Xəbər lenti

Ölkə 15:50 28.07.2023

"Qızlar üçün yoxsulluqdan xilas yolu erkən nikah yox, məhz təhsildir" - Qızların təhsillə imtahanı (FOTO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qızların təhsillə imtahanı” layihəsinə start verib. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək,  aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Bu istiqamətdə Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva ilə söhbət aparılıb. Söhbət zamanı əvvəlcə ölkəmizdə valideynlərdə qızlarını təhsildən yayındırma meyllərinin qaynaqlandığı əsas düşüncə və stereotiplərə toxunulub. 

"Təhsil məsələsində cinsə görə fərq qoyulması gender əsaslı ayrıseçiliklə yanaşı, hüquq pozuntusudur"

"Təhsil cəmiyyətin inkişaf indikatorudur" deyən Aynur Musayeva bildirib ki, fərdlərin təhsilli olması, zəruri bilik və bacarıqlara yiyələnməsi təkcə onların özlərinin, ailələrinin rifahına yox, bütövlükdə cəmiyyətə təsir göstərir: "Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Yəni, təhsil həm də hüquqdur. Bu baxımdan, bəzi ailələrin təhsil məsələsində övladlarına cinsinə görə fərq qoyması gender əsaslı ayrıseçiliklə yanaşı, hüquq pozuntusudur. Qız övladlarının təhsildən yayındırılması hüquqi məsuliyyət yaradır və bu baxımdan valideynlər öz məsuliyyətlərini dərk etməlidirlər. Təəssüf ki, bu gün hələ də mənfi stereotiplərin təsiri altında olan, öz hüquqi məsliyyətlərini dərk etməyən ailələr var. Xüsusən də regionlarda qızların təhsildən yayındırılması, məktəbə göndərilməməsi və ya yuxarı siniflərdə məktəbdən çıxarılaraq təhsilinin yarımçıq qoyulması halları özünü daha qabarıq şəkildə göstərir".

Ekspertin fikrincə, ənənəvi və ya patriarxal inanclara söykənən bu yanaşma tarixi təcrübələrdən qaynaqlanır: "Tarixən bir çox cəmiyyətlərdə qadınlar əsasən ev işləri və uşaq böyütmək üçün məsuliyyət daşıyır, kişilər isə ailəni dolandıran və qərar verən şəxs kimi qəbul edilirdi. Bu, sonralar oğlanlar üçün təhsilin prioritetləşdirilməsinə səbəb oldu. Bununla belə, zaman keçdikcə cəmiyyətlər gender bərabərliyinin və qızların təhsilə bərabər çıxış əldə etmək hüququnun vacibliyini dərk etdilər. Bu gün dünya təhsildə gender bərabərliyinin təşviqində mühüm irəliləyiş əldə edib, Azərbaycan da həmçinin. Dövlətimiz təhsilin inkişafına xüsusi önəm verir, hər kəsə pulsuz təhsilə bərabər çıxış imkanları yaradılıb, mühüm qanunvericilik aktları qəbul olunub. Ölkəmizdə əksər ailələr qız və ya oğlan olmasından asılı olmayaraq, övladlarının yaxşı təhsil almasına dəstək olur. Hətta qızlarını, oğullarını daha yüksək keyfiyyətli təhsil üçün xarici ölkələrə, reytinqli universietetlərə göndərən ailələr var. Amma təcrübə göstərir ki, problem müxtəlif regionlarda müxtəlif formalarda və dərəcələrdə hələ də qalmaqdadır. Bir çox yerdə qızlar hələ də təhsildə maneələrlə üzləşir, erkən nikahların qurbanı olur, gender əsaslı zorakılığa məruz qalırlar. Düşünürəm ki, bu ayrıseçkilik qəbuledilməzdir və bu hallara qarşı sərt mübarizə aparılmalıdır".

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayındırılması ilə davamlı mübarizə aparılır, bu yolda yeni çağırışlar və metodlar ortaya qoyulur. Bəs qızların təhsilini təşviq edən təşəbbüs və ya proqramlar, onların nəticələri nədən ibarətdir?

Aynur Musayeva bildirir ki, bu gün bütün dünyada qızların təhsilini təşviq edən çoxsaylı təşəbbüslər və proqramlar təhsildə gender bərabərsizliyinin aradan qaldırılmasına yönəlib: Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Proqramı ölkədə təhsilin keyfiyyətini yüksəltmək, oğlan və qızların təhsilə bərabər çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və digər ixtisaslaşmış qurumlarının ölkəmizdə təhsildə gender bərabərliyinin təşviqinə və qadınların səlahiyyətlərinin artırılmasına yönəlmiş layihələri var. Bir sıra QHT-lərin, o cümlədən təmsil etdiyim Uşaq İnkişaf Mərkəzinin rəhbərliyinin bu istiqamətdə layihələri icra olunub. Fiziki imkanları məhdud olan uşaqların, xüsusən qızların təhsilə çıxışının təmin olunması üçün səylər göstəririk. Bu təşəbbüslərin konkret nəticələri və təsirləri olsa da, problemin köklü həlli hökumətdən, QHT-lərdən, qızların təhsili üçün əlverişli mühit yaratmaq üçün çalışan fərdlərdən davamlı səylər tələb edir".

"Nəsildən nəsilə ötürülən yoxsulluq zəncirini yalnız təhsillə qırmaq mümkündür"

Mərkəz rəhbəri qızların təhsildən yayındırılmasının onların gələcək imkanlarına və həyat seçimlərinə təsirindən də söz açıb: "Qız uşaqlarının təhsildən kənarda qalması onları fərdi inkişafdan geri qoyur. Müstəqil qərar qəbul etmə, tənqidi düşünmə, problem həll etmə bacarıqlarının formalaşmasına mane olur. Bu bacarıqlar olmadan qız uşaqları doğru seçim etməkdə çətinlik çəkir ki, bu da şəxsi və peşəkar həyatlarında yanlış qərarlara səbəb olur. Təhsili olmayan şəxslər daha çox istismara məruz qalır, öz hüquqları barədə məlumatsız olur, hüquqlarını müdafiə edə bilmirlər. Təhsilsizlik yoxsulluq, az gəlir, aşağı sosial rifah deməkdir. Təhsilin olmamasının mənfi cəhəti odur ki, bu, bir nəsildən digərinə ötürülə bilir. Təhsili olmayan valideynlərin uşaqları daha çox yoxsulluqla üzləşir, oxşar problemlər yaşayırlar. Təhsildən yayınmaq qızların gələcək perspektivlərini və həyat seçimlərini əhəmiyyətli dərəcədə əngəlləyir. Təcrübə göstərir ki, daha çox yoxsul ailələr qızlarını təhsildən yayındıraraq tez ərə verməyə çalışırlar. Bununla da erkən nikah girdabına düşən qızlarımızın oxumaq, təhsil almaq, karyera qurmaq, firəvan həyat yaşamaq arzuları puç olur. Bəzi valideynlər unudur ki, qızları üçün yoxsulluqdan xilas yolu erkən nikah yox, məhz təhsildir. Nəsildən nəsilə ötürülən yoxsulluq zəncirini yalnız təhsillə qırmaq mümkündür".

"Qızların təhsildən kənarda qalması cəmiyyətin tərəqqisinə mane olur"

Məlum olduğu kimi, qızların təhsildən kənarda qalması cəmiyyətdə gender bərabərliyinə də əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Çünki təhsil sosial və iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsidir. Aynur Musayeva qeyd edir ki, bu baxımdan qızların təhsildən kənarda qalması onların aşağı maaşlı işlərdə işləməsi və ya işsiz qalma ehtimalını yüksəldir: "Təhsilin olmaması qızların və qadınların sosial statusunu aşağı salır, ailədə qərar qəbul etmə səlahiyyətlərinə mənfi təsir edir. Ümumilikdə, qızların təhsildən kənarda qalması cəmiyyətin tərəqqisinə mane olur. Həqiqi gender bərabərliyinə nail olmaq üçün cinsindən asılı olmayaraq, bütün fərdlərin keyfiyyətli təhsilə bərabər çıxışının təmin edilməsi vacibdir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədlərinə gender bərabərliyinə nail olmaq, hamı üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək məqsədi daxildir. Yaxşı təhsilli əhali ölkənin iqtisadi artımına və inkişafına töhfə verir".

Layihə rəhbəri: Sevinc Fədai

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->