Xəbər lenti

Onda, Sənin toyun mübarək!
Məqsəd Nur
Ölkə 21:03 26.06.2024

Onda, Sənin toyun mübarək!

Bir-birimizə o qədər calaqlanmışıq ki, hər hansı qanun layihəsilə, əlbəttə, komfort zonamızdan qopası deyilik. Necə ki, Milli Məclisdə oturan deputatların əksəriyyətində qan qohumluğu dominantdır, bütün ölkədə də az qala iki nəfərdən biri yaxınca əqrəbadır.
 
Əslində bütün bu adətlər çox qədimdir, dinlərin və siyasətin tərkib hissəsi olmaqla bərabər, sosial-iqtisadi mahiyyət daşıyır. Qohum evliliklər, əsasən, ortaq maraqlar, bəzən də qaçılmaz zərurətlər üzündən baş verib: burada sevgi, istək ən axırıncı sırada dayanır.
O gün ictimai rəy sorğularından birində gənc qız belə sual verdi: "Bəs qohum gənclər bir-birini sevsələr, necə olacaq?" Cavab budur ki, qanun qaratikan kolu kimi araya girəcək.
 
Bəlkə də, bu qadağa (qanun) altşüuri bir istək (instinkt) trendi əmələ gətirəcək? Axı gənc nəsil həm də böyüklərin qurduğu tabuları dağıtmaqla yeni bir dövr yaradır.
 
Bəlkə də, yeni, "Əsli və Kərəm" tipli dastanlar yaranacaq: dini, milli, etnik mahiyyətlər unudulub eyni tayfanın iki gənci arasındakı eşq hekayəsinə dönəcək? Axı biz bu tipli faciələri körükləməyə meyilliyik. Məsələn, toy bizim ən başlıca ritualımızdır, cənubumuzda hələ də "necə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!" sitəmi aktualdır. Bu işi körükləyə biləcək o qədər faktorlar və dişini qıcayıb gözləyən gizli qüvvələr var ki, əminəm, bir xəta çıxarmağa çalışacaqlar. Amma...
 
Nənəm nənəsinə istinadən deyirdi ki, bizim tayfa Murovu aşıb Qozlu dərəyə (Kəlbəcər rayonunun Zülfüqarlı kəndində ərazi) çatanda ala yaz idi. Söhbət 1804-05-ci illərdən gedir. Bütün başıpapaqlılar (həddi-büluğa çatmış kişilər) rus qoşunu ilə Gəncə ətrafında gedən döyüşlərdə həlak olmuşdu. Nəsildə 12 yaşında oğlanlar, qızlar və qadınlar qalmışdı. Yaxın ətrafda kənd-kəsək, daimi insan məskəni yox idi. Bəs sonra nə oldu? Həmin 12 yaşında olan oğlanlar bir az böyüyüb öz yaxın qohumları olan qızlarla evləndilər və beləcə, nəsil artmağa başladı. Nə edə bilərdilər? Üstəlik, hər tərəfdən gələ biləcək təhlükələrdən qorunma instinkti baş qaldırırsa, onlar necə davranmalı idilər?
 
Mən uzun illərin müşahidələrindən sonra başa düşdüm ki, öz coğrafi ərazilərində daimi yerdəyişmələr, qaçqınçılıq, müharibələr və talanlar insanımızda qəribə özünümüdafiə instinktləri formalaşdırıb. Bunlardan biri də qohum evliliklərdir. İş orasındadır ki, təbii seçmə bəzi dəyişiklikləri vərdişlə qazandıra bilir, bəzilərini isə yox, bəzi üstünlükləri qoruyub saxlaya bilir, əsasən, o halda ki, bu üstünlüklər canlının (fərdin) və cinsin xeyrinədir.
 
Düşünürəm ki, İran və Azərbaycan ərazisində hemofiliya və talassemiya xəstəliklərinin qorxunc statistikası (BMT-nin təqdim etdiyi rəqəmlərə inansaq) hələ də təbii seçmənin üstünlüklərindən faydalanan əhalimizin immun sistemini təhdid altına salmayıb. Lakin qırmızı xəttin bir addımlığındayıq. Ətraf min cür kənd və şəhərlərlə dolu olsa da, üfüqlər get-gedə genişlənsə də, bizim insanı daim müşayiət edən qorxu (təhlükə) hissi qohum evlilikləri zəruri edir və özünüqoruma (o cümlədən malını) instinktinin özəyidir.
 
Fəqət bu sərhədləri aşıb təzə üfüqlər kəşf etmək istəyən yeni nəsil də yetişir. Qohum evliliklərə qadağa qoyulacağı barədə məlumat yayılan kimi, ən yaxşı tanıdığım ciddi elm və mədəniyyət adamlarının reaksiyası mənə təəccüblü gəlmədi. Əksəriyyət qanunun qüvvəyə minməsini istəmir. Hətta buna milli maraqları tapdamaq kimi yanaşanlar da var. Lakin fakt budur ki, bacı qardaşla evlənir və biz hələ də, min ildir, bu fəlakətli ərazinin dərinliklərində yaşayrıq.
 
Etnik azərbaycanlılar bir işi həll etmək istəmirlərsə, onun ətrafında son anadək, min cür yalan quraşdıracaqlar. Yəni yola verəcəklər. Yola vermək anlayışı isə yalanın bir hissəsidir. Ona görə də indi beyinlər bu qanun layihəsi qüvvəyə mindikdən sonra onu necə yan keçməyə, yola verməyə yönələcək.
 
Lakin artıq "daxili inteqrasiya" adlandırdığım mexanizm SSRİ dağılandan sonra işə düşüb. Müstəqillik illərinin başlanğıcından və Qarabağ konfliktinin dərinləşməsindən sonra bölgələrəmiz arasında qarşılıqlı qohumluq əlaqələri ciddi şəkildə artıb. Bu isə bizim hələ də tarixin qaranlıq və bulanıq mərhələləri ilə vidalaşa bilməməyimizin, necə deyərlər, ən bariz nümunəsidir.
 
Özümüz özümüzə doğru qapıları açmalıyıq. Biz bunu etməsək də, gələcək nəsil edəcək. O, bütün milli, dini qaydaları dağıdacaq. Heç olmasa yenisini daha yaxşı qurmaq üçün onlara məkan və zaman verək.
 
Sonda dəyərli qələm dostum Qurban Yaquboğludan bir sitat gətirməsəm, olmaz: "Biz varlığımıza görə hələ də dəmyə şəraitə borcluyuq".
 
 
Əgər varlğımıza görə dəmyə şəraitə borcluyuqsa, (həqiqətən, belədir) və əgər bu şərait yenə davam edəcəksə (böyük ehtimal, belə də olacaq), onda, Sənin toyun mübarək!
 
Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->