Xəbər lenti

Ölkə 16:59 24.08.2023

Prokuror generala ağır cəza istədi

"Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə istintaqı başa çatıb.

"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Bəkir Orucov və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədov və Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün sentyabrın 14-nə kimi vaxt verilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

B.Orucov və R.Məmmədov barəsində həbs, Ziya Kazımov və Ülvi Rəşidov barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->