Xəbər lenti

Paşinyanı Səmərqəndə kim buraxmayıb? (ŞƏRH)
Siyasət 18:00 15.09.2022

Paşinyanı Səmərqəndə kim buraxmayıb? (ŞƏRH)

Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən tədbirə dəvət edilsə də, ora getməyib. Bunun səbəbini o, sərhəddəki vəziyyətlə əlaqələndirib.
 
Qeyd edək ki, ŞƏT-in bu dəfəki tədbirinə quruma üzv ölkələrlə yanaşı, bir sıra digər ölkələrdən qonaqlar da dəvət olunub. Onlar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan da olub. Lakin Türkiyə və Azərbaycan liderləri toplantıya getsə də, Paşinyan səfərdən imtina edib. Düzdür, qeyd etdiyi kimi, Ermənistanda vəziyyət gərgindir.
 
Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatdan sonra ermənilər növbəti dəfə küçələrə çıxaraq, Paşinyanın istefasını tələb etməyə başlayıb. Etirazçılar hətta parlament binasını tutmağa da uğursuz cəhd ediblər. Amma son proseslər göstərir ki, Paşinyanın Səmərqəndə getməməsinin arxasında heç də ölkəsindəki gərgin vəziyyət dayanmır.
 
Bu ilin mart-may aylarında müxalifətin keçirdiyi mitinqlərə baxmayaraq, Paşinyan həmin dövrdə bir neçə xarici səfərlərdə olub. Bu məqam onu göstərir ki, Paşinyanın Səmərqənd səfərindən imtina etməsinin kökündə əslində başqa məqamlar dayanır. Görünür, Ermənistan baş naziri erməni vandallarının Azərbaycanla sərhəddə törətdikləri genişmiqyaslı təxribat fonunda Səmərqəndə gedib, İlham Əliyevlə görüşüb məsələləri müzakirə etməyə cürət etməyib. Paşinyanın ora getməməsinin bir səbəbi də burada həm də Putin tərəfindən qulaqburması ala biləcəyi qorxusudur. Bir sözlə, erməni baş naziri yaxşı başa düşüb ki, Səmərqənddə onun mövqeyini dəstəkləyən olmayacaq, o, təklənəcək. Paşinyanın bu jesti onun sülh müqaviləsinə sadiq olmadığının, bu fonda danışıqları dayandırdığının göstəricisi də sayıla bilər.

Son olaylar göstərir ki, ATƏT-in Minsk qrupunu yenidən diriltməyə çalışan Qərbdəki qüvvələr maraqlıdır. ABŞ və Fransa Bakı ilə İrəvan arasında özlərinin iştirakı olmadan hər hansı bir sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Məhz buna görə də onlar Ermənistanı bir neçə gün bundan əvvəl həyata keçirdiyi təxribatlara sürükləyiblər. Qərbdə anlayırlar ki, Paşinyan Səmərqəndə getməklə oradakı digər tərəflərin təsirilə sülh prosesində real irəliləyişə nail olmaq istiqamətində addımlar atmağa vadar ediləcək. Buna yol verməmək üçün də komandası Paşinyanın Səmərqəndə getməsinə icazə verməyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->