Avropada son dövrdə artan təhlükəsizlik narahatlıqları NATO-nu diqqətçəkən addım atmağa sövq edib. Şimal dənizində müşahidə olunan hərəkətlilik alyansın müxtəlif ssenarilərə hazırlığını bir daha gündəmə gətirib. Lakin bu addımın ən diqqətçəkən tərəfi NATO-nun eyni vaxtda bir neçə ehtimalı nəzərə alması olub. Bəs NATO niyə məhz bu bölgəyə diqqət yönəldib, pərdəarxasında hansı proseslər baş verir? Bu addımın detalları Avropanın təhlükəsizlik gündəmində yeni mənzərəni ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, Avropanın ətrafındakı təhlükəsizlik balansı getdikcə daha kövrək hala gələrkən, NATO bu dəfə müharibə ehtimalını qərargahlarda deyil, Şimal dənizinin sərt sularında sınaqdan keçirib.
Şotlandiya sahillərində hərəkət edən NATO hərbi gəmilərində sirenlər səslənməyə başlayanda heyət dərhal döyüş məntəqələrinə keçib. Zirehlərini geyinən dənizçilər hava hücumundan müdafiə mərkəzlərinə və silah sistemlərinə yönəliblər. Bir neçə dəqiqə ərzində adi dəniz missiyası raket və döyüş təyyarələrinin hücumuna məruz qalan konvoya çevrilib. Lakin bu dəfə atılan raketlər həqiqi olmayıb.
Böyük Britaniyanın rəhbərliyi ilə keçirilən və NATO ölkələrindən təxminən 1300 hərbçinin iştirak etdiyi “Strike Warrior” təlimində alyans Avropanın qarşıdakı dövrdə üzləşə biləcəyi ən çətin ssenarilərdən bəzilərini eyni vaxtda sınaqdan keçirib.
NATO-nun hərtərəfli hazırlığı nə deməkdir?
Təlimin əhatə dairəsi NATO-nun mümkün böhrana artıq yalnız klassik müharibə ssenariləri əsasında hazırlaşmadığını göstərir. Hava hücumlarından sualtı qayıq təhdidlərinə, kritik infrastrukturun qorunmasından enerji və kommunikasiya xətlərinə qədər müxtəlif risklərin eyni vaxtda nəzərdən keçirilməsi alyansın təhlükəsizlik anlayışındakı dəyişiklikləri də gündəmə gətirir.
İstanbul Aydın Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər bölməsində çalışan, Rusiya xarici siyasəti üzrə araşdırmalar aparan dosent Murat Jane təlimin mühüm mesajlar verdiyini bildirib.
Jane deyib: “NATO-nun “Strike Warrior” kimi təlimlərdə hava hücumları, sualtı qayıq təhdidi və kritik infrastrukturun qorunması kimi müxtəlif ssenariləri eyni vaxtda nəzərdən keçirməsi NATO ilə Rusiya arasında mövcud gərginliyi artıra biləcək amil kimi qiymətləndirilə bilər. Lakin bu təlimi təkbaşına müharibə xəbərçisi və ya müharibənin birbaşa səbəbi kimi görmək iddialı yanaşma olar.
Burada əsas diqqətçəkən məqam NATO-nun mümkün böhranları artıq yalnız cəbhədəki hərbi hərəkətlilik üzərindən qiymətləndirməməsidir. Hava, raket və sualtı qayıq təhdidləri ilə yanaşı, enerji və nəqliyyat xətlərinin, kommunikasiya infrastrukturunun, gəmi əməliyyatlarının və siyasi qərarvermə proseslərinin eyni təhlükəsizlik mənzərəsinin tərkib hissələri kimi nəzərdən keçirildiyini görürük”.

“Artıq münaqişəni yalnız quru müharibəsi üzərindən oxumaq olmaz”
NATO ilə Rusiya arasında mümkün münaqişənin artıq yalnız quru müharibəsi ilə məhdudlaşdırıla bilməyəcəyini bildirən Murat Jane müharibə və təhlükəsizlik anlayışının daha geniş sahəyə yayıldığını deyib:
“Bu gün NATO ilə Rusiya arasındakı güc mübarizəsini yalnız quru müharibəsi gözləntisi üzərindən qiymətləndirmək kifayət deyil. Böhran dənizdə başlayaraq hava hücumundan müdafiəyə, enerji xətlərinə, kommunikasiya infrastrukturuna və siyasi qərarvermə mexanizmlərinə eyni vaxtda təsir göstərə biləcək çoxşaxəli struktura çevrilə bilər.
Bu səbəbdən təlimlər NATO-nun müxtəlif təhdidlərin eyni vaxtda ortaya çıxdığı böhran şəraitində nə qədər sürətlə qərar qəbul edə biləcəyini, hansı imkanlara malik olduğunu və buna necə hərbi və siyasi cavab verə biləcəyini sınaqdan keçirməsi baxımından əhəmiyyət daşıyır”.
Təlimin coğrafiyası da mesaj verir
Murat Jane təlimin keçirildiyi coğrafiyanın da bu baxımdan diqqətçəkən olduğunu bildirib. O, Şimali Atlantikanın Avropa ilə Şimali Amerika arasında hərbi gücləndirmənin həyata keçirildiyi marşrutlardan biri olduğunu xatırladaraq Baltik dənizi, Qara dəniz, Polşanın şərq sərhədi və Rusiya-Ukrayna müharibəsinin davam etdiyi ərazilərin NATO-nun Rusiya ilə yaşadığı gərginliyin mərkəzində və ya bu bölgələrə yaxın yerləşdiyini qeyd edib.
Jane bildirib: “Təlimin harada keçirilməsi son dərəcə əhəmiyyətlidir. Şimali Atlantika Avropa ilə Şimali Amerika arasında hərbi gücləndirmənin keçdiyi strateji marşrutdur. Bununla yanaşı, Baltik dənizi, Qara dəniz, Polşanın şərq sərhədi və Rusiya-Ukrayna müharibəsinin getdiyi coğrafiya NATO-nun Rusiya ilə yaşadığı gərginliyin mərkəzində və ya bu gərginlik zonalarına olduqca yaxın ərazilərdir.
Bu səbəbdən təlimi müxtəlif böhranların və təhdidlərin eyni vaxtda artdığı şəraitdə NATO-nun necə qərar qəbul edə biləcəyini, imkanlarından necə istifadə edəcəyini və hansı tədbirlər hazırlaya biləcəyini ölçməyə yönəlmiş hazırlıq kimi qiymətləndirmək mümkündür”.
Rusiya-Ukrayna müharibəsinin də bu hazırlıqların arxasındakı mühüm amillərdən biri olduğunu bildirən Jane müharibədə istifadə edilən üsulların NATO-nun təhdid qavrayışına birbaşa təsir etdiyini deyib:
“Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və döyüşlərin intensivliyi də qalır. Raket və dron hücumları ilə yanaşı, elektron müharibə, kritik infrastruktura hücumlar və müxtəlif hibrid müharibə üsullarından eyni vaxtda istifadə edilə bilər. Müharibənin bu çoxşaxəli xarakteri NATO-Rusiya münasibətlərindəki təhdid qavrayışına da birbaşa təsir göstərir.
Bu səbəbdən NATO-nun bu gün həyata keçirdiyi hazırlıqları yalnız klassik hərbi münaqişə ssenariləri üzərindən deyil, hava, dəniz, kiberməkan, enerji, kommunikasiya və kritik infrastrukturun birlikdə hədəfə alına biləcəyi çoxqatlı təhlükəsizlik mühitinə hazırlıq kimi qiymətləndirmək lazımdır”.

Bəs təlimdə nələr baş verdi?
Ekspertin diqqət çəkdiyi bu çoxşaxəli təhlükəsizlik mənzərəsi təlim zamanı tətbiq olunan ssenarilərdə də özünü göstərib. NATO qüvvələri yalnız hərbi gəmilərin döyüşə girdiyi klassik dəniz müharibəsi ssenarisini deyil, təminat gəmilərinin hücuma məruz qalmasından hava hücumundan müdafiəyə, gəmiyə basqından sualtı qayıqların axtarışına qədər çoxsaylı vəziyyətləri eyni təlim çərçivəsində sınaqdan keçirib.
Yanacaq doldurma zamanı həyəcan siqnalı!
Təlimin ən diqqətçəkən anlarından biri Almaniyanın “FGS Berlin” təminat gəmisinin iki NATO freqatına yanacaq doldurduğu zaman yaşanıb. “The Telegraph”ın xəbərinə görə, gəmilər bir-birinə son dərəcə yaxın hərəkət edib. “Berlin”in yanacaq şlanqlarından minlərlə qallon yanacaq Portuqaliya və Kanada freqatlarına ötürülüb. Bu zaman hava hücumu siqnalı verilib.
Ssenariyə əsasən, döyüş təyyarələri NATO gəmilərinə doğru istiqamət alıb. Dənizdə yanacaq dolduran gəmilər üçün ən həssas məqamlardan biri başlayıb. Gəmilər bir-birinə bağlı olduğundan manevr imkanları məhdudlaşıb, eyni zamanda onlar alışan yanacaq daşıyıblar. Güclü yağış altında heyət döyüş məntəqələrinə qaçıb.
Məhz bu zaman Niderlandın “Van Amstel” freqatı əməliyyata qoşulub. Onun vəzifəsi hücuma məruz qalan NATO gəmilərinin hava hücumundan müdafiəsinə dəstək vermək və konvoyun məhv edilməsinin qarşısını almaq olub.
Göydən gələn təhdidlər simulyasiya edilərkən gəminin radarları və döyüş sistemləri intensiv şəkildə fəaliyyət göstərməyə başlayıb. NATO qüvvələri dənizdə təminat əməliyyatının necə böyük taktiki zəifliyə çevrilə biləcəyini realistik ssenari üzərindən sınaqdan keçirib.
Böyük Britaniya Kral Donanmasının polkovnik-leytenantı Conatan Millerin sözlərinə görə, məqsəd məhz bu olub: hərbçiləri rahat şəraitdə deyil, real müharibədə qarşılaşa biləcəkləri qədər mürəkkəb mühitdə hazırlamaq.
Miller “The Telegraph”a açıqlamasında “Dəniz özü onsuz da kifayət qədər təhlükəlidir” deyərək gəmilərin bir araya toplandığı və eyni vaxtda hava hücumuna məruz qaldığı ssenarinin son dərəcə riskli olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə, təlimin məqsədi də məhz bu riski idarə etməyi öyrənməkdir.
Bu dəfə hədəf hərbi gəmi deyil, təminat gəmisi olub
Təlimin başqa bir hissəsində NATO qüvvələri “FGS Berlin”ə helikopter dəstəkli basqın həyata keçirib. Portuqaliyalı dəniz piyadaları helikopterlərdən kəndirlərlə gəminin göyərtəsinə endirilib. Təxminən 10 nəfərlik qrup qısa müddətdə gəminin kritik bölmələrinə irəliləyib. Körpü və mühərrik bölməsi nəzarətə götürülüb. Təlim ssenarisində rusiyalı şəxsi heyəti canlandıran hərbçilər zərərsizləşdirilərək saxlanılıb.
Silahlı komandolar gəminin nəzarətini ələ keçirərkən əməliyyat NATO-nun yalnız açıq dənizdəki hərbi gəmilərlə deyil, şübhəli ticarət və təminat gəmiləri ilə qarşılaşa biləcəyi ssenarilərə də hazırlaşdığını göstərib.

Baltikdən Şimal dənizinə: Avropada həyəcan zənciri
“Strike Warrior” təlimindən başqa, Avropanın digər bölgələrində də Rusiya ilə NATO ölkələri arasındakı gərginlik məsələləri ard-arda gündəmə gəlib. Finlandiya və İsveç döyüş təyyarələri sentyabrın 24-də Finlandiya körfəzi üzərində Rusiya təyyarələrinin qarşısını almaq məqsədilə birgə əməliyyat keçirib.
Polşa isə Rusiyanın Kalininqrad vilayətindən gəldiyi bildirilən “Mi-8” helikopterinin hava məkanına qısa müddətlik daxil olmasından sonra döyüş təyyarələrini havaya qaldırıb. Bundan cəmi bir gün əvvəl Polşa təyyarələri Baltik dənizi üzərində fəaliyyət göstərən Rusiyaya məxsus “İl-20” kəşfiyyat təyyarəsinin qarşısını almışdı.
Litva hava məkanında baş verən başqa bir hadisədə isə İtaliya döyüş təyyarələri Ukrayna kəşfiyyatının Rusiya tərəfindən istifadə edildiyini bildirdiyi “Geran-2” tipli hücum pilotsuz uçuş aparatına aid olduğu ehtimal edilən hava vasitəsini vurub.
Bu hadisələrin hər biri ayrıca təhlükəsizlik insidenti olub. Lakin NATO baxımından onlar ortaq bir məsələyə işarə edir: Avropanın hava və dəniz məkanında daha çox sayda şübhəli və ya hərbi hərəkətliliyin izlənməsi tələb olunur. Təhdid isə yalnız səmada deyil.
NATO-nun yeni kabusu: sualtı qayıqlar
Avropanın təhlükəsizlik dairələrinin diqqətini çəkən digər sahə isə dənizlərin kilometrlərlə dərinliyində yerləşən kritik infrastrukturdur. Sualtı internet kabelləri və təbii qaz xətləri Avropa iqtisadiyyatının görünməyən damarlarından biridir. Bu səbəbdən Rusiya sualtı qayıqlarının Avropa ətrafındakı hərəkətləri NATO tərəfindən yaxından izlənilir.
Niderlandın “Van Amstel” freqatının döyüş mərkəzində xidmət edən heyət sualtı qayıqları aşkar etmək üçün saatlarla radar, sonar və digər sensorlardan daxil olan məlumatları təhlil edib. Gəminin Komanda İnformasiya Mərkəzində çalışan niderlandlı leytenant Rik sualtı qayıqlara qarşı mübarizəni şahmat oyununa bənzədib. Çünki burada mübarizə çox vaxt silahların atəşə tutulması ilə deyil, qarşı tərəfin harada olduğunu müəyyənləşdirməyə çalışmaqla başlayır.

“Çox yaxşı ola bilərəm, amma təkəm”
“Van Amstel”in komandiri kapitan Şors ter Vin NATO-nun Rusiya sualtı qayıqlarını izləmək üçün malik olduğu imkanların Avropanın geniş dəniz ərazilərinə nəzarət baxımından kifayət edib-etmədiyi barədə xəbərdarlıq edib.
Ter Vin “The Telegraph”a açıqlamasında “Çox yaxşı ola bilərəm, amma təkəm. Dəniz isə çox böyükdür” deyərək xüsusilə sualtı qayıqlara qarşı mübarizədə kəmiyyətin keyfiyyət qədər əhəmiyyətli olduğunu bildirib.
Böyük Britaniyanın “Type 23” freqat donanmasının sayının azalması, yeni “Type 26” və “Type 31” sinifli gəmilərin hələ tam gücü ilə fəaliyyətə başlamaması və nüvə sualtı qayıqları donanmasında mövcud əməliyyat problemləri NATO-nun dənizlərdəki imkanları ilə bağlı müzakirələrin əsasını təşkil edir.
Ter Vinin sözlərinə görə, problem yalnız Rusiyanın nə etdiyi deyil. Məsələ NATO-nun buna nə qədər sürətlə cavab verə bilməsidir.
“Şəxsi heyət üçün təhlükə realdır və bundan çox narahatam”, - deyən niderlandlı komandir Rusiyanın NATO-nun sərhədlərini sınaqdan keçirərək alyansı daha böyük münaqişəyə sürükləyə biləcək hadisələr yaratmasından narahat olduğunu bildirib.
Aydın
Şərhlər