Xəbər lenti

Siyasət 17:00 20.06.2024

"Paşinyanın nicatı məhz bölgə dövlətlərilə münasibətləri tənzimləməkdən keçir" - Ekspert

"Ərdoğanın bu addımı Paşinyanı geosiyasi güclərdən qorumağa hesablanmış jestdir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasındakı telefon danışığını şərh edərkən deyib.

Ekspert bildirib ki, Ərdoğanla Paşinyan son telefon danışığında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılmasından danışıblar:

"Hesab edirəm ki, bu yanaşmanın bir sıra hədəfləri var. İlk növbədə bu Qərb ölkələri və digər geosiyasi güclər tərəfindən artan təhdidlərdən və daxili təzyiqlərdən Paşinyanı qorumaq, habelə onu müstəqil iradə nümayiş etdirib, Azərbaycanla sülh müqaviləsi bağlamağa sövq etmək üçün bu addım atılıb. Ermənistan siyasi camiyəsində belə fikir irəli sürülür ki, İrəvan Türkiyə tərəfindən idarə olunur, Ankara və Bakının dediyini həyata keçirir. Bu əsasda da erməni müxalifəti Paşinyana yönəlik ittihamlar irəli sürür. Qərb isə sülh müqaviləsinin imzalanmasının uzadılması, yaxud da onlrın diktəsinə uyğun imzalanmasına çalışır. Məhz bu məqamları neytrallaşdırmaq, Paşinyanı müstəqil addım atmağa təhrik etmək üçün Ərdoğanın bu addımı olduqca əhəmiyyətlidir. Paşinyanın nicatı məhz bölgə dövlətlərilə münasibətləri tənzimləməkdən keçir. Bunun üçün də o müstəqil iradəyə malik olmalıdır". 



Həmsöhbətimiz qeyd edir ki, Ermənistanın İstiqlal bəyannaməsi və Konstitusiyasında yer alan Türkiyə ilə Azərbaycana ərazi iddiaları aradan qaldırılmayınca münasibətlərin tənzimlənməsi gözlənilmir:

"Hər kəsə bəllidir ki, ilkin şərt olmadan Ankara-İrəvan və Bakı-İrəvan münasibətlərinin sahmana salınması mümkünsüzdür. Ona görə ki,  Ermənistanın İstiqlal bəyannaməsi və Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bunlar aradan götürülmədən münasibətlər tənzimlənə bilməz. Odur ki, Türkiyənin ilkin şərt olmadan İrəvanla münasibətləri normallaşdırmağa hazırlaşması heç bir halda mümkün deyil. Çünki Azərbaycanla Türkiyə fəaliyyətlərini koordinasiya edir. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyü və suverenliyilə bağlı məsələlər Ermənistan tərəfindən qəbullanmayana qədər Ankara ilə İrəvan münasibətlərinin normallaşması mümkünsüzdür".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası X səhifəsində paylaşım edib. 

Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrinin  olduğunu vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->