XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sentyabr əməliyyatı Azərbaycanın sülh masasındakı mövqeyini necə dəyişdi? (ŞƏRH)
Siyasət09:00 20.09.2026

Sentyabr əməliyyatı Azərbaycanın sülh masasındakı mövqeyini necə dəyişdi? (ŞƏRH)

İlqar Vəlizadə: Antiterror əməliyyatından sonra Azərbaycanın diplomatik addımları Vaşinqton sazişinə gətirib çıxardı

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı regionun siyasi mənzərəsində köklü dəyişiklik yaradıb. Əməliyyat nəticəsində Azərbaycanın Qarabağ üzərində suverenliyi tam bərpa olunub və bölgədə uzun illər fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna son qoyulub.

Bununla da Azərbaycan-Ermənistan münasibətlərində yeni siyasi reallıq yaranıb və tərəflər arasında sülh gündəliyinin formalaşması üçün yeni mərhələ başlayıb.

Sonrakı iki il ərzində Bakı ilə İrəvan arasında danışıqlar intensivləşib və sülh prosesində bir sıra mühüm irəliləyişlər əldə olunub. Bu prosesin mühüm mərhələlərindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin razılaşdırılmış mətnini paraflaması olub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə deklarasiya da imzalayıblar.

Bəs 2023-cü ilin sentyabrından sonra formalaşan yeni siyasi reallıq Azərbaycanın sülh danışıqlarındakı mövqeyinə necə təsir edib? Vaşinqtonda sülh sazişinin paraflanmasına qədər Bakı hansı diplomatik nəticələrə nail olub və bu addımlar sülh prosesinin irəliləməsinə necə təsir göstərib?

Qaynarinfo bu suallarla bağlı siyasi şərhçi İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı regionda bundan sonrakı siyasi proseslərin istiqamətinə birbaşa təsir göstərib:

“2023-cü ilin sentyabr ayında baş verən antiterror əməliyyatlarının nəticəsi olmasaydı, yəqin ki, ondan sonrakı hadisələr də olmazdı”.

Siyasi şərhçi qeyd edib ki, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilsə də, Qarabağda separatçı rejimin mövcudluğu və üçtərəfli bəyanatın icrası ilə bağlı problemlər qalmaqda idi:

“İkinci Qarabağ müharibəsi Azərbaycanın xeyrinə bitmiş, Ermənistan ordusunu darmadağın etmişdik, konkret şərtlərlə üçtərəfli saziş bağlamışdıq. Lakin Ermənistan tərəfi bu sazişə əməl etməyə tələsmirdi və Azərbaycan ərazilərində hələ də separatçı rejim destruktiv fəaliyyət göstərirdi”.

Onun sözlərinə görə, separatçı rejimin fəaliyyətini davam etdirməsi yaranmış yeni geosiyasi reallıq fonunda vəziyyəti daha da mürəkkəbləşdirirdi:

“Hətta daha da təhlükəli idi. Çünki onlar yeni geosiyasi reallıqlarda öz fəaliyyətlərini davam etdirirdilər. Sanki bu rejim yeni geosiyasi reallıqlara uyğunlaşmaq istəmirdi”.

İlqar Vəlizadə hesab edir ki, antiterror əməliyyatı separatçı rejimin fəaliyyətinə son qoyulmasına və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpasına imkan verib:

“Əlbəttə ki, antiterror əməliyyatı bu rejimin, separatçılığın kökünü kəsdi”.

Siyasi şərhçi bildirib ki, antiterror əməliyyatından sonra Azərbaycanın qarşısında siyasi və hüquqi müstəvidə həllini gözləyən bir sıra məsələlər qalıb:

“Biz istədiyimiz nəticəyə nail olduq. De-fakto məqsədlərimizə çatsaq da, siyasi və hüquqi müstəvidə hələ bir çox problemlər ortada idi”.

Onun sözlərinə görə, sonrakı mərhələdə Azərbaycanın atdığı diplomatik addımlar sülh prosesinin irəliləməsinə şərait yaradıb:

“Bizim bu uğurdan sonra diplomatik addımlarımız Vaşinqton sazişinin ərsəyə gəlməsinə gətirib çıxarmışdı”.

İlqar Vəlizadə vurğulayıb ki, antiterror əməliyyatı regionda sonrakı siyasi proseslərin formalaşması üçün əsas şərtlərdən birini yaradıb:

“Antiterror əməliyyatları olmasaydı, reallıq da fərqli olardı və Vaşinqton sazişi gerçəkləşməyəcəkdi”.

Siyasi şərhçi əlavə edib ki, son illərin təcrübəsi Azərbaycanın regionda gedən proseslərə təsir imkanlarının olduğunu göstərir:

“Son illərin təcrübəsi də onu göstərir ki, bu yeni reallıqları biz - Azərbaycan, öz addımlarımızla müəyyən edirik. Düşünürəm ki, bu minvalla da hadisələr davam edəcək. Çünki biz təsir göstəririk ki, hadisələr məhz bu yöndə inkişaf etsin və bunun üçün də həm diplomatik, həm siyasi, həm də iqtisadi resurs bazamız var”.

Günay İlqarqızı