Xəbər lenti

Onların Aysuluusu var - O qızı görən olubmu?!
Amal Abuşov
İdman 13:59 27.09.2019

Onların Aysuluusu var - O qızı görən olubmu?!

Amal Abuşov

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatı sona çatdı. Çempionatın bitməsindən bir həftəyə yaxın vaxt keçsə də, müzakirələr bitmək bilmir. Bu da təsadüfi deyil.

Ona görə təsadüfi deyil ki, illərlə qürrələndiyimiz, milli idman növü saydığımız güləşimiz qürub etməkdə, Azərbaycan dünya güləş ailəsində öz yerini itirməkdədi. Nüfuzumuz azalır, reytinqimiz düşür. Artıq güləşçilərimiz döşək üzərində üçrəngli bayrağımızla dövrə vura bilmir, qazandıqları uğurlarla diqqət mərkəzinə düşmürlər. Əvəzində dava-dalaş salır, rəqiblərini və hakimləri qeyri-güləş fəndləri ilə, qaydasız döyüş elementləri ilə cəzalandırmaq fikrinə düşür, döşəkçəni polisin müdaxiləsindən sonra tərk edirlər. Uduzmağımız bir ayıb, uduzub dava salmağımız da ikinci ayıb.

Qısaca onu xatırladım ki, güləş yığmamız Nur-Sultanda qadınlı-kişili cəmi 6 medal qazana bildi. Yeganə qızıl medalımız isə əslən ukraynadan olan, "milliləşdirilmiş” Mariya Stadnikin sayəsində oldu. Stadnikin bəzi azərbaycanlılardan daha çox vətənpərvər olması, Azərbaycanın idman şərəfini, onun dəyərlərini yüksək qiymətləndirməsi çox xoşdu. Amma bütün bunlar belə əlahəzrət faktın üzərindən sükutla keçməyə imkan vermir. Mariyanı Azərbaycan güləş məktəbi yetişdirməyib, Ukraynadakı rəqabət onun yolunu bizim məmləkətdən salıb. Qalan beş medaldan ikisi bürünc, ikisi isə gümüşdü. Lakin bu medallar bizə olimpiya lisenziyası qazandırmayıb. Çünki medalların çoxusunu qeyri-olimpiya çəkilərində qazanmışıq. Belədə yalnız Stadniklə Şərif Şərifovun Tokioya gedəcəyi dəqiqləşib. Diqqət edin, hər ikisi "milliləşdirilmiş” güləşçidi.

Hanı bu ölkənin öz idmançıları, hanı azərbaycanlı balaları? İllərdi öyündüyümüz güləş ənənələri, xərclənən milyonlar, par-par yanan, açılışını dövlət başçımızın etdiyi olimpiya kompleksləri hansı işə yarayır, cənablar? Sizdən soruşuram, Güləş Federasiyasının hörmətli rəsmiləri. Cavabınız varmı? Yoxdusa, mən verim cavabını. Siz Azərbaycan güləş məktəbini məhv etmisiz, öz balalarımızın qarşısını kəsmisiz. Çünki onların yerinə dağıstanlını, ukraynalını gətirəndə öz cibinizi yaxşıca doldurmaq imkanı qazanmısız. Rayonlarda, ənənələri olan bölgələrdəki idman zallarının qapısı qıfıllanıb, məşqçilər pərən-pərən düşüb. Qazandıqları bala başı saxlamağa, ailə dolandırmağa yetərli olmadığı üçün mühafizəçi, inzibatçı, sürücü işləməyə məcbur qalıblar.

Mənim doğulduğum kənddə Vüqar Abdullayev adlı bir xeyirxah insan yaşayır. Öz cibinin puluyla "Aran” İdman Klubu açıb, kəndin uşaqları üçün məşqçi tutub. İllərdi ki, uşaqlar nəmli, soyuq zalda həvəslə məşq edir, güləşin sirlərini öyrənirlər. Onlardan biri də doğmaca bibim oğlu Ülvin idi. Əmisi el pəhləvanı olan Ülvin fiziki göstəriciləri ilə fərqlənir, cəldliyi ilə yaxşı güləşçi olacağının siqnalını verirdi. Amma ola bilmədi. Çünki ata-anasının min bir əziyyətlə qazandığı yolpulu ilə hər dəfə Bakıya müxtəlif turnirlərə gəldi və sıxışdırıldığına görə həlledici qarşılaşmalarda uduzduruldu. Görüşəndə arada söhbətləşirik. Elə hey şikayətlənir, itirilmiş illərinə, boşa gedən əziyyətinə görə heyfslənir. Xüsusi sifarişlə kənd uşaqlarının önü ona görə kəsilib ki, sabah respublika çempionatında da gəlmələr mükafatçı olsunlar, yığmanın heyətinə legionerlər düşsünlər.

Siz Aysuluu Tınısbekovanı tanıyırsızmı? Tanımayanlar da Nur-Sultandakı dünya çempionatından sonra onu tanıdılar. Bişkekdən 550 kilometr uzaqda yerləşən Mayluu-Su qəsəbəsində doğulan bu qız indi bütün Qırğızıstanın fəxridi. Sonuncu dünya çempionatında qızıl medal qazanan Asuluu Tokio Olimpiadasında da öz ölkəsini təmsil edəcək. Kasıb və kiçik ölkənin fəxrinə çevrilən əsl qırğız qızı. Bəs bizim Aysuluumuz hanı?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->