İdman 17:59 23.12.2022

"Neftçi" 2022-ci ili qələbə ilə başa vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Qaynarinfo xəbər verir ki, açılış oyununda "Neftçi" "Şamaxı"nı qəbul edib. "Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 3:0.

Hesabı 41-ci dəqiqədə İsmayıl Zülfüqarlı açıb. 21 yaşlı yarımmüdafiəçi kapitan Emin Mahmudovun ideal ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Digər qol 52-ci dəqiqədə vurulub. Qonaqlardan Fuad Bayramov topu öz qapısından keçirib. Qarşılaşmada son nöqtəni isə paytaxt təmsilçisinin gənc futbolçusu Ağadadaş Salyanski qoyub. O, 89-cu dəqiqədə rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Bu qələbədən sonra xallarını 38-ə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 13 xalı olan "Şamaxı" isə 7-ci sırada qalıb.

Günün digər oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, ilin son turunun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" matçıarı dekabrın 24-də, "Zirə" - "Kəpəz" görüşü isə dekabrın 25-də gerçəkləşəcək.