İdman 09:36 04.10.2022

“Qarabağ” - “Neftçi” matçının nəticəsi bizə hansı mesajı verir? - Mütəxəssis

Azərbaycan Premyer Liqasının 8-ci turu "Qarabağ” - "Neftçi” derbisi ilə yadda qaldı. Oyun tempi, yüksək sürət, gərginlik və bir çox maraqlı məqamlarla yadda qalan qarşılaşmada hesabı "Neftçi” açsa da, qələbə Qurban Qurbanovun komandasının oldu. Prinsipial rəqibi üzərində 3:1 hesablı qələbə qazanan ağdamlılar mövqeyini bir qədər də möhkəmləndirdi. Bəs bu nəticə mövsümün sonu ilə bağlı bizə hansı mesajı verir?

Həm derbi, həm də Azərbaycan Premyer Liqası ilə bağlı suallarımıza veteran futbolçu, hazırda millimizdə köməkçi məşqçi vəzifəsini yerinə yetirən Arif Əsədovdan cavab aldıq. Əsədov Qaynarinfo-ya müsahibəsində derbi ilə yanaşı, digər klublarımızın durumu haqda da təəssüratlarını bölüşdü:

- Ötən həftə baş tutan "Qarabağ” - "Neftçi” matçı ilə bağlı düşüncələrinizi bölüşmənizi istərdik…

- Oyun hər iki komandanın ifasında çox gözəl alındı. Xüsusən də ilk hissə daha dinamik və dramatik keçdi. "Neftçi”yə mübarizə aparmaq üçün əlindəki "material”ın, ehtiyat qüvvənin nə dərəcədə yetərli ola biləcəyi çox vacibdir. "Qarabağ” bu mənada üstünlük təşkil edir, çünki iki bərabərsəviyyəli heyəti var. "Neftçi” istər-istəməz əziyyət çəkə bilər. Komandanın fiziki baxımdan sona qədər nə dərəcədə çatdıra biləcəyi vacib idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdilər. "Qarabağ” kimi komandaya qarşı oynayırsansa, meydanın hər yerində pressinq tətbiq etməli, futbolçulara qarşı kompaktlıq yaradıb onlara imkan verməməlisən. Sona qədər pressinq etmək isə çox çətindir, güc lazımdır. İkinci hissədə "Neftçi”nin gücü tükəndiyi üçün "Qarabağ”ın istədiyi oyun alınmağa başladı. Üstəlik əvəzetmələr arasında çox böyük fərqlər oldu. "Neftçi”də məcburi, "Qarabağ”da isə hücumu gücləndirmək üçün əvəzetmələr həyata keçirildi. Ümumilikdə ilk hissə "Neftçi”nin, ikinci hissə "Qarabağ”ın üstünlüyü ilə keçdi. İkinci qoldan sonra komandaya çətin olacağı göründü.

- "Neftçi” "Qarabağ”a daha hansı komponentlərdə uduzdu?

- Düşünürəm ki, burada taktikadan söhbət gedə bilməz. "Qarabağ”a qarşı elə oyun seçməlisən ki, onlara pressinq edəsən. Bu üzdən düşünürəm ki, fiziki baxımdan gücü çatmadı. Ehtiyat qüvvənin olmamasına görə də hansısa gedişlər edə bilmədi. Yəni "Neftçi”də şablondur, bir futbolçunu çıxarıb digərini meydana buraxa bilərsən. Məsələn, beşli müdafiədən, dördlü və ya üçlü sistemə keçmək üçün ehtiyat qüvvəsi yoxdur. Sistem dəyişmək üçün "material” yoxdur. Bir də "Qarabağ”ın cinah müdafiəçiləri var. "Neftçi”də işlədiyim və ondan sonrakı dönəmlərdə daha çox cinah hücumlarına üstünlük verilirdi. Hansı ki, müdafiəçilər hücumların təşkil olunmasında iştirak edirdi. Müdafiəçilərlə yarımmüdafiəçilərin tandemi düzgün səviyyədə qurulmalıdır. Vaxtilə "Neftçi”də olan Mahir Şükürov - Araz Abdullayev, Culius Vobay - Bruno Bertuççi tandemini göstərə bilərəm. "Qarabağ”da isə gördünüz, Elvin Cəfərquliyev nə qədər təhlükələr yaratdı. Kənardan təhlükəli asmalar edirdi. 

- Geridə qalan turlar ərzində "Neftçi”də hansısa üslub formalaşması gördünüzmü?

- "Neftçi”də oturuşmuş oyun baxımından heç nə görünmür. Rəqibə qarşı qurulan əks-hücum, pressinqin hesabına mübarizə aparırdı. Yəni "Qarabağ”ı nəyəsə məcbur etmək, oyun qurmaq "Neftçi”də yox idi. Bu da onunla əlaqədardır ki, yeni məşqçi gəlib, komanda oturuşmayıb, əlində istədiyi "material" yoxdur. Bu baxımından geri qalırlar.

- Bu nəticə, hazırkı durum, bizə mövsümün sonu ilə bağlı hansısa mesajları verir?

- Hələ çempionatın ilk dövrəsi bitib. Amma sona qədər belə davam etsə, təbii ki, "Qarabağ” açıq-aşkar favoritdir. "Neftçi” qış fasiləsində hansısa dəyişiklik etsə, bura "Sabah”ı da qata bilərəm, bu üç komanda bir-birilərindən xal almaq gücündə olsalar intriqa artacaq. Əks halda "Qarabağ” bu komandaların öz aralarındakı duellərindən yararlanıb çempionluğu əldə edəcək.

- "Sabah” mövsümə yaxşı başlayıb, favoritlərdən biri kimi göstərilir. Necə düşünürsünüz, Murad Musayevin kollektivi bu tempə sona qədər dözə biləcək?

- "Sabah”, "Qarabağ”, "Neftçi” - bu komandaları müqayisə etsək, "Neftçi” ilə "Sabah” həm oyun, həm yeni futbolçuların keyfiyyəti baxımından bərabərsəviyyəlidir. "Qarabağ” isə bu rəqiblərindən çox irəlidədir. Üstəlik kimlər gəlib bu komandalarla mübarizəyəqoşula bilər? İnanmıram ki, belə komanda olsun. "Qəbələ”, "Zirə” bəlkə də "Səbail” dördüncü yer uğrunda oynaya bilər. "Sabah” qızıl medal üçün oyun üslubunu bir qədər də təkminləşdirməlidir ki, "Qarabağ” və "Neftçi” ilə mübarizə aparsın. Çünki "Şamaxı” ilə matçda çətinliklə qələbə qazandılar. Bu anlaşmanın yüksək səviyyədə olmamasından irəli gəlir. Məncə, "Sabah”da yeni futbolçulara o qədər də ehtiyac yoxdur, xətlərarası əlaqələr güclənməlidir. Bəlkə də yarımmüdafiə xəttinə daha keyfiyyətli bir oyunçu gətirilsə komandaya güc qatta bilər. Oyunçuların keyfiyyətinə uyğun oyun üslubu formalaşdırmaq lazımdır ki, sonda planlaşdırma yüksək səviyyədə olsun.

- Premyer Liqa ilə bağlı təssüratlarınız necədir? Hansısa irəliləyiş varmı?

- Bu üç komandanı çıxıb, digərlərini analiz etsək… "Kəpəz”lə "Sumqayıt”ın oyununa baxdım. Məncə, autsayderlər zonasından çıxmağa başlayacaqlar. Artıq "Turan Tovuz”a, "Qəbələ”yə, "Zirə”yə qarşı müqavimət göstərə biləcəklər. Gərginlik hiss olunacaq. Necə ki, ilk turlarda artıq hiss olunurdu ki, "Kəpəz”, "Sumqayıt” açıq autsayderdir. İndi bu status yavaş-yavaş götürülməyə başlayır. Mübarizələr gedir və burada heç bir komandanı açıq-aşkar autsayder adlandırmaq olmaz. "Sumqayıt”la "Kəpəz” qış fasiləsində lazım olan oyunçuları gətirəndə artıq mübarizə yüksələcək. Premyer Liqanın dinamikası yaxşıya doğru gedir.

Səbuhi Həsənov