Əməkdar mədəniyyət işçisi, kulinar Tahir Əmiraslanovun mətbuata müsahibəsində dediyi bəzi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Qidalanma və yemək mədəniyyətindən danışan Tahir Əmiraslanov bildirib ki, qadınlar ərlərini anasının xörəklərindən yeməyə imkan verməməlidir:
"Əgər qadın özünü ərinə sevdirmək istəyirsə, hətta kişinin anası və bacısına da imkan verməməlidir ki, ona yemək bişirsin”.
Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında isə Tahir Əmiraslanovla razılaşmadığını vurğulayıb:
"Nə hüququ, nə də dini baxımdan qadın evdə həyat yoldaşına yemək bişirməyə borclu deyil. Bu məsələnin hüququ və dini tərəfidir. Amma bizim Azərbaycan mədəniyyəti nöqteyi nəzərindən ailələrimizdə kişi və qadın arasında sanki yazılmamış bir anlaşma var. Bu yazılmamış anlaşma əsasında qadın kişiyə xidmət edir, həyat yoldaşı da xanımına xidmət edir, onun istəklərini bacardığı, yəni maddi imkanları çərçivəsində doğruldur. Bu yazılmamış anlaşma çox gözəldir. Tarixən Azərbaycan ailələrini dayanıqlı, möhkəm saxlayan əsas amillərdən biri elə kişi ilə xanımı arasında bağlanılan anlaşmadır”.
Mail Yaqub hesab edir ki, son illərdə boşanmaların əsas səbəblərindən biri də bu yazılmamış anlaşmaların pozulmasıdır:
"Bu, çox vacibdir. Bütün məsələləri hüquq həll edə bilməz. Ailədə bir çox məsələləri hüquq həll edə bilmir. Burada artıq mentalitet, milli-mənəvi dəyərlər ortaya girir və ailə çox xoşbəxt olur. Yəni, xanım həyat yoldaşını evinə, özünə bağlamaq istəyirsə ona dadlı yeməklər bişirməlidir. Ən başlıcası isə qadınların təmizkarlığı əsas şərtlərdən biridir. Amma Tahir Əmiraslanovun fikri ilə razılaşmıram. Necə yəni, anasının yeməyini yeməyə imkan verməməlidir. Qətiyyən, bu, əks nəticə verə bilər. Kişi həyat yoldaşını da sevməlidir, anasını da. Ona bağlı olmalıdır. Bacısına da hörmətlə yanaşmalıdır. Həyat yoldaşını sevmək, anasını, bacısını "qara siyahı”ya salmaq anlamına gəlmir və gəlməməlidir də”.
Bahar Rüstəmli
Şərhlər