Xəbər lenti

Dünya 16:27 13.05.2024

"Putinin əsgəri" müharibə yolunda: Kreml Belousovdan nə tələb edəcək? - Qərb mediasının icmalı

Sergey Şoyqunun əvəzinə Rusiya müdafiə naziri vəzifəsinə iqtisadçı Andrey Belousovun gözlənilməz namizədliyi Qərb analitiklərində heç bir şübhə yeri qoymadı: Kreml uzunmüddətli müharibəyə ümid edir və hərbi iqtisadiyyatı tam sürətlə genişləndirməyə çalışacaq.

Qaynarinfo Qərb mediasından, Belousovun müdafiə naziri seçilməsi və gələcək rolu hələ məlum olmayan Nikolay Patruşevin yerinə Sergey Şoyqunun Təhlükəsizlik Şurasının rəhbəri təyin edilməsinə qədər Rusiya Federasiyasının güc strukturlarında yeni rotasiyalarla bağlı şərhləri toplayıb. 

CNN "Putinin yaxın müttəfiqi” Sergey Şoyqunun iqtisadçı Belousovla əvəzlənməsini Rusiya Federasiyasının "hərbi rəhbərliyində ciddi dəyişiklik" adlandırır. ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper CNN-ə verdiyi şərhdə Putinin indi etdiyi kadr dəyişikliklərini "vacib” və "maraqlı” addım adlandırıb.

"İndi Moskvadan gələn əsas siqnal Rusiyanın müharibə iqtisadiyyatına doğru getməsidir. Onlar müharibə yolundadırlar", - Esper bildirib. ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbəri onu da xatırladıb ki, Şoyqunun rəhbərliyi altında Rusiya Müdafiə Nazirliyi qlobal hərbi ictimaiyyəti heyrətləndirməyib: 

"Şoyqunun vəzifədə olması ilə bağlı məyusluqlardan biri odur ki, biz Rusiya ordusunun - ən azı Pentaqonda olduğum müddətdə - biz onların peşəkarlaşdıqlarını, bütün avadanlıqlarını, doktrinalarını və təlim və döyüş üsullarını modernləşdirdiklərini düşünürdük. Amma biz bunu döyüş meydanında görmədik”.

"The Guardian” Belousovun təyinatını "gözlənilməz” kimi səciyyələndirir və yazır ki, bu, Ukraynanın işğalından sonra Rusiya Federasiyasının "hərbi komandanlığında ən əhəmiyyətli dəyişiklikdir” 
 
Nəşr Şoyqunun Putinə uzunmüddətli yaxınlığını və müdafiə nazirinin mövqeyinin son vaxtlar, xüsusən də onun müavini Timur İvanovun həbsindən sonra nəzərəçarpacaq dərəcədə zəiflədiyini xatırladır.

Hazırkı kadr rotasiya ilə Putin formal olaraq Şoyqunu Müdafiə Nazirliyindəki rolundan daha yüksək hesab edilən vəzifəyə keçirir, lakin müşahidəçilər hesab edirlər ki, Rusiya prezidentinin bu addımı ilə yalnız çoxdankı müttəfiqinin "simasını xilas etməyə” imkan verib.

Rusiya üzrə tədqiqatçı və Londonda yerləşən "Mayak Intelligence” konsaltinq şirkətinin direktoru Mark Qaleotti hesab edir ki, Putin üçün indi Şoyqunun yerinə "iqtisadiyyatın böyük hissəsinin faktiki olaraq müdafiə sektorunun ehtiyaclarına tabe edilməsinin zəruriliyindən danışan iqtisadçının” təyin edilməsi məntiqlidir. "İndi bu, mahiyyət etibarı ilə maliyyə inzibatçısının işidir və Belousov bunu etməyə qadirdir" deyə Qaleotti müharibənin hazırkı mərhələsində Rusiya müdafiə nazirinin rolunu qiymətləndirir.

Materialda xatırladılır ki, son iki ildə Rusiya hərbi istehsalı əhəmiyyətli dərəcədə artırıb və ümumi müdafiə xərcləri ÜDM-in təxminən 7,5%-nə yüksəlib.
"Kreml nazirliyə onun fəaliyyətini optimallaşdırmağı bilən iqtisadçının rəhbərlik etməsini istəyir. Müdafiə Nazirliyi effektiv və yaxşı idarə olunmalıdır, halbuki döyüş meydanında faktiki qərarlar hərbçilərdə qalır”, -  adının çəkilməsini istəməyən Şoyqu ilə işləyən keçmiş müdafiə sənayesi rəsmisi deyib.

"The New York Times” qeyd edir ki, Putin Belousovu seçməklə "Rusiyanın hərbi səylərini iqtisadi cəhətdən dayanıqlı əsasa qoymaq əzmini nümayiş etdirdi”. Və Rusiya prezidenti açıq-aydın Sergey Şoyqunu öz çevrəsində saxlamağa çalışır. Baxmayaraq ki, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsi Şoyquya çox az səlahiyyət verəcək, lakin Putinlə yaxından təması saxlamağa imkan verəcək. 

NYT kadrların rotasiyasını Putinin sistemində "nadir yenilənmə” adlandırır, "o, tələsik dəyişikliklərdən qaçmağa çalışır, çünki bu, Rusiyanın Ukraynaya qarşı iki ildən çox davam edən müharibəsində dönüş nöqtəsi ola bilər”. İndi Müdafiə Nazirliyinə iqtisadçı təyin edən Putin "istənilən hərbi qələbə üçün sənaye gücünün vacibliyini üstüörtülü şəkildə etiraf edir”.

"Carnegie Russia” Avrasiya Mərkəzinin baş elmi əməkdaşı Aleksandr Baunov bildirir ki, Şoyqu "yıxılmaq üçün çox böyük fiqur idi”. Lakin o əlavə edib ki, yeni vəzifəsində Şoyqu "real rəhbərlik səlahiyyətləri olmadan və kassasız” qalacaq.

NYT, həmçinin uzun müddət Putinin yaxın çevrəsinin üzvü sayılan, KQB keçmişi və Kremldə sərt xətt tərəfdarı olan Patruşevin statusunda mümkün dəyişikliyə də diqqət çəkir.

"The Washington Post” yazır ki, Belousovun Şoyqunun əvəzinə seçilməsi "Putinin Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini maliyyələşdirmək üçün hərbi xərclərin nəhəng artımına ciddi nəzarəti təmin edəcək və Rusiya Müdafiə Nazirliyində böyük miqyaslı korrupsiyanı cilovlaya biləcək bir müdafiə naziri istəyini göstərdi”. WP xatırladır ki, işğalın əvvəlində Rusiya qoşunlarının uğursuzluğunun səbəblərindən biri məhz Rusiya silahlı qüvvələrində korrupsiyanın nəticələri idi.
Nəşr həmçinin Kremlin mühüm kadr dəyişikliklərini elan etmək üçün seçdiyi vaxta diqqət çəkir - bazar günü axşam, Rusiya Federasiyasında dördgünlük istirahətin sonunda (Qələbə Gününün qeyd olunması ilə əlaqədar). Buna görə də, bu xəbərin vaxtı "Ukraynada uzun sürən müharibə fonunda tektonik dəyişikliklər kimi qəbul edilməməsi və Şoyqunun vəzifəsinin aşağı salınması kimi dəyişdirilməsinə işarə etməməsi üçün diqqətlə seçilib", - WP yazır.

"İllərdir Şoyqunun Putinin potensial varisi ola biləcəyi ilə bağlı şayiələr gəzirdi, lakin o, həm də 2022-ci ilin fevralında Ukraynaya müdaxilədən sonra ordunun fəlakətli uğursuzluqlarına görə sərt tənqidlərlə üzləşib”, – nəşr əlavə edir və xatırladır ki, Şoyqunun ən sərt tənqidçilərindən biri qəribə təyyarə qəzasında həlak olan Yevgeni Priqojin olub. 

WP həmçinin vurğulayır ki, hazırda xüsusi diqqət Patruşevin - "Putinin özündən sonra ən böyük təsirə malik nüfuzlu şəxsin" gələcək mövqeyinə yönəlib. Hətta kremlpərəst politoloqlar, o cümlədən Sergey Markov Patruşevin gələcək taleyi ilə bağlı fərziyyələr irəli sürməyə başlayıb: "Heç kim Patruşevlə bağlı nə baş verdiyini bilmir. Onun Prezident Administrasiyasına rəhbər təyin oluna biləcəyi ilə bağlı xəbərlər var; ya da ola bilsin ki, işdən çıxarılıb” deyən Markov, Patruşevin yaşı (72) və səhhətinin də belə qərara səbəb ola biləcəyini bildirib. Markov əlavə edib ki, Putinin kadr dəyişiklikləri ilə bağlı qərarları tam məxfilik şəraitində qəbul edilir və Patruşevin "səlahiyyətlərini aşdığını” istisna etməyib.

WP Andrey Belousovu "Putinin yaxın çevrəsinin üzvü sayılan təcrübəli iqtisadçı” kimi təsvir edir, Rusiya prezidentinin köməkçisi olub və bir neçə onilliklər ərzində mühüm iqtisadi vəzifələrdə çalışıb. "Belousov dövlət ehtiyatlarını artırmaq üçün ən böyük gəlirli dövlət müəssisələrindən - dağ-mədən və metallurgiya nəhənglərindən vəsaitlərin yığılmasının tərəfdarı kimi ad çıxarıb”.

"Məncə, onun təyin edilməsinin məqsədi uzun sürən müharibə üçün lazım olan resursları tapmaqdır. Belousov "hər şey cəbhə üçün, hər şey qələbə üçün” ruhunda səfərbərlik iqtisadiyyatının tanınmış tərəfdarıdır. O, iqtisadi vəziyyəti yaxşı bilir, ona görə də mülki həmkarları üçün ondan nəyisə gizlətmək çətin olacaq”, – WP 2008-2010-cu illərdə Putinin spikeri, 2018-ci ilə qədər Kremldə siyasi məsləhətçi olmuş Abbas Qalyamovun fikrinə istinad edir.

Eyni zamanda, rusiyalı iqtisadçı, Çikaqo Universitetinin professoru və Putin rejiminin sərt tənqidçisi Konstantin Sonin Rusiya Federasiyasında güc strukturlarının yeni kadr rotasiyasını "bizim "degenerativ avtokratiya” nəzəriyyəmizin əla nümunəsi adlandırıb. "İşlər Putinin planına uyğun getmir, lakin o, eyni kiçik sadiq qrupunu sonsuza qədər rotasiya edəcək. Putin həmişə rəhbər vəzifələrə yeni adamlar gətirməkdən qorxurdu, hətta ən yaxşı vaxtlarda belə, özlərinin heç bir perspektivi olmayan şəxsiyyətsizlər olub. Hələ mən hakimiyyətinin sonunda demirəm”, - Sonin deyir.

"The Financial Times” vurğulayır ki, Belousov, nazir kimi mayın 9-da Moskvada keçirilən paradda medallarla sonuncu dəfə ictimaiyyət qarşısında çıxış edən Şoyqu ilə müqayisədə "fərqli yoğrulub”. Nəşr yazır: "Sovet təhsili almış iqtisadçı Belousov orduda bir gün də xidmət etməyib, lakin Putinə müxtəlif vəzifələrdə mülki iqtisadi məsləhətçi kimi xidmət edib”.

Hər iki rusiyalı məmuru yaxından tanıyan FT mənbələrinə görə, Putinin sürpriz şəkildə Belousovu müdafiə naziri seçməsi Kreml rəhbərinin Rusiyanın Ukraynaya hücumu ilə bağlı "böyük dəyişikliklər” axtardığını göstərir.

Belousovla yaxından tanış olan insanlar deyirlər ki, dövlət sənaye siyasətinin mühafizəçisi və heç bir səlahiyyət rıçaqları olmayan texnokrat Belousovun təyin edilməsi Putinin Rusiyanın rekord səviyyəyə çatan 10,8 trilyon rubllıq (117,5 mlrd dollar – red.) müdafiə xərclərinə daha yaxından nəzarət etmək istədiyini göstərir. "Bu, indi Müdafiə Nazirliyində olandan çox fərqli olacaq. Şoyqu və onun ətrafındakıların hamısı həqiqətən "kommersiya” adamları idi”, FT Putin və Belousovu onilliklər ərzində tanıyan bir şəxsdən sitat gətirir. "Belousov bütün bu medallarla orduya general kimi rəhbərlik edəcəyini iddia etməyəcək. O işgüzardır, texnokratdır […] və Putin onu çox yaxşı tanıyır”, – mənbə əlavə edib.

"O, heç də axmaq deyil. Riyazi ağlı var, amma mentaliteti sovet mentalitetidir. Onun ədalətlə bağlı axmaq bir fikri var: kimsə çox pul qazanırsa, onu əlindən almalısan. Bu haradasa bir az Çinə oxşayır”, - Kremlin keçmiş yüksək vəzifəli məmuru FT-yə bildirib.

Rusiya Mərkəzi Bankının keçmiş rəsmisi Aleksandra Prokopenko hesab edir ki, Belousovun təyinatı hökumətlə Müdafiə Nazirliyinin xərcləri daha sıx əlaqələndirəcəkləri deməkdir. "Şoyqunun dövründə belə idi ki, Sergey Kujeqetoviç (Şoyqu) sadəcə kabinetə giridi və nağd pulla çıxırdı”, - Prokopenko deyir. Onun fikrincə, Belousov bu vəzifədə fərqli olacaq. "Ancaq hərbi xərclər azala yox, arta bilər. Belousov sənayenin iqtisadiyyatdakı rolunun tanınmış tərəfdarıdır, ona görə də müdafiə sektoru vasitəsilə iqtisadiyyata nağd pul axınının tərəfdarıdır”, - o qeyd edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->