Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Sabah” "Şamaxı”nı qəbul edib.
Görüşdə hesabı meydan sahibləri açıblar. Qarşılaşmanın 2-ci dəqiqəsində Kristian Sebalyos erkən qolla "Sabah”ı hesabda önə çıxarıb. Lakin ispaniyalı futbolçu 25-ci dəqiqədə rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
İlk hissə bu hesabla yekunlaşıb.
Görüşün 75-ci dəqiqəsində meydandakı futbolçuların sayı bərabərləşib. Bu dəfə "Şamaxı”nın müdafiəçisi Elçin Mustafayev rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
"Şamaxı” 88-ci dəqiqədə məğlubiyyətdən qurtula bilib. Fuad Bayramov bərabərlik qolunu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 39-a çatdıran "Sabah” lider "Qarabağ”dan 5 xal geri qalır. "Şamaxı” isə 12 xalla 7-cidir.
Qeyd edək ki, turun ilk iki oyununda dünən "Qarabağ” "Neftçi”ni 4:0, bu gün "Qəbələ” "Səbail”i 2:1 hesabı ilə məğlub edib.
Tura dekabrın 4-də "Kəpəz” – "Sumqayıt” və "Zirə” – "Turan Tovuz” matçları ilə yekun vurulacaq.
Şərhlər