Hüseynbala Səlimov
Siyasət 10:00 24.04.2023

Paşinyanın “amma”ları...

"Sülh sazişinin imzalanmasından bir gün sonra da müharibə ola bilər” – səhv etmiriksə, bu günlərdə erməni baş naziri Nikol Paşinyan təxminən belə dedi və daha sonra əlavə etdi ki, sülhü təmin etmək üçün beynəlxalq mexanizmlərə ehtiyac var.

Nikol Paşinyan böyük siyasətdə yeni adam deyil. Bir neçə ildir ki, baş nazirdir və bu illər ərzində bizim onun fəaliyyətini, bəyanatlarını izləmək imkanımız olub. Qənaətimiz budur ki, o, çox ziddiyyətıi adamdır – bir gün bir söz deyir, ertəsi günsə tamam başqa... 

Elə bu yaxın günlərdə bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın onun tərkibində qalmasının tərəfdarıdır, Bakı ilə sülh sazişi imzalamağa hazırdır! Amma bir gün keçmir ki, o, bu bəyanatlarına düzəlişlər edir. Bunun da bir neçə səbəbi ola bilər.

Birincisi, o, revanşist müxalifətdən ehtiyat edir. Ona görə ki, sonuncu Paşinyanın fəaliyyətini ciddi şəkildə izləyir və öz siyasətini onun bəyanat və çıxışları üzərində qurur, bu bəyanatları bir qayda olaraq təhrif etməyə və cəmiyyəti çaşdırmağa çalışır.

İkincisi, Nikol Paşinyan ola bilsin, cəmiyyəti sülhə hazırlamağa cəhd edir. Bu elə də asan məsələ deyil. On illər ərzində, bundan da daha artıq  müddətdə erməni cəmiyyətinə tamamilə başqa fikirlər aşılanıb, onlara təlqin edilib ki, Azərbaycan və Türkiyə Ermənistanın düşmənləridir. 

Hazırda erməni cəmiyyətinin siyasi indikatoru Paşinyana müxalif olan revanşist siyasi qüvvələrdir. Onlar elə də güclü deyil və bütün bunlar onu göstərir ki, cəmiyyət daha çox Paşinyanı müdafiə edir. Amma N.Paşinyan da bu siyasi avansdan ağılla istifadə etməlidir. Ona görə ki, bütün siyasi avansların bir limiti olur. 
Üçüncüsü, mümkündür ki, Paşinyan siyasətin ən pirimitiv üsulundan istifadə etməyə çalışır – sözdə bir şey deyir, əməldəsə tamam başqa bir şey edir.

Ola bilsin, o, özünü sülhpərvər siyasətçi kimi göstərməyə çalışır. Bu, ona Qərblə münasibətlərdə lazımdır. Hazırda ABŞ çox böyük fəallıq və konstruktivlik nümayiş etdirir. Son bir-ik həftədə ABŞ təmsilçisi Lui Bono iki dəfə Bakıya və iki dəfə İrəvana səfər edib. Avropa İttifaqı da böyük fəallıq göstərir. Əgər Paşinyan əvvəlki illərdə olduğu kimi hərbi ritorika sərgiləsə, Qərbin ona olan marağı sönə bilər və hakimiyyətinin ilk illərində olduğu kimi, o, yenə də Qərb üçün maraqsız siyasi fiqura çevrilər...

Qərəz, proses ziddiyyətlərlə olsa da, davam edir. Bu günlərdə erməni baş nazirinin daha bir bəyanatı oldu. Paşinyan dedi ki, ölkəsi KTMT-nin də missiyasını qəbul etməyə hazırdır. Bundan əvvəl Paşinyan Rusiyanı və onun KTMT-i tənqid edir, ölkəsinin bu qururmu tərk edəcəyini deyirdi. İndi o, daha bir ziddiyyətli mövqe nümayiş etdirir. Amma çətin ki, ona iki "geosiyasi stul”da oturmaq mümkün olsun. 

Belə dönüşlər Qərbin diqqətindən qaçmayacaq. Qərbin Paşinyana olan münasibətinin dəyişməsinin iki səbəbi var. 

Birincisi, o, Koçaryandan və Sarqsyandan fərqli olaraq münaqişənin nizamlanması baxımından daha konstruktiv siyasətçidir. İkincisi, hazırda keçmiş SSRİ-nin bütün perimetri boyunca Rusiya ilə Qərb arasında böyük qarşıdurma yaşanır. Vaşinqton özünün fəallığının səbəbini gizlətmir. Amerikalı diplomatlar açıq şəkildə bəyan edirlər ki, nə qədər ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Bakı ilə İrəvan sülh sazişi imzalamağa çalışmalıdır. 

Amma Rusiya da mürgiləmir. Bütün gücü ilə çalışır ki, proses onun nəzarətindən çıxmasın. Ona görə də sual yaranır: bütün bu vurnuxmalar nə ilə bitəcək? 
Biz yalnız yaxın müddət üçün nəsə deyə bilərik. Türkiyədəki seçkilər başa çatana qədər ciddi bir şey olmayacaq. Sonrasına isə, necə deyərlər, baxarıq...
 
Hüseynbala Səlimov