İsa Suliman adlı futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. Bəli, İsa indiyə qədər ölkəmizə gəlmiş-getmiş çoxsaylı legionerlərdən biri olmağa yaxındı. 1998-ci ilin 26 yanvarında İngiltərənin Brimingem şəhərində doğulan İsa Misli Premyer Liqasında eyniadlı şəhəri təmsil edən "Sumqayıt”dan dəvət alıb.
İnternet qaynaqlarında Sulimanın İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarının şərəfini qoruduğu qeyd olunub. Buna baxmayaraq, yazımızın qəhrəmanına İngilitərənin əsas millisində və Premyer Liqada oynamaq qismət olmayıb. İsa "Aston Villa”nın Futbol Akademiyasının yetəriməsidir. Elə "Aston Villa”nın da müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb, ordan da Hollandiya və Portuqaliyanın "Emmen”, "Nasional”, "Gimaraynş”, "Vitoriya” kimi çeşidli klublarına yollanıb. Di gəl ki, bu "iş yerləri”nin heç birində uzun müddət qərar tutmaq mümkün olmayıb. Məlum məsələdir ki, bu klublarda da İsa məşqçilərin etimadını doğrulda bilməyib, əsas heyətdə möhkəmlənməyi bacarmayıb. Ona görə də hər mövsüm şansını fərqli yerdə sınamağa məcbur qalıb.
Belədə onun İngitlərə millisində özünə yer edəcəyi, Qaret Sautgeytin diqqətini özünə çəkəcəyi də inandırıcı görünməyib. Reallığı qəbul edən, taleyi ilə barışan İsa Suliman seçimini Pakistan millisinin xeyrinə edib, çevrilib olub Pakistan milli komandasının futbolçusu. Düz bir ay bundan əvvəl İsa Pakistan millisinin heyətində debüt edib, artıq üç oyun keçirməyə də macal tapıb. Ümid edək ki, İsa Pakistan yığmasına fayda verməyi bacaracaq, əsas heyət üzvünə çevriləcək. Pakistan yığmasını İngiltərə ilə müqayisə etmək mümkünsüz tapşırıqdı. Ona görə də İsaya orda özünü göstərmək elə də çətin olmamalıdır.
Bu işdə Azərbaycan klubu "Sumqayıt”ın da rolu ola bilər. Çünki İsa Suliman məhz bu klubda karyerasını davam etdirməyə yaxındır. Futbolçu klubunda sabit çıxış edəndə oyun təcrübəsini artırır, idman formasını qaydaya salır. Belədə milli komandanın məşqçisinin diqqətini cəlb etmək də, özünü milli də göstərmək də çətin olmur. Azərbaycan çempionatının səviyyəsi elə də yüksək olmasa da, Sulimana bu işdə yardım edə bilər. Bizim çempionatda "Sumqayıt”ın "Qarabağ”, "Sabah”, "Neftçi”, "Zirə”, "Qəbələ” kimi rəqibləri var. Bu komandaların heyətində yetərincə yaxşı futbolçular forma geyinir. Onlara qarşı keçirdiyi oyunlar İsa Suliman üçün yaxşı təcrübə rolunu oynayacaq. Buna şübhə etmirəm.
Məni narahat edən başqa məqamdır. "Sumqayıt”ın prezidenti Riad Rəfiyev klub rəsmisi olmaqdan daha çox menecer kimi tanınır. Adam indiyə qədər Azərbaycana gələn, "milliləşdirilən” bir çox futbolçunun keçidində yaxından iştirak edib. Onun ölkəyə gətirdiyi dağıstanlı, almaniyalı, türkiyəli, ukraynalı, iranlı, hətta israilli futbolçuların mütləq əksəriyyəti çox asanlıqla və tezliklə Azərbaycan pasportu ilə təmin edilib, yerli futbolçu statusu ilə milli komandalarımıza çağırılıblar. Çünki elə milli komandaların məşqçiləri də Riad Rəfiyevin bizə calaq elədiyi əcnəbi mütəxəssislər olub. Ona görə də həmin o məşqçilər də Rəfiyevin bir sözünü iki etməyib. İndiyə qədər belə olub, bundan sonra da belə olmaq ehtimalı yüksəkdir. Ona görə də mən İsa Sulimanın "Sumqayıt”a gəlişindən narahatam.
Riad Rəfiyevin Pakistan bazarına qədər gedib çıxması gələcəkdə bu ölkədən olan futbolçuların ayağının Azərbaycanda açılması deməkdir. Bir də gördük Pakistandan Azərbaycana 100 min futbolçu gətirdilər. Allah bizi o günlərdən saxlasın!
Amal Abuşov
Şərhlər