"Moskvanın hədəfi
maksimum şəkildə döyüşləri dayandırmaqdır ki, bölgədəki əsas müttəfiqi dəhşətli
itkilərə məruz qalıb, böyük çalxantıya yuvarlanmasın”.
Bunu Qaynarinfo-ya
açıqlamasında analitik İlkin Həsənli deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin son çıxışı
göstərir ki, Moskva maksimum şəkildə savaşın indiki mərhələdə tam dayanmasını istəyir
və Ermənistanın bundan sonra böyük itkilər verməsinə razı deyil:
"Rusiya lideri hədər
yerə tərəflərin danışıqlar masası ətrafına oturmalı olduğunu demir. Təsadüfi
deyil ki, Moskvanın bu açıqlaması Laçın və Şuşa ətrafında qızğın döyüşlərin
getdiyi ərəfədə baş verir. Digər tərəfdən Moskvanın özünün də etiraf etdiyi
kimi, Rusiya hərbçiləri bölgədəki döyüşləri diqqətlə analiz edirlər. Putin
israrla bu açıqlamanı verirsə, demək ki, ruslar artıq ermənilərin Laçın və
Şuşada dayana bilməyəcəyi qənaətinə gəliblər. Onlar maksimum bu iki şəhərin
işğaldan azad edilməsini yalnız yubada bilərlər, onun qarşısını almaq gücündə
deyillər. Moskvada yaxşı başa düşürlər ki, Laçın və Şuşanın əldən getməsi,
müharibənin taleyinin tam həll edilməsi anlamına gəlir. Bu isə Ermənistanın
qısa zamanda məğlub olması demək olacaq. Ona görə də Putin məsələyə müdaxilə
edir və təcili olaraq danışıqlardan bəhs edir”.
İlkin Həsənli qeyd
edib ki, Putin Azərbaycan ordusunun azad etdiyi torpaqlardan çıxmayacağını gözəl
bilir:
"Ona görə də israrla
danışıqlar məsələsini gündəmə gətirir ki, əməliyyatlar hanssıa formada zəiflədilsin.
Yenə də deyirəm ki, maksimal hədəfləri əməliyyatı dayandırıb, yenidən uzun və mənasız
danışıqlara başlamaq, minimal hədəfləri isə hər şey əldə çıxacağı təqdirdə Azərbaycana
az da olsa təsir rıçağı saxlamaqdır. Putinin indiki təklifi məhz bu hədəflərə
gedilən yoldur. Bir şeyə diqqət edin ki, Putin danışıqların Minsk Qrupu və həmsədrlərinin
hazırladığı təkliflər əsasında həll edilməsini istədiyini deyir. İndiyə qədər tərəflərə
edilən təkliflər yalnız həmsədr ölkələr tərəfindən hazırlanıb. Yəni, burada heç
bir Minsk Qrupundan söhbət gedə bilməz. Lakin bu açıqlama ilə Putin yenidən tərəfləri
Madrid prinsipləri ətrafında müzakirəyə çağırır. Yəni, demək istəyir ki, Azərbaycanın
azad etdiyi rayonlara rəğmən, yenə də bizim bundan öncə irəli sürdüyümüz təkliflər
gündəmdə qalmalı və heç bir dəyişiklik edilməməlidir. Bu isə indiki halda
mümkün deyil, ona görə ki, Azərbaycan rəsmən 5+2 variantından imtina edib”.
Analitik vurğulayıb
ki, Putin həm də maraqlar balansının təmin olunmasını da önə çəkib:
"Bu maraqlar balansı
Azərbaycanla Ermənistana yox, daha çox Rusiyanın maraqlarına aiddir. Yəni,
Moskva üçün artıq Ermənistan deyilən bir anlayış yoxdur, Moskva indi yalnız öz
maraqlarının təminatının tam itirilməməsinin dərdindədir. Moskva rəsmən tələb
edir ki, hər şeyə rəğmən, mənim maraqlarımı mütləq təmin etməlisən. Bu isə rəsmən
Azərbaycanda təsir rıçağı saxlamağa hədəflənib. Buna görədir ki, artıq Putin son
bir həftə ikinci dəfə konfliktin etnik köklərinin olmasıyla bağlı məsələni dilə
gətirir. Moskva israrla konfliktin etnik olması ilə bağlı məsələni gündəmdə
saxlamaq istəyir. Yəni, bir tərəfdən özünü xristianların qoruyucusu olaraq təqdim
edən Moskva kiçik və əzilmiş xalqı qorumaq görüntüsü yaratmağa çalışır və Azərbaycana
bununla bağlı mesaj verir. Digər tərəfdən etnik məsələni gündəmdə saxlamaqla Azərbaycandan
Qarabağdakı ermənilər üçün nəsə almağa çalışır. Hətta bunu ala bilməyəcəyi təqdirdə
belə bu məsələni gündəmdə saxlayaraq, Qarabağla bağlı yekun müqavilənin
bağlanmasına imkan vermək istəmir”.
Analitikə görə, Moskvanın
planları dəyişməz qalır:
"Kreml faktiki olaraq
Qarabağda məğlub olur və ona görə də çarə axtarır. Hər bir halda görünən odur
ki, Cenevrə görüşləri çox çətin keçəcək və Moskva israrla, hətta təhdidə cəhd
edərək Azərbaycandan nəsə əldə etməyə cəhd edəcək. Paşinyanın Azərbaycanın
qarşısından geri çəkilmək istəməməsinin səbəbi məhz bununla bağlıdır”.
Bahar Rüstəmli
Şərhlər