Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib. Artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlayn aviabilet alışı prosesini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi "digital.login” vasitəsilə də yerinə yetirmək mümkündür.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, digər bir yenilik odur ki, sərnişinin "digital.login” və ya "SİMA İmza” ilə verifikasiya prosesini keçdikdən sonra təyyarə biletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək kifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatları növbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışı prosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şərait yaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.
Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyi zaman yalnız bir nəfərin şəxsiyyətinin "digital.login” vasitəsilə təsdiq edilməsi yetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcə doğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.
Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığının artırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsal həllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internet saytı və mobil tətbiqinə "SİMA İmza” inteqrasiya olunub. Bundan əlavə, sözügedən istiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.
Daha bir mühüm addım Naxçıvan aviabiletlərini kassalarda İRİA tərəfindən təqdim olunan "mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.
Şərhlər