Dünya 14:36 29.01.2023

Qırıcı təyyarələrin Ukraynaya çatdırılması an məsələsidir - "Business Insider"

Ukrayna mütləq Qərbdən döyüş təyyarələri alacaq. Digər silahların tədarükü təcrübəsi bunu təsdiqləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" yazır.

Qeyd olunur ki, son 11 ay ərzində Ukrayna tərəfdaşlarından hər hansı silah istəsəyibsə, bir müddət sonra onu alıb. MLRS, hava hücumundan müdafiə sistemləri, zirehli döyüş maşınları və tanklar bu sıraya aiddir.

Fransanın ABŞ və BMT-dəki keçmiş səfiri Jerar Aronun fikrincə, Ukraynanın Qərb təyyarələri alması da an məsələsidir.

"Hər üç aydan bir yeni silah növü ilə bağlı müzakirələr gedir. İndi onlar tanklardan danışırdılar. Mən ehtimal edə bilərəm ki, yaxın üç ayda təyyarədən danışılacaq", deyə diplomat bildirib.

Jerar Aro qeyd edib ki, hər bir yeni silah növü ilə bağlı müzakirələr beynəlxalq çəkişmələrə çevrilir, lakin sonda Qərb yeni hərbi texnikaya "yaşıl işıq" yandırır.

"Politico” isə müzakirələrdən xəbəri olan 3 mənbəyə istinadən yazır ki, yüksək rütbəli hərbi məmurlar Pentaqonu səssiz şəkildə F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verməyə sövq edir.

Adı açıqlanmayan yüksək rütbəli Ukrayna rəsmisi bildirib ki, Ukrayna və Qərb müttəfiqləri hərbi təyyarələrin və uzaqmənzilli raketlərin mümkün yerləşdirilməsi ilə bağlı sürətli danışıqlar aparırlar. Mənbələrdən biri qeyd edib ki, ABŞ-ın öz təyyarələrinin tədarükü ilə bağlı qərar qəbul etməsi və F-16-ların başqa ölkələrdən təkrar ixracına razılıq verməsi həftələr çəkə bilər.

Ukrayna Müdafiə Nazirliyi də Amerika qırıcılarına təcili şəkildə ehtiyac olduğunu bildirir.

"Onları əldə etsək, döyüş meydanında üstünlüklər böyük olacaq... Bu, təkcə F-16 deyil: dördüncü nəsil təyyarələr də lazımdır", deyə müdafiə naziri Aleksey Reznikovun müşaviri Yuri Sak "Reuters"in şərhində qeyd edib.

Qeyd edək ki, Qərb ölkələri tankların tədarükünü təsdiqləndikdən sonra Ukrayna qırıcılarla bağlı da qərar verilməsinə çalışır. Bu məsələdə Kiyev Baltikyanı ölkələrin dəstəyinə ümid edir.

Qeyri-rəsmi məlumatlara görə, ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Ukraynaya göndərilməsi imkanlarını araşdırmaq niyyətindədir. Bu məsələ müttəfiqlərlə müzakirə olunacaq.

Eyni zamanda, Britaniya hakimiyyəti Ukraynaya döyüş təyyarələrinin təhvil verilməsini təsdiqləməyə hazırdır, ancaq Rusiya qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra bu qərar veriləcək.

Yanvarın 20-də Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə Ramşteyn formatında iclas iştirakçılarına müraciət edərək, vaxt itirməməyə, Ukraynanı F-16 və uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb. Fevralda keçiriləcək növbəti Ramşteyn görüşündə aviasiyanın əsas mövzu olacağı gözlənilir.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, F-16-ların alınması ölkənin səmasını bağlamağa və Rusiya qanadlı raketlərini vurmağa kömək edəcək. Bu yüngül qırıcı 2410 km/saat sürətə çata bilir və 550 km döyüş radiusuna malikdir (altıya qədər yaxın mənzilli idarə olunan raketləri daşıya bilən altı lüləli təyyarə topu ilə silahlanıb).

Bu ayın əvvəlində müdafiə naziri Aleksey Reznikov bildirmişdi ki, Ukraynanın əvvəllər döyüş təyyarələrinin çatdırılmasına mane olan tərəfdaşları məsələyə münasibətini dəyişir. Məsələn, Hollandiya Kiyevdən müvafiq sorğu aldıqdan sonra F-16 qırıcılarının təhvil verilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Yanvarın 25-də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba avropalı tərəfdaşların Ukraynaya F-16 qırıcı təyyarələrinin tədarükü üzərində işləməyə başladığına eyham vurmuşdu.

Aydın