Xəbər lenti

Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... (ŞƏRH)
Siyasət 13:23 01.10.2024

Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... (ŞƏRH)

"Bəziləri Naxçıvanı Azərbaycanın zəif bəndi hesab edirlər. Naxçıvanın Azərbaycanla birbaşa quru sərhədi olmadığından və sistemdən kənar kimi düşünüldüyünə görə ona zəif bənd kimi baxa bilərlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri son günlər Ermənistanın ardıcıl olaraq məhz Naxçıvan istiqamətindən atəşkəsi pozması cəhdlərinə münasibət bildirərkən deyib.

"Amma yanılırlar. Naxçıvanda yerləşən əlahiddə korpus çox güclüdür. Naxçıvanın həm Azərbaycan, həm də Türkiyə üçün həssas nöqtə olduğu da bəllidir. Məhz həssaslıq nöqteyi-nəzərdən törədilən təxribatlar Azərbaycana və Türkiyəyə təzyiq xarakteri daşıyan mesajlar da ola bilər", deyə Natiq Miri bildirib.

Ekspertə görə, bu təxribatların arxasında Moskva da dayana bilər:

"Digər tərəfdən, Ermənistanın məhz Naxçıvan istiqamətində olan hərbi qüvvələri arasında Rusiyameylli hərbçilər hələ də çoxdur. Ona görə də istənilən zaman Moskvadan gələn sifarişlər əsasında belə təxribatlara əl atırlar". 
 


Həmsöhbətimiz düşünür ki, Naxçıvan istiqamətində atəşkəsin tez-tez pozulması həmçinin gələcək siyasi niyyətlərdən də xəbər verə bilər:

"Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı birgə İşçi Qrupu mövcuddur. Onlar da əsas nüansları razılaşdırıblar".

Natiq Mirinin fikrimcə, Qazaxın işğaldakı 4 kəndinin qaytarılması, delimitasiya və demarkasiya prosesi bitdikdən sonra yeni bir mərhələyə ehtiyac var:

"Hansısa ərazidə növbəti delimitasiya və demarkasiya prosesi başlamalıdır. Bu da Naxçıvan ərazisi ola bilər. Belə vəziyyətdə atəşkəsin pozulması ictimai rəy üçün hesablanmış addım da ola bilər. Çünki daim atəşkəs səslərinin eşidilməsi həmin bölgədəki erməniləri qorxu işində yaşamağa məcbur edir. İctimai şüurda məsələnin birdəfəlik həll edilməsinə zəmin yaradırlar. Yəni Kərki kəndinin geri qaytarılmasına ictimai rəydə zəmin hazırlığının getdiyini düşünürəm".

Qeyd edək ki, son günlər Ermənistan yenidən Azərbaycanla sərhəddə təxribatlara əl atır. Bu fonda ermənilər xüsusən də Naxçıvan istiqamətində atəşkəsi pozurlar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin  bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki  mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək  rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı  silahlardan atəşə tutub. Bundan iki gün öncə, sentyabrın 26-da saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->