Dünya 17:33 16.08.2022

Pakistanda avtobus neft tankeri ilə toqquşdu - 20 nəfər öldü

Pakistanda polis və yardım rəsmiləri avtobusla neft tankerinin toqquşması nəticəsində 20 nəfərin öldüyünü açıqlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Polis idarəsinin rəsmilərindən olan İmran Şövkət bu hadisəni belə nəql edib: 

"Multan şəhəri yaxınlığındakı magistral yolda üç avtobus ötüşərkən onlardan biri neft tankerinə çırpılıb. Bu toqquşma həm tankerin, həm də avtobusun yanmasina səbəb olub”.

Polisin məlumatına görə, ölənlər arasında avtobus sürücüsü də var. Tankerin sürücüsü hadisə yerindən qaçıb, ona görə də tankerin hansı şirkətə məxsus olduğunu, fəaliyyətinin qanuni olub-olmadığını müəyyən etmək mümkün olmayıb.

Avtobus Pakistanın cənubundakı Kəraçi limanına gedirmiş. Qəza sərnişinlərin əksəriyyətinin yatdığı vaxt - gecə yarısı baş verib.

Pakistanda ölümlə nəticələnən yol qəzaları, əsasən yüksək sürət, təhlükəsizlik kəmərlərinin taxılmaması və zəif yol infrastrukturu səbəbindən çox tez-tez baş verir.

Son illərdə Pakistanda yanacaq qaçaqmalçılığının artması da yol qəzalarının sayının artmasına səbəb olub. 2017-ci ildə eyni qəzanın baş verdiyi ərazidə daha bir neft tankeri aşıb və 100-dən çox insan yanıb.

Vurğulanır ki, qəzaların əksəriyyətinin Pakistanın Pəncab əyalətinin mərkəzi Lahor ətrafında baş verdiyi bildirilir. Son illərdə bu əyalətdə 15 mindən çox yol qəzası qurbanı qeydə alınıb ki, bu da terror əməliyyatlarında ölənlərin sayından çoxdur.

Pakistanda avtomobil sığortası məcburi deyil və sürücülük qəzalarında xəsarət alanlar dəymiş ziyanı özləri ödəməlidirlər. Digər tərəfdən, sürücülərin əksəriyyəti qəza yerindən qaçır və onların izinə düşmək çətin olur.

M.Arif