Sənət 14:10 10.05.2022

Prezident Mükafatı alan aktrisa: "Ondan sonra aktyorlar çox böyük maaş alacaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Mükafata layiq görülənlər arasında Xalq artistləri Naibə Allahverdiyeva da var. Aktrisa Qaynarinfo-ya müsahibəsində bildirib ki, Prezident Mükafatı incəsənət adamlarına verilən dəyərdir:

- Allah Prezident İlham Əliyevə can sağlığı versin. Bir sənətkarın zəhmətini qiymətləndirmək onun sənətinə verilən dəyərdir. İnsan özünün dəyərli olduğunu biləndə yaşamağa həvəsi artır. Xüsusilə sənət adamları, onlar diqqətə həssas adamlardır. Allah bunu bütün layiq olanlara qismət eləsin. Kimin bu sənətdə əziyyəti varsa, hamısı mükafatını, dəyərini alsın. Bu sənətə elə-belə baxmaq lazım deyil. Bizim sənət çox çətindi, həm fiziki, həm də zehni... Aktyorlar çox yüklənirlər. İncəsənəti inkişaf etdirən, onun üzvlərinə dəyər verən ölkə həmişə öndədir. İncəsətin xalqa çox böyük təsir qüvvəsi var. İnsanlar bəzən şou-biznesi incəsənətlə səhv salırlar. İncəsənətlə şou-biznes başqa-başqa şeylərdir. İncəsənət adamlarının xarakteri də şou-biznes adamlarından tamam fərqlənir. Biz xalqa daha yaxınıq.

- Deyirsiniz ki, incəsənət adamlarının xarakteri də şou-biznes adamlarından tamam fərqlənir. Bu fərqi nəylə izah edərdiniz? 

- Çünki biz insan həyatını yaşayırıq. İnsanların həyatını oynamaq, onları təsvir etmək asan iş deyil. Onların həyəcan və duyğularını biz təkrar yaşayırıq. Bunların hamısı ürəkdən keçən hisslərdir. Bu həyəcanların hər biri ürəkdə yüklənir. Bu səbəbdən biz xalqa daha yaxınıq. 

- Bəzən şou-biznes əhlinin üzvləri belə mükafatlar almadığına görə güley-güzar edir. Hətta özlərini aktyorlarla müqayisə edənlər də var...
 
- Prezident Mükafatının verilməsi aktyorların maddi durumunun yaxşılaşmasına öz təsirini göstərir. Torpaqlarımız geri alınıb, hazırda Qarabağda quruculuq işləri aparılır. Bütün bunların başa çatmasına az qalıb. İnanıram ki, Qarabağda aparılan quruculuq işləri başa çatandan sonra aktyorlar çox böyük maaş alacaq. Bunu mən həmişə demişəm və deyirəm də. Bu, hardasa 4-5 il vaxt aparacaq, ondan sonra Azərbaycanda aktyorların həyat səviyyəsi gözlədiyimizdən də yüksək olacaq. İnsanlar maddi cəhətən çox yüksək səviyyədə yaşayacaqlar. Bunu mən deyirəm və olacaq da. İndi hərbiyə böyük pullar xərclənir. Bu elə-belə deyil, milyardlarla pullar gedir. Bu, başa çatandan sonra həmin pullar Azərbaycan vətəndaşlarına veriləcək.

Bahar Rüstəmli