Xəbər lenti

Ölkə 12:16 01.03.2023

"Mədəniyyət Nazirliyinin strukturları iflic vəziyyətdədir, Adil Kərimli isə..."

"Nazirin səlahiyyətlərini icra edən Adil Kərimlinin fikirləri ilə mən də razıyam. Çox dəqiq və ağrıdıcı statistik məlumatlardır. Nə qədər ki, reallıqlar birindən digərinə ötürüləcək heç bir problem həllini tapmayacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında kulturoloq Aydın Xan Əbilov mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Adil Kərimlinin nazirlikdə kadrlarla bağlı problemlərin olması ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. O bildirib ki, hər dəfə nazir postuna təyinat olanda, yaxud da kiməsə nazirin səlahiyyətləri həvalə ediləndə yeni gələn köhnə nazirin iş prinsiplərindən və işə götürdüyü adamlardan danışır:

"Bununla bağlı tədbirlərdə hər kəs bir fikir söyləyir. Məsələn, Əbülfəz Qarayev getdi, Anar Kərimov gələn kimi strukturda böyük islahatlar başladı. Rayonlardakı mədəniyyət idarələri ləğv edildi, əvəzində Regional Mədəniyyət Mərkəzləri yaradıldı. Bu idarələrin də rəhbərləri 5-8 rayona cavabdeh idilər. Hər rayonda mədəniyyət idarələri, indi fəaliyyət göstərməsə də kitabxanalar, klublar, xalq teatrları, dərnəkər və s. var idi. Vəzifəyə təyin olunan adam ilk növbədə həmin o klubların rəhbərlərini istefaya göndərirdilər, yeri gəldi-gəlmədi oturuşmuş, peşəkar mədəniyyət xadimlərini işdən çıxarıb, yerinə hansısa bir hörmət güdüb, öz adamlarını təyin edirdilər. Onların çoxunun da bu sahədən başı çıxmırdı”. 
 


Aydın Xan Əbilov mədəniyyət sahəsinin bərbad olduğunu qeyd edib:

"Nazir səlahiyyətlərini yerinə yetirən məmur düz buyurur ki, mədəniyyət sahəsi bərbaddır. İcra strukturunda çalışanların, yaxud mədəniyyət idarələrinin rəhbərlərinin qohum-əqrabaları həmin mədəniyyət idarələrində işləyir. Onların da 90%-i mədəniyyətə aidiyyatı olmayan insanlardır. Mədəniyyət sahəsi böyük anlam kəsb edir. Müasir dövrdə mədəniyyət sahəsində islahatlara getmək çox təhlükəlidir. O yerlərdə ki, boşluqlar var, şimaldan, cənubdan gələn güc strukturları, dini qurumlar doldurmağa başlayır. Azərbaycanda nə qədər mədəniyyət idarələri, kitabxanalar bağlanırsa, bir o qədər məscidlərin sayı, müxtəlif məqsədlərə qulluq edən dini təriqətlərin sayı artır. Onlar da lazımdır. Gənclər kinoteatrlara deyil, məscidlərə üz turtur, yarısı saqqal saxlayır, sinə döyür, yarısı da xaricdən gələn qüvvələrin təsiri altında müxtəlif təriqətlərə qulluq edirlər və bu çox çox təhlükəlidir”. 

Aydın Xan Əbilov hesab edir ki, qeyri-profilli mədəniyyət adamlarının mədəniyyət ocaqlarına rəhbərlik etməsi boşluqlara gətirib çıxardır:

"İllərdir ki, mən bu yöndə həyəcan təbili çalıram. Amma məmurların gördüyü iş Aydın Xanı sıxma-boğmaya salaraq, ona mane olmaqdır. Bu ölkədə təkliflər verən şəxslərə düşmən gözü ilə baxılır. Mən bunu təcrübələrimdə bu gün də yaşayıram. Amma bazarkom, hansısa məmurun qohumları mədəniyyət sahəsində rəhbərliyə çəkilir. Azərbaycana dünyanın hər yerində maraq var. Düşünürəm ki, Azərbaycanda Mədəniyyət və Turizm Fondunun yaradılmasına ehtiyac var. Bu fonda təkliflər verə biləcək müstəqil şəxslər toplanılmalı, onlara qonorar ayrılmalı və iş tələb edilməlidir. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyi bunu edə bilmir. İllərdir mədəniyyətlə bağlı tamam başqa bir konsepsiyanın ortaya qoyulmasnı təklif edirik. Artıq məmurlar öz işlərini görə bilmirlər”. 

Kulturoloqun fikirincə, bu sahəyə məsul məmurlar rüşvət almaqla məşğuldurlar:

"Nazirlər dəyişilsə də, yeni strukturlar formalaşsa da, bu sahədə eyni ilə pul oğurlamaq, büdcəni ələ keçirmək siyasəti aparılır. Bunun qarşısını almaq üçün mədəniyyət sahəsinə nəzarət gücləndirilməlidir”. 

Qeyd edək ki, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlərin olduğunu qabardıb. Adil Kərimli bəzi işçilərin işlədiyi sahədən xəbəri olmadığını deyib: "Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->