(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanmışdır)
Azərbaycanda ailə, ona verilən qiymət, ailənin müqəddəsliyi az qala hər gün müasirləşən dünyada, qloballaşan cəmiyyətdə uzun illərdən bəri öz fundamental dəyərlərini itirmədən bu günə qədər gəlib çıxıb. Hər gün artan məişət problemləri, yenilənən dünya, sosial-iqtisadi məsələlər insanlara təkcə fərd olaraq deyil, onların qurduqları ailəyə də mənfi və ya müsbət təsir edir.
Əvvəllər Azərbaycanda geniş, çoxuşaqlı ailələrin sayı daha çox idisə, müasir Azərbaycan ailəsində uşaqların sayı bir-ikiyə enib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınıb.
Ailəni də kiçik cəmiyyət, dövlət hesab etsək, bəs bu kiçik cəmiyyətin, onun tərkib hissəsini formalaşdıran qadın və kişi uzlaşmasında əsas problem nədir, onların münasibəti hansı vəziyyətdədir?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan psixoloq Rübabə Mərdanova qeyd edib ki, sualı konkret cavablandırsaq, münasibətin yaxşı olmadığını deyə bilərik. Bu gün ailələrdəki münaqişələr, kənardan yerli-yersiz müdaxilələr, cəmiyyətdə baş verən cinslərarası toqquşmalar belə bir təsəvvür yaradır ki, qadınla kişi bir-birinə düşmən kəsilib, ümumilikdə cəmiyyətdə qadınla kişi arasında bir yarışma var:
"Eyniyikmi? Bərabər olmalıyıqmı? Kim qalib çıxacaq bu yarışdan? Sanki insanlar bu suallara dəqiq cavab ala biləcəklərini düşünürlər. Doğrudur ki, biz artıq patriarxal cəmiyyətdən uzaqlaşmışıq. Elə yaşadığımız şəhər mühitini götürsək, kişinin "ovçuluq” dövrü çoxdan başa çatıb. Kapitalizmin şərtləri ilə yaşayan ailələrdə qadın da kişi ilə bərabər işləyir, qadının yükü ikiqat artıqdır. Çünki o həm işləyir, həm anadır, evin bütün işləri onun üzərindədir. Belə olan halda o kişi ilə evdə də vəzifə bölgüsü aparmaq istəyir, özünə kömək axtarır. Bunu tapmayanda ya məyus olaraq küskün, içinə çəkilmiş, həyat yoldaşından mənəvi olaraq uzaqlaşmış hala gəlir, ya da mübahisələrlə, dava-dalaşla çıxış yolu axtarır.
"Biz patriarxallıqdan uzaqlaşmışıq, amma tam tərk etməmişik"
Kişilər də qadının ona dəstəyini real olaraq görürlər, dəstəkləyirlər. Lakin onlar testesteron səbəbi ilə daha aqressivdirlər, fiziki olaraq daha güclüdürlər və böyüdükləri mühitdə gördüklərini bugünki həyatlarına gətiriblər. Biz onları dəyişməyə çalışmaqla insanlığın təbiətini dəyişməyə çalışmış olarıq. Əlbəttə, bütün insanların dərketmə, dünyanı qavrama səviyyəsi eyni deyil. Ən adi məsələni güc yolu ilə həll etməyə çalışan kişilər bu baxımdan zəif olanlardır.
İnsan olaraq hər bir fərd özəldir, xüsusidir. Bir insanın eyni olan digər insan yoxdur, hətta əkizlər belə eyni deyillər. Bəs niyə qadının kişiylə eyni olmasını bu qədər vurğulamağa çalışırıq?"
Rübabə Mərdanova hesab edir ki, eynilik sözü gözə xoş gəlir, ancaq hər eynilik ədalətli olmaya bilər:
"Bir qadını tikintidə işləməyə məcbur etməklə, bir kişiyə uşaq baxıcılığı tapşırmaqla nə dərəcədə ədalətli davranmış olarıq? Əlbəttə, istisnalar hər zaman var. Dediyim işləri görən qadınlar və kişilər var, ancaq bunu hamıya şamil etmək olmaz. Kişi və qadının bir-birini anlaması, ev işlərində mümkün olduğu qədər bir-birinə dəstək olması, məsuliyyət hiss etməsi həmişə təqdrəlayiqdir. Anlayış, cinsindən asılı olmayaraq bir insana xas ən müsbət duyğudur".
Həmişə istifadə etdiyim bir müdrikin fikri var: "Qadınla kişinin eyni olduğunu sübut etməyə çalışmaq, bir ayaqqabının iki cütünü tərsinə geyinməyə bənzəyir. Belə olduqda isə ayağa da yazıq olur, ayaqqabıya da”.
Psixoloq bildirib ki, qadın və kişi bir-birindən çox fərqlənən iki cinsdir. Onlar ancaq bir bütövü tamamlamağa çalışdıqda konstruktiv ola bilrlər, mübarizə və yarışma içərisində isə özlərindən uzaqlaşırlar və yalnız destruktiv ola bilirlər. Nə qədər ki, bu iki cins arasında ahəng pozulacaq, onlar ayrı-ayrı dillərdə danışacaqlar:
"Bəzən elə fikirlərə rast gəlirəm ki, qadının ana olmasını çox primitiv bacarıq hesab edirlər. Bu fikri kişilər də, qadınlar da səsləndirir. Lakin ana olmaq o qədər müqəddəsdir ki, təkcə bu böyüklüyün, yaradıcılığın fərqinə varmaqla, qadın nə qədər yüksəkdə olduğunu anlaya bilər. Görünən fərqlər arasında böyüyü qadının hamiləliyi, uşaq dünyaya gətirməsi olsa da, saymaqla bitməyən fərqlərimiz var. Kişilərlə hüquq bərabərliyimiz var və olmalıdır. Bunu pozmaq, qadın olduğu üçün bir insana yuxarıdan aşağı baxmaq böyük tərbiyəsizlikdir. Bərabərik, lakin eyni deyilik. Bunu anlasaq, münasibətlərimiz də qaydasına düşəcək".
Ailələrdə şiddət halları, səbəbləri və həlli
Psixoloq bildirib ki, kişinin ailəni maddi cəhətdən istədiyi kimi təmin edə bilməməsi və bu məsuliyyətin altında əzilməsi, qadının daha çox sosiallaşması, evə qazanc gətirməsi və bunu da deməsi, ailəyə üçüncü tərəflərin müdaxiləsi və s. kimi çox səbəblər şiddətə vəsilə ola bilər.
"Şiddət fiziki, cinsi, psixoloji ola bilər. Daha çox qadınlar şiddətə məruz qalsa da, şiddət görən kişilər də var. Burada insanın xarakteri, psixoloji sağlamlığı və formalaşdığı mühit böyük rol oynayır".
K.Yunqun kollektiv şüuraltı anlayışından sitat gətirən psixoloq qeyd edib ki, bizim cəmiyyətin bu anlayışı qadını ailədə, məişətdə görməyi qəbul edib, onun inkişafını hələ də birmənalı qəbul etmir:
"Hər bir şiddət hadisəsində məsələ fərdi xarakter daşıyır. Kənardan dediyimiz hər fikir hadisəni doğru anlatmaya bilər. Kişinin yalnız fiziki gücə sahib olması və dar düşüncələri istənilən konflikti zor gücü ilə həll etməsinə zəmin yaradır. Onun şiddət görərək böyüməsi, böyüdüyü ailədə ananın şiddətə məruz qalması və s. travmalar qadına münasibətini yanlış şəkildə formalaşdırır ki, bunun fiziki güclə əlaqəsi yoxdur”.
Ailədə valideynlik sənəti
Rübabə Mərdanova bildirib ki, bu gün gördüklərimiz nəticələrdir. Səbəbi aradan qaldırmaq üçün diqqətimizi ailələrdə uşaq tərbiyəsinə yönəltməliyik. Bunun üçün valideynlik sənətinə yiyələnmək lazımdır:
"İnsan qarşısındakı insanın psixotipini, xarakterini öyrənərək ona yanaşmanı müəyyən edə bilər. Bizə xoş gələn ən sadə nəsnə, qarşımızdakını qıcıqlandırır, əgər bununla bağlı məlumatlıyıqsa, dil tapa bilirik. Ailədəki hər mübahisəni konflikt saymamalıyıq, sadə mübahisələr insanların bir yerdə yaşaması, psixoloji dözüm səviyyəsinin artması üçün qaçınılmazdır. Hər xırda söhbəti ailədən kənara çıxarmamalıyıq. Ən əsası kişini kişi, qadını qadın kimi qəbul etməliyik. Oşho deyirdi ki, kişilər həqiqətin boğazından yapışmağa çalışır, qadın onun ayaqlarına düşür. Bu qadın və kişinin hadisəyə yanaşma tərzini göstərir. Hər birimiz özümüz ola bilsək, insanların şəxsi məsafəsinə, sərhədlərinə hörmət edə bilsək, şiddət halları da daha az olacaq. Şiddətə qarşı mübarizə apardıqca, çoxalacaq, ona gedən yolda səfərbər olmalı, emosional intellekti yüksək olan, öz hisslərini və qarşısındakı insanın hisslərini anlamağı bacaran, hisslərini idarə edə bilən insanlar yetişdirməliyik”.
Cəmiyyətimizdə gender bərabərsizliyi və sosial diskriminasiyadan danışan sosioloq Sahib Altayın fikrincə, bizim baxış tərzimiz heç vaxt bir avropalının qadına baxış tərzi kimi olmayıb. Bizdə bu daha yumuşaq, daha liberal olub:
"Azərbaycanda mental təfəkkür hökm sürür. Bu təfəkkürə görə birmənalı olaraq, əxlaq anlayışı qadının üzərinə yüklənir. Əlavə etməliyəm ki, bu gün cəmiyyətimizdə gender bərabərliyinə aid mövzulara, problemlərə istər televiziya, istər internet, istərsə də radiolarda toxunulur, bu məsələ də əsas kimi isə mental dəyərləri göstərirlər”.
Sahib Altay bildirib ki, qadının iqtisadi azadlığının olmaması onun cəmiyyətdə, ailədə əzilməsinə gətirib çıxarır:
"Qadının iqtisadi azadlığının əksər hallarda olmaması da elə bu bərabərsizliyə gətirib çıxardır”.
Əsas problem - hüquq prinsipləri
Bizdə əsas problem, qadın və kişi olaraq istər şəxsi həyata, istərsə də ictimai-sosial fəaliyyətə hüquq prinsipi ilə yanaşılmamasıdır. Məişətdə əzilən qadın öz hüquqlarını bilib niyə təmin edilməsi üçün çalışmamalıdır? Çünki azərbaycanlının hüquq anlayışı fərqlidir. Sosioloq bildirir ki, kişili-qadınlı hüquq anlayışı, normal hüquq tələbi ilə yaşam tərzi olsa, insanlar öz hüquqlarnı dərk eləsə, məişətdə bu problemlər yaranmaz.
"Ən azından mental təfəkkür olsa belə, bilməliyik ki, qədimdə bizim türk toplumunda qadın və kişi bərabərsizliyi, məişət zorakılığı olmayıb”.
Sosioloqun fikrincə, mental təfəkkürü aradan qaldıra bilmərik, əksinə burda insanlar öz hüquqlarını bilib onu müdafiə etməlidir:
"İnsanlar hüquqlarının harda pozulduğunu dərk etməlidir. Buna görə də gender bərabərliyi formalaşmalıdır”.
Çoxalan boşanma hallarına da münasibət bildirən Sahib Altay bildirib ki, insan bütün sosial problemləri özü yaradır və hətta onlara problem adını da özü verir:
"Biz hər hansı bir problemi tarixboyu tək Azərbaycan toplumu kimi yox, elə dünya olaraq da aradan qaldıra bilməmişik. Ortaya fəlsəfə, din, sənət girib, amma yenə də sosial problemləri tamamilə ortadan qaldırmaq mümkün deyil. Ancaq öncə problemlə mübarizə aparmağı öyrənməliyik. Əvvəl problemi yaradan səbəbləri qəbul etməyi öyrənməliyik".
Sosioloq bildirib ki, dünyada insan sayı nə qədər çoxdusa, bu problem də o qədər çoxdur deməkdir:
"Boşanmaların sayının çox olmasına səbəb ailələrin də sayının artmasıdır. Öncə insan sayı rol oynayır. Nə qədər çox insan olsa, nə qədər çox nikah bağlansa, bir o qədər də boşanmalar olacaq.
İnsan sayından əlavə boşanmaya səbəb olan problemlərdə artıb: Hələ də mental təfəkkürün hökm sürməsi, bəzi əyalətlərdə erkən nikah, məcburi evlilik, qohum evliliklərinin fonunda erkən nikah, gənc ailələrdə maddi sıxıntının olması bu gün boşanmaları artıran səbəblərdn biridir. Gənc yaşda evləndirilən şəxs özünü dərk edəndə evli olduğu şəxslə uzlaşmadığını, sevmədiyini görəndə boşanmaq istəyir".
Boşanma hallarını formalaşdıran səbəblərdən da danışan sosiloq bildirib ki, sahib olduğumuz ailə modelini Azərbaycan qadınının, kişisinin fədakarlığı və mental məcburiyyət formalaşdırır:
"Qadının üzərinə məcburiyyət qoyulub ki, sən ata evindən çıxıb getdinsə, ər evindən ancaq kəfənli çıxa bilərsən. Boşanmaq qətiyyən olmaz, ailə qorunmalıdır. Bu gün 90-ci illərdən fərqli olaraq ölkə insanın sosial rifahında çox dəyişiklik olub. Qadınların ictimai həyata daha çox atılması, işləyən qadının iqtisadi azadlığının olması bəzi hallarda boşanmaların gerçəkləşmisə gətirib çıxarır".
Sahib Altay onu da əlavə edib ki, öyrəşdiyimiz ailə modeli artıq öz təsirini itirir. İnsanlar sosial məsuliyyətdən, öhdəlikdən, məcburiyyətdən qaçırlar:
"Ailələrin sayını azaldan səbəb, qismən iqtisadi azadlığın yaranması və münasibətlərin daha çox qısa müddətli olmasıdır".
Bu mövzuda digər məsələ isə qadınların həm də ailədən cəmiyyətə inteqrasiyası üçün görülən işlər, gender bərabərliyini təmin edilməsi üçün atılan addımlardır.
Bununla bağlı Qaynarinfo-ya Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai öllkəmizdə gender bərabərliyinin təşviqi sahəsində görülən işlərdən danışıb. Sevinc Fədai qeyd edib ki, bu istiqamətdə atılmış mühüm addımlardan biri 2006-cı ilin dekabrında Milli Məclis tərəfindən "Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi olub:
"Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Əgər əvvəllər qadınlar müəllim, həkim və s. sahələrdə fəaliyyət göstərirdilərsə, indi qadınlar millət vəkili, təşkilat rəhbəri, müavin kimi vəzifələrdə də çalışırlar. Bu, o demək deyil ki, Azərbaycanda gender bərabərliyi tam olaraq təmin olunur. Ancaq bu istiqamətdə işlər, bərabərsizliyə qarşı mübarizə heç vaxt dayandırılmır. İstər dövlət siyasətinin tərkib hissəsi, istərsə də fərdi şəkildə qadın haqlarının qorunması istiqamətində mübarizə aparılır. Amma hələ də bu problemin mövcud olması onu göstərir ki, onun qarşısını alan təməl prinsiplər ciddi araşdırılaraq aradan qaldırılmayıb. Sırf bu prinsiplər hədəf alınmalıdır”.
Sevinc Fədai qeyd edib ki, gender bərabərsizliyinə qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, sənəd üzərində qalmayaraq tətbiqinə ciddi yanaşılması, onlarında fəaliyyətinə yol açır:
"Qeyd edim ki, biz həmişə istər dövlət işlərində, istərsə də özəl sektorlarda işlə təmin olunmada gender bərabərsizliyindən narahat olmuşuq. Ancaq son zamanlar, məncə, bu istiqamətdə də stereotiplər dağıdılır, gənc, peşəkar, bacarıqlı xanımlar faydalı olmaq üçün imkanlar, statuslar əldə etməyə başlayıblar. Biz isə ən elementar məqamlardan başlayaraq, qadınların aktivliyini artıraraq müsbət dəyişiklik əldə etmək istəyirik”.
Sevinc Fədai bildirib ki, QHT olaraq onlar bu istiqamətdə maarifləndirmə işləri aparmaqla, qadınları öz haqlarını tələb edəcək, gücünə inanacaq mərhələyə gətirməklə cəmiyyətə inteqrasiyasını təmin etmək üçün işlər görməyə çalışırlar:
"Bu mənada daha çox bölgələrə, ucqarlara üz tutaraq orada yaşayan xanımlarla, eləcə də onların həyat yoldaşları ilə görüşlər, söhbətlər təşkil etmək, mikromühitlərdə fikirləri dəyişməkdən başlamaq istəyirik. Qadınların bilik və bacarığını inkişaf etdirmək üçün təlimlər, kurslar təşkil etməyi düşünürük. Qadınlar üçün özünüinkişaf proqramları tətbiq etmək və məsləhətçi qruplar yaradaraq sağlam düşüncə formalaşdırmaq, insanların həyat tərzinə, ailə münasibətlərinə, ünsiyyətinə problem yaradan səbəblərdən xilas etmək kimi planlarımız var”.
QHT rəhbəri qeyd edib ki, əslində, hər kəs öz hüququnu bilib, müdafiə etsə, gender bərabərliyi uğrunda mübarizə aparmış olacaq:
"Beləliklə, biz kişilərə qarşı savaş açmaqdansa, əvvəlcə o qadını, o ananı yetişdirməliyik. Çünki gender bərabərliyi birbaşa qadının fikir sahibi olması və onun ictimai aktivliyi ilə yaranır”.
Azərbaycanda geniş yayılmış gender problemi məişət zorakılığıdır
QHT rəhbəri qeyd edib ki, bununla tək və bir təşkilat olaraq deyil, əlaqədar təşkilatların birgə əməkdaşlığı, bütöv bir cəmiyyət olaraq mübarizə aparmalıyıq. Bu zaman hər hansı bir nəticə əldə edə bilərik:
"Xüsusilə dövlətin məişət zorakılığının qarşısının alınmasına maraq göstərməsi, sosial islahatlar həyata keçirməsi önəmlidir. Məişət zorakılığının ailədaxili, şəxsi məsələ olduğu düşünülməməlidir və nəhayət, dövlət baş verən bu kimi zorakılıq hadisələrində məsuliyyət hiss etməli, məsələyə müdaxilə etməlidir. Məsələn, əgər zorakılıq qurbanı olan qadın polisin zorakılığı dayandıracağına və ya zorakı şəxsin törətdiyi əməllərə görə layiqincə cəzasını alacağına ümid edərək polisə şikayətə gəlibsə, polis onu şikayət etmək haqqından yayındırırsa, onu yenidən həyati təhlükəsi olan evə yola salırsa, bu artıq qanunların işləmə mexanizimində problemin olması deməkdir. Məişət zəminində baş verən qətllərə belə gətirib çıxarır. Buna görə də dövlət bilavasitə hüquq mühafizə sisteminin işinin yaxşılaşdırılması, onların məişət zorakılığı və onun qarşısının alınmasındakı rolları haqqında təlimatlandırmalıdır. Məişət zorakılığında zərər çəkmiş şəxslərə dəstək üçün lazımi sosial işin təşkili üzrə dövlət səviyyəsində tapşırıqlar olmalıdır. Dövlət dəstəyi və qeyri-hökumət təşkilatlarının təşəbbüs və təşkilatçılığı ilə ölkədə qadın sığınacaqlarının sayı artırılmalıdır. Qeyri-hökümət təşkilatları, sığınacaqlar, hüquq-mühafizə orqanları, psixoloji və hüquqi mərkəzlər bu məsələ ilə bağlı əlaqədə olmalıdır. Bu bütövlüyü və əməkdaşlığı təmin edəcək proqramların yaradılmasında və onların icrasına nəzarətdə dövlətin iştirakı və ya bunun üçün şərait yaratması problemin həllinə kömək etmiş olardı”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər