Dünya 15:36 08.11.2023

“Onlar kürd dövləti yaratmaq istəyirlər, amma...” - Politoloq

"Yunanıstan nəşrinin yazdığı məqalə təxribat məqsədi daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Yunanıstanın "Pentapostagma” qəzetində Suriyanın şimalında "kürd dövləti”nin yaradılmasına həsr edilmiş məqaləyə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Yunanıstan hər zaman Türkiyəyə düşmən münasibət bəsləyib:

”Yunan nəşrinin yazdığı məqalə açıq təxribatdır. Bu məqalə başdan – ayağa yalandan ibarətdir. Onsuz da "kürd kartı”ndan Suriyada istifadə edilir. ABŞ Suriya ərazisində PKK, və PYD-nin xəttilə bu işləri görür. Uzun müddətdir onlar ərazidə kürd dövlətini yaratmaq üçün böyük canfışanlıq edirlər. 1997-ci ildə qəbul edilən layihədə Türkiyənin cənub, İranın Qərb vilayətləri hesabına, Gürcüstan sərhədinə qədər kürd dövlətinin yaradılması nəzərdə tutulub. Nəticədə Azərbaycanla Türkiyənin bütün əlaqələri kəsilir. Hətta Naxçıvanla olan əlaqələrimiz də kəsilir”. 

Həmsöhbətimiz bildirib ki, bu layihənin həyata keçirilməsi mümkün deyil:

"Türkiyə buna imkan verməyəcək. ABŞ hazırda iqtisadi və hərbi güc baxımından dünyaya hökmranlıq etmək iqtidarında deyil. Bu ölkədə hakimiyyət silah istehsalçılarının əlindədir. ABŞ-da iqtisadi maraqlar milli maraqlardan üstün tutulur”. 

Qeyd edək ki, Yunanıstanda çıxan "Pentapostagma” qəzetində Türkiyəni qıcıqlandırmağa hesablanmış məqalə dərc olunub. Suriyanın şimalında "kürd dövləti”nin yaradılması ssenarisinin müzakirə edildiyi məqalədə hazırda şərtlərin bunun üçün əlverişli olduğu iddia edilir. Aralıq dənizindəki Rusiya və ABŞ donanmalarını müqayisə edən yunan nəşri hərbi güc baxımından üstünlüyün tamamilə Qərbdə olduğunu yazır:

"ABŞ və İsrailin planlarında Amerika Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Suriyada kürd dövlətinin yaradılması ssenariləri var. Əslində belə bir şeyi görmək məntiqli olardı, xüsusən də bu nəhəng dəniz gücünün bir araya gəldiyi şəraitdə”. 

Rüfət Sultan