İdman 17:24 10.03.2023

“Qarabağ”ın baş məşqçisi: “Onlar bizim üçün yararsız sayılır”

"Qarabağ”ın əsas komandası Azərbaycan futbolunun səviyyəsini çoxdan keçib desək, yanılmarıq. Avropa meydanlarında özünəməxsusluğu ilə seçilən komanda özündən güclü rəqibləri də hesablaşmağa vadar edib. İllərdir azərbaycanlı azarkeşləri sevindirən Ağdam klubunun əvəzediciləri haqda, təəssüf ki, eyni sözləri söyləmək mümkün deyil. Komanda ötən mövsümü 3-cü pillədə bitirmişdisə, bu il heç də yüksək yerlərdə dayanacağı inandırıcı gəlmir. Komanda hazırda 21 xalla 11-ci yerdə qərarlaşıb.

"Qarabağ-2”nin durumu ilə bağlı baş məşqçi Cavad Mirzəbəyli Qaynarinfo-ya müsahibə verib və hazırda komandanın qeyri-sabit çıxışının səbəbini izah edib.

- "Qarabağ-2” hazırda 11-ci pillədə yer alıb. Mövsümü necə dəyərləndirirsiniz?

- Düzdür, layiq olduğumuz yerdə deyilik. Xatılayırsınızsa, keçən il çempionatı üçüncü yerdə başa vurduq. Həmin heyətdən 8 nəfər bu il komandanı tərk etdi. Bəziləri Premyer Liqa klublarına getdi. Bəziləri əsas komandaya yüksəlməyin çətin olduğunu deyib, onları başqa klublara buraxmağımızı xahiş etdi. Keçn il gənc heyətimiz vardı. Hazırda, belə deyim ki, "qara zolaq”dayıq. Əsas heyətin 5 üzvü zədəlidir. Mövsümün 2/3 hissəsinin geridə qalmasına baxmayaraq, hələ də onlardan yararlana bilmirik. Amma komandama güvənirəm. Düşünürəm ki, mövsümün sonunda daha yaxşı yerlərdə olacağıq. Kimsə bizi rahat şəkildə məğlub edə bilmir. Bir az səbrli olmaq lazımdır. İkinci amil odur ki, futbolçular 2004/2006 təvəllüdlü futbolçulardır. Rəqiblərlə arada hardasa 10 yaş fərq olur. Əsasən də Birinci Divizion komandaları arasında. Premyer Liqa təcrübəsi görən və U-17, U-19-dan çıxan uşaqlar var. Zədəlilərimiz qayıdanda, optimal heyətlə oynamağa başlayanda gələn il bizim üçün daha yaxşı olacaq. Bir də kimsə Premyer Liqaya getmək istəyirsə, onun qarşısını kəsib, nəticə üçün oynamırıq. İmkan veririk, gedirlər. Digər amil də var. Ancaq bu, şikayət deyil. Sadəcə, oyunlar zamanı digər əvəzedicilərin heyətində əsas komandadan 4-5 futbolçu olur. Bizdə meydançalara görə gərgin qrafik var. Bu səbəbdən cavanlarla oynayırıq.

- Hazırkı komandanın potensialı mövsümün sonunda maksimum neçənci pilləni tutmağa imkan verir?

- Yavaş-yavaş komanda toparlanır. Subyektiv fikrimdir, bu çempionatda "Araz Naxçıvan” xaric, istənilən komandanı uda, ən azı xal ala bilərik. Futboldur, səbrli olmaq lazımdır. Əslində, komandanın gəncərlə oynaması bizi narahat etmir. Çünki strategiyamız belədir. Gəncləri yetişdirib, hər il Premyer Liqaya 1-2 nəfər göndərmək istəyirik. Cavanlara üstünlük veririk, baxsaz, görərsiniz ki, ən böyük uşaqlar 2000-ci il təvəllüdlüdür. Başqa komandalarda isə bəlkə də ən kiçik yaşlılar bu nəsildən olanlardır.

- "Qarabağ”ın əsas komandasının səviyyə baxmından hansı mövqelərdə olması aydındır. Halbuki əvəzedicilər aşağı pillələrdədir. Qurban Qurbanov bu mənada sizə nə vaxtsa narahatlığını bildirib?

- Qurban müəllim sıx qrafiklə çalışdığı üçün, onunla köməkçiləri vasitəsi ilə əlaqə saxlayıram. Mənə izah ediblər ki, hansısa 1998 təvəllüdlü futbolçunu komandada saxlayıb nəticə üçün oynatsan, onun "Qarabağ”ın əsas komandasına yüksəlmək şansları azalacaq. 2000-ci il təvəllüdlülərdən daha böyük yaşdadırlarsa, onlar, belə desək, bizim üçün yararsız sayılır. Misal çəkim, 2 il əvvəl Nihat Quliyev heyətimizdə olanda uduzurduq, 5-6-cı yerlərdə gedirdik. Amma bu gün o, "Şamaxı”dadır, Premyer Liqada oynayır. O cümlədən Zamiq Əliyev də həmin klubdadır. Növbəti uşaqlar da belə olacaq və gələn il komandamızın nəticələri düzələcək. Kimsə, hansısa komandanın maraq dairəsinə düşürsə, ona maneə yaratmırıq.

- Əsas komandaya bu il neçə futbolçu göndərmisiniz?

- Nəriman Axundzadə bu gün Qurban müəllimin sərəncamındadır. Keçən il, qapıçı Amin Ramazanov, Nihat Quiyev, Zamiq Əliyev vardı. Əvəzedicilərdə oynadırıq və digər Premyer Liqa komandalarına icarəyə veririk ki, bu uşaqlar inkişaf etsin.

- Son illər "Qarabağ” futbolçu yetişdirmək baxımından çətinlik çəkir. Baxmayaraq ki, Avrokuboklarda yaxşı təsir bağışlayır, sıx qrafik var. Elə mütəxəssislər və futbol ictimaiyyətinin üzvləri də eyni fikirdədirlər. Sizcə, bunun səbəbi nədir?

- Uşaq yetişdirmək məsələsi akademiyanın səlahiyyətindədir. Deyə bilmərəm, niyə üzə çıxmır. Amma Premyer Liqanın başqa komandalarında kifayət qədər futbolçumuz var. Başqa komandalarda bizim uşaqlara ehtiyac olur. Onlar oyunlar zamanı həmin klubların əvəzedicilərinə köməklik göstərirlər. Başqa komandalara arendaya gedən futbolçulara Qurban müəllim nəzarət edir. Çünki sırf onun fikri və icazəsi ilə başqa komandalara gedirlər. Məsələn, Nəriman Axundazadə artıq bizim səlahiyyətimizdə deyil. Onun haqqında fikir söyləyə bilmərəm. Biz ancaq futbolçu tapıb oynatmağı düşünürük. Cavanlarla mübarizə aparmaq heç də asan deyil. Birinci Divizion komandaları ilə aramızda yaş fərqi 10-12 olur. 

- Bəs uşaq tapmaq baxımından çətinlik çəkirsiniz?

- Təkcə, "Qarabağ” deyil, başqa klublarda da belə problem var. Azərbaycan futbolunda istedadlı, potensiallı uşaq tapmaq gündən-günə çətinləşir.

- Bu, nədən qaynaqlana bilər?

- Əvəzedici heyətdə də belə problemlər görürük, Ya maraq yoxdur, ya başqa vərdişlərə meyillənirlər, yaxud gəlib-getmək üçün imkanları çatmır, nədirsə, bilmirəm. Açığı, dəqiq nəsə deyə bilmərəm. Oturub analiz etmək, düşünmək lazımdır. Söz xətrinə danışmaq düz deyil.

- İcraiyyə Komitəsi yeni mövsümdən əvəzedicilərin Birinci Diviziondan ayrılması ilə bağlı qərar çıxardı, buna münasibətiniz necədir?

- Məncə, düzgün qərardır. Çünki Birinci Divizion komandaları ilə əvəzedicilərin strategiyaları eyni deyil. Onlar müstəqildirlər, daha çox yaşlı və təcrübəli futbolçulardan formalaşırlar. Əks tərəfdə, daha gənc və perspektivli uşaqlar yer alır. Onlarla eyni liqada mübarizə aparmaq bizim üçün çox çətindir. Həm yaş, həm təcrübə fərqi çoxdur. Birinci divizionda təcrübəli, əvəzedicilərdə daha gənc futbolçular oynamalıdır. Əvəzedicilərdən birbaşa əsas komandaya getmək çətin olur. Birinci Divizion bu mənada tramplin rolunu oynamalıdır.

- Bir neçə il əvvəl də əvəzedicilərin çempionatı keçirilirdi. Ancaq kölgədə qalırdı. Bu dəfə də yarışın diqqət mərkəzindən kənarda qalacağını düşünmək mümkündür?

- Fikrimcə, Birinci Divizion daha maraqlı olacaq. Nəticə baxımından danışırıqsa, komandanın nə ilə üzləşəcəyi bilinmir. Əsas komandadan əvəzedicilərə cərimələnmiş və ya cəzalanmış futbolçular gələ bilər. Yaxud bir komanda daha çox güclənər, digəri əksinə. Bu şeylər böyük rol oynayır. Əvəzedicilərin çempionatı stabil deyil. Burada sırf əvəzedicilərin gücü bəlli olmur, çünki komandaların mübarizəsi əsas götürülmür. Əvəzedicilərin çempionatında nəticəyə çox önəm vermək düz deyil. Keçən il gənc heyətlə üçüncü yer tutmuşduq. Bu il demək olar 70 faiz dəyişiklik etmişik. 

Səbuhi Həsənov