Xəbər lenti

Türk dünyasının yaxınlaşmasından Kreml niyə narahatdır? (ŞƏRH)
Siyasət 20:46 08.10.2025

Türk dünyasının yaxınlaşmasından Kreml niyə narahatdır? (ŞƏRH)

"Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsi, vahid məqsədlər naminə birləşmələri qloballaşan dünyada zamanın tələbidir və bunun özü də regionda sülhə, əmin-amanlığa xidmət edir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə səslənən və sülhə xidmət edən bəyanatların Kremlə bağlı media strukturlarında narahatlıq doğurmasını şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, hazırda dünyada ərazi, siyasi, iqtisadi və hərbi coğrafiyada ciddi kordinal dəyişikliklər baş verir:

"Bu dəyişikliklər də dünya üçün yaxşı heç nə vəd etmir. Bir sıra dövlətlər müsəlman ölkələrinə qarşı aqressiv fəaliyyətini daha da genişləndirir. Onlar məsələn, İraqı dağıtdılar. Səddam Hüseyndən sonrakı İraq artıq xaraba bir ölkədir. Bu mənada yaranmış situasiya türk dövlətlərinin də üzərinə böyük məsuliyyət qoyur".
 


İbrahim Rüstəmli qeyd edib ki, Azərbaycanın balans siyasəti öz müsbət nəticələrini verir:

"Məlum təyyarə hadisəsindən sonra Azərbaycanla Rusiya arasında ciddi problemlər yaşanır. Halbuki Azərbaycan daim regionda balanslaşmış siyasət həyata keçirib. Bu siyasətin nəticələri də göz önündədir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin  paraflanması, İran prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri və burada verdiyi bəynatlar, bütün bunlar Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasətin nəticəsidir. Azərbaycan bölgədə sülh istiqamətində  əhəmiyyətli, nəticəli addımlar atır".

Həmsöhbətimiz deyir ki, TDT-nin vahid hərbi məxrəcdə birləşməsi ideyası heç də Rusiyaya qarşı yönəlməyib: 

"Rusiyada şovinistlər Azərbaycana qarşı təhdid dolu çıxışlarla gündəmə gəlirlər. TDT-ya üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsi, vahid məxrəcdə birləşmələri qloballaşan dünyada zamanın tələbidir. Bunun özü də regionda sülhə, əmin-amanlığa xidmət edir. Bu birliyin Rusiyaya qarşı təhdid, hədə kimi qəbul olunması qeyri-mümkündür. Kreml Azərbaycana onun layiq olmadığı münasibəti göstərir. Türk dünyasının vahid hərbi struktura çevrilməsi prosesinə başlanılıb. Bu, zamanın tələbidir, zərurətdir, aksiomadır. Çünki onun yaranmasını özünü hegemon dövlətlər kimi təqdim edən ölkələrin hərəkətləri vadar edir. Məhz bu kimi yersiz hərəkətlərin nəticəsi olaraq belə ideyalar meydana çıxır. Amma bununla belə TDT-nin vahid hərbi struktura malik olması nə Rusiya, nə Ermənisitan, nə də Gürcüstan üçün heç bir təhdid rolunu oynamır. Azərbaycan sadəcə olaraq, özünü və özünün simasında Cənubi Qafqazın sabitliyini, dincliyini qorumaq üçün bu məsələdə daha aktivdir".
 


Qeyd edək ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Kremlə bağlı media strukturlarında açıq narahatlıq doğurub. Rusiya mətbuatı panika içində Azərbaycan və Türkiyə liderlərinin sammitdəki çıxışlarını, həm də bu sammitin özünü "anti-Rusiya manifesti" kimi təqdim edir. 

Moskva nəşrləri yazır ki, Türk Dövlətləri Təşkilatı (TDT) artıq "mədəni klub" olmaqdan çıxıb, geosiyasi subyektə çevrilir və "vahid hərbi struktur"un yaradılması istiqamətində real addımlar atılır. Kremlə yaxın "Telegram" kanalları Azərbaycanı və Türkiyəni "Turan ordusu" ideyasını reallaşdırmaqda ittiham edir. 

Rusiya Müdafiə Nazirliyinə bağlı "Caucasar | Rybar" səhifəsində yayımlanan təhlildə "Türk hərbi inteqrasiyası Azərbaycanın təşəbbüsü ilə doğulub" ifadəsi açıq şəkildə yer alıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->