Ölkə 17:50 04.12.2023

Nazir bu fikirləri niyə səsləndirib? - Təhsil eksperti şərh edir

"Nazirin bu fikirləri, bu açıqlaması ümumi konteksdən çıxarılıb".

Bu sözləri Qaynarinfo-ya təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov bu gün elm və təhsil naziri Emin Əmrullayevin özəl bağçalarla bağlı səsləndiridiyi fikirləri şərh edərkən deyib.

"Nobel mükafatçısı Alber Kamyunun belə bir sözü var: "Aydın yazanların oxucuları, qaranlıq yazanların şərhçiləri var". Bu mənada hesab edirəm ki, nazirin "valideyn hansısa özəl bağçadan narazıdırsa, övladını həmin bağçaya göndərməyə bilər" açıqlaması ümumi kontekstdən çıxarılaraq, "valideyn hansısa bağçadan narazıdırsa, övladını göndərməyə bilər" şəklində təqdim edilməsi bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən düzgün dəyərləndirilməyib.
 
Bu fikirlər müəyyən qınağa səbəb olaraq bəzi şəbəkələrdə Emin Əmrullayev uşaqlarımızı özəl bağçaya göndərir və s. kimi şərhlərə, sayt başlıqlarının yer almasına rəvac verib. Burda isə nazirin o əlavəsi də nəzərə alınmalı idi ki, problem daha çox valideynin arzu etdiyi bağçadakı boş yerlərlə bağlı yaranır. Bağçalar sovet vaxtlarında tikildiyindən ətraf ərazilərdə çoxlu evlər inşa olunub. Hazırda həmin bağçanın qrup sayı əhalinin say artımına uyğun gəlməyə bilər. Və bu hal reallıqda da belədir. Hələ 2013-cü ildə ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilmişdi ki, "Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsilləda əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır", deyə Nadir İsrafilov bildirib.



Ekspert deyib ki, ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur:

"Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunulan məsələlərdən biri də uşaq bağçası problemi olub. Belə ki, Preziden İlham Əliyev bildirmişdi ki, yeni tikilən, xüsusilə sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Baxmayaraq ki, nazirin də vurğladığı kimi, hazırda ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692-si dövlət bağçasıdır. Orada 126 mindən çox uşaq tərbiyə alır, bununla belə bağça defisiti hələ də bir çox valideyn üçün problem olaraq qalmaqdadır. 5124 uşaq olan 133 özəl bağça var ki, oradakı qiymətlər böyük çoxluq üçün o qədər də əlçatan deyil. Ona görə də bağçalarla əlaqədar istər nazirin açıqlaması, istərsə də bu ətrafda yaranan narazılıqlar təbii qəbul edilməlidir. Yəni, istər-istəməz razılaşmaq zorundayıq ki, "uşaqların bağçalara gəlməsini çoxaltmaq əsas istək olsa da, bağçalara uşaqların cəlbinin icbariliyi yaxın gələcək üçün mümkün deyil. O ki, qaldı "konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur” ifadəsinə - xalqın son ümidi həmişə dövlət olub, bundan sonra da dövlət olaraq qalacaq".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev özəl bağçalarla bağlı narazılıqla əlaqədar sualı cavablandırarkən valideynin özəl bağçadan narazılığı varsa, övladını həmin bağçaya göndərməyə biləcəyini deyib. O bildirib ki, kimlərinsə arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur:
 
"Bunun üçün hansısa cəzalandırma mexanizmi yoxdur. Dövlət cinayət, inzibati pozuntu olduğu zaman müdaxilə edə bilir. Lakin iki valideyn, şəxs arasındakı münaqişəni dövlət həll edə bilməz".
 
Günay İlqarqızı