvvəl "qırmızı şeytanlar” Çempionlar Liqasının qrup mərhələsində buraxılan qolların sayına görə İngiltərə komandaları üçün antirekord vurmuşdu. Mankunianlılar rəqiblərinə 15 dəfə qol vurmağa imkan verib.

Aydın