Xəbər lenti

Putin MDB və Şərq ölkələri ilə münasibətlərini necə davam etdirəcək? (ŞƏRH)
Dünya 18:06 17.05.2024

Putin MDB və Şərq ölkələri ilə münasibətlərini necə davam etdirəcək? (ŞƏRH)

"Rusiyanın böyük müddət üçün planları yaxın ətrafdakı MDB ölkələri, həm də Şərq ölkələrilə əlaqələri möhkəmlənidrməklə sıx bağlıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya Təhlükəsizlik Şurasının iclasında Vladimir Putinin MDB ölkələrilə münasibətlərə xüsusi diqqət yetirmək lazım olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib. 

Arif Əliyev deyib ki, bu yeni başlanmış proses deyil:

"Sadəcə, Kremlin həmin istiqamətdə səyləri getdikcə artır. Çünki Avropa tərəfdə Rusiya qarşısında böyük bir səd çəkilib. Hansı ki, bu səd hələ uzun müddət fəaliyyətdə olacaq. Ona görə də burada hər hansı bir yeni dəyişiklik yoxdur. Moskva iqtisadi və hərbi əlaqələrini MDB və Şərq istiqamətində genişləndirməyə səy göstərəcək. Lakin deməzdim ki, MDB ölkələri Rusiya üçün burada birinci dərəcəli rol oynayır. Birinci dərəcəli rolu əlbəttə ki, Çin oynayır. Amma bu konsepsiyaya tam uyğundur".
 


Ekspert düşünür ki, Putin MDB ölkələrinə münasibətdə həm iqtisadi, həm də hərbi müstəvidə diqqət artırmağa çalışacaq:

"Amma bütün xətlərin mərkəzində iqtisadi fəaliyyət dayanacaq". 

Həmsöhbətimizin fikrincə, Kremlin MDB-ni özünə daha çox yaxınlaşdırmaq planlarına baxmayaraq, bu heç də o anlama gəlmir ki, həmin təşkilata daxil olan dövlətlər Moskvaya daha sıx bağlanacaq:

"Belə demək düzgün olmaz. Çünki MDB dövlətlərinin maraqları fərqlidir. Onlar həm Avropa, həm də digər Şərq ölkələrinə çox bağlıdırlar. Bunu onların qoşulduğu infrastruktur və nəqliyyat layihələri də göstərir. Yəni hər şey Kremlin düşündüyü tərzdə getməyəcək. Hər halda proses Putinin istədiyi sürətlə və ətraf ölkələri yalnız özünə bağlamaq istiqamətində getməyəcək". 

Arif Əliyev düşünür ki, Rusiyanın MDB-ni özünə daha sıx yaxınlaşdırmaq cəhdi yaxın zamanlarda qurumda mərkəzdənqaçma prosesinə rəvac verməyəcək:

"MDB ölkələri özlərini ehtiyatlı aparır. Moskvadakı Ermənistan-Rusiya danışıqları da göstərdi ki, artıq qonşuları ilə əvvəlki kəskin tonda danışa bilməyəcəyini Kreml də anlayır. Rusiya mövqeyini yumşaltmağa və MDB ölkələrinin marağını da nəzərə almağa məcburdur". 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının ilk iclasında Moskvanın MDB ölkələri ilə münasibətlərə xüsusi diqqət yetirməli olduğunu deyib:

"Bizim üçün həmişə prioritetimiz ən yaxın qonşularımızla, postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə münasibətlər qurmaqdır".

İclasın qapalı hissəsində bu məsələ ilə bağlı xarici işlər naziri Sergey Lavrovun məruzəsi dinlənilib.

Xatırladaq ki, Rusiya bu il MDB-yə sədrlik edir. Bu əsasda bəzi ekspertlərin fikrincə, Rusiyanın MDB-yə sədrliyi təsisatın inkişafına yanaşmaları ciddi şəkildə dəyişəcək. Moskva MDB ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələri gücləndirmək, MDB və Avrasiya İqtisadi İttifaqının normativ-hüquqi bazasını uyğunlaşdırmaq, Birlik sərhədlərinin təhlükəsizliyinə xüsusi diqqət yetirmək və xarici təhlükələrə qarşı mübarizə aparmaq niyyətindədir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->