XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ölkə19:11 20.09.2026

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

2023-cü ilin 18 sentyabr gecəsi. Namazın sükutu, Quranın sədası... Bir anda gələn komanda: antiterror əməliyyatına hazırlıq.

Dua bitdi, hazırlıq başladı. Komandirlər toplandı, şəxsi heyət təlimatlandırıldı, silahlar və mövqelər yoxlanıldı. Gecə son hazırlıqlarla geridə qaldı. Səhər açıldı və hərəkət başladı.

Komanda qısa idi: “İrəli!”

3 il əvvəl 19 sentyabr səhəri başlayan həmin yol 23 saat 43 dəqiqə sonra Xankəndidə tamamlanacaqdı.

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Amil Mustafayev AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin anları belə xatırlayır:

“İstiqamətimiz Xankəndini müdafiə edən postların ələ keçirilməsi idi. Hansı ki, bununla Xankəndi tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçəcəkdi.

Vətən müharibəsi bizə göstərdi ki, elə ərazi relyefi var, orada nə pilotsuz uçuş aparatları, nə də ki artilleriya mərmiləri şəxsi heyətin köməyinə çatır. Orada şəxsi heyətin köməyinə çatan yalnız və yalnız onun iradəsi, döyüş əzmi və qələbəyə aparan ruhudur. Buna görə də Vətən müharibəsindən sonra xüsusi təyinatlıların hazırlığında sıx meşəlik və yüksək dağlıq ərazilərə xüsusi diqqət ayrılırdı.

Qarşıdakı ərazi də məhz belə idi – sıx meşəlik, yüksək dağlıq, sıldırım qayalıq, boş torpaqlı sahələr. Bəzi yerlərdə koordinat ötürmək belə mümkün deyildi.

Əgər bir döyüşçünün qələbəyə inamı yoxdursa, burada döyüşdən danışmaq mümkün deyil. Nə qədər silahın, texnikan olsa da, insanı döyüşdə irəli aparan yalnız onun qələbəyə olan inamıdır.

Gündüz vaxtı düşmənin ara boşluqlarından istifadə olunaraq sürətlə yüksək dağlıq əraziyə doğru hərəkət edilirdi. Düşmən Azərbaycan Ordusunun Xankəndi istiqamətində irəlilədiyini bilirdi, lakin dəqiq istiqaməti müəyyənləşdirə bilmirdi. Buna görə müxtəlif mövqelərə artilleriya atəşi açır, postlara əlavə qüvvələr göndərirdi.

Onlar düşünürdülər ki, bizi hər hansı bir yolla ləngidə bilərlər. Lakin bu, mümkün deyildi, çünki bizim iradəmiz, gücümüz onların iradəsindən və gücündən dəfələrlə artıq idi.

Lakin döyüş yolu itkisiz deyildi.

Düşmənin artilleriya mərmilərindən biri dəstənin istiqamətinə düşdü. Seymur Əlizadə şəhid oldu.

Bir komandir kimi çox sarsıldım və şəxsi heyətimin şəhid verməsi mənim üçün çox ağır bir hiss idi. Lakin mən komandir idim və irəliləməli idim. Çünki mənim tapşırığım Xankəndinin azad olunması, dədə-baba torpaqlarımızın özünə qaytarılması idi.

Şəhidin təxliyəsi təmin edildi və hərəkət davam etdirildi.

Qarşıya düşmənin gücləndirilmiş postu çıxdı. İki qrup həmin istiqamətə göndərildi. Müşahidə dronu ilə ərazi izlənilərək düşmənin atəş istiqamətləri müəyyənləşdirildi.

Düşmən möhkəmləndirilmiş postdan müqavimət göstərməyə başladı. Qərar gecikmədi: dərhal zərbə dronu hazırlansın və həmin doda tərəf çırpılsın.

Post ələ keçirildi. İki texnika və xeyli silah-sursat götürüldü. Əməliyyatın ilk mühüm nəticələrindən biri əldə edilmişdi.

Qarşıda isə Xankəndinin yüksəklikləri vardı.

Artıq Xankəndinin yüksəklikləri alındıqdan, postlar götürüldükdən sonra antiterror tapşırığımız bitmiş hesab olunacaqdı. O nöqteyi-nəzərdən mənim daha sürətli və çevik olmağım lazım idi.

Şəhərə yaxınlaşdıqca müqavimət gücləndi. Şəxsi heyətə “durmaq olmaz, ancaq irəli” əmri verildi. Elə bu zaman postlardan geri çəkilən düşmən qüvvələri dəstəni arxadan çevrələməyə çalışdı. Döyüş iki istiqamətdə davam edirdi.

Həmin an düşmən dronlarından biri başımın üzərində partladı. Qəlpə başıma dəydi. Vətən müharibəsində başımdan aldığım güllə yarasından sonra bu, ikinci belə yara idi. Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə, şəxsi heyətin xəbəri olmasın, döyüşü sən idarə elə.

Bir müddət sonra özümə gəldim, rabitəni əlimə aldım və əmr verdim: “İrəli, Xankəndi yüksəkliyi alınmalıdır”.

Yüksəklik ələ keçirildi və komandanlığa məruzə edildi.

Bu mərhələdə əsas tapşırıq ərazinin mühafizəsini və mülki əhalinin təhlükəsizliyini təmin etmək idi. Şəxsi heyətin bir hissəsi evlərin yaxınlığında mühafizə üçün yerləşdirilməli idi. Bu zaman düşmən tərəfindən evlərdə mülki şəxslərin olduğu barədə xəbər gəldi. Dedilər ki, evin içində bizim anamız-bacımız var. Xahiş edirik, evlərə yaxın gəlməyin. Düşmənin xain niyyətinə bələd olduğumdan şəxsi heyətə arxa tərəfə keçərək mövqelənməyi tapşırdım. Az sonra 10-12 nəfərlik düşmən qrupu evlərdən çıxaraq itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçdi.

Hücum dəf edildi. Ancaq döyüşdə şəxsi heyətdən Hacıəli Qasımov ağır yaralandı. 129 gün komada qaldıqdan sonra şəhadət zirvəsinə ucaldı.

Bundan sonra komandanlıqdan son göstəriş gəldi: mövqelər qazılmalı və Xankəndi tam nəzarətə götürülməli idi. Tapşırıq yerinə yetirildi.

23 saat 43 dəqiqəlik əməliyyat nəticəsində 32 ildən sonra Azərbaycan Ordusu Xankəndiyə ayaq basdı. Bu, ifadəolunmaz dərəcədə fərqli hisslər idi.”

11 ili Xüsusi Təyinatlı Qüvvələrdə olmaqla 16 il Azərbaycan Ordusunda xidmət edən Amil Mustafayev üçün bu, ən yaddaqalan anlardan biri olub: “Bu xidmətim dövründə Aprel döyüşləri və antiterror əməliyyatına kimi bir çox döyüş və tapşırıqlarda iştirak etmişəm. Vətənimin ərazi bütövlüyü və suverenliyinin bərpasında payımın olması mənim üçün çox qürurverici bir hissdir”.