Mülkiyyət müqəddəs olmalıdır, toxunulmaz olmalıdır, mülkiyyət siyasi məsələdir. Normal stabillik mülkiyyətə münasibətlə ölçülür. Mülkiyyətçilərə kompensasiyalar mənzil sahibi ilə razılaşdırılmış şəkildə ödənilməlidir
"Xutor”. Binəqədi rayonunda yerləşən bu ərazi də yerlə-yeksan edilir. Evlərindən didərgin salınanlar, mülki əlindən alınıb bazar qiymətlərindən qat-qat aşağı kompensasiya alan paytaxt sakinlərinin sırası genişlənməkdədir. 100-dən çox ailənin məskunlaşdığı bu ünvanda mənzillərin, obyektlərin tar-mar edilməsi yolun genişləndirilməsinə görədir.
Daha dəqiq - Xutor dairəsində, Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev, H.Əliyev küçələrinin kəsişməsində inşa edilən körpünün ətrafını genişləndirmək məqsədi daşıyır.
Söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) həyata keçirir, kompensasiyanı isə “Azəryolservis” ASC hesablayır...
Mülkiyyət toxunulmazlığını dövlət müdafiə edirmi?
Mülkiyyət toxunulmazlığı” deyilən bir anlayış var. Yəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndində belə qeyd edilib: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
İkincisi, mülkü sökülən mənzil sahiblərinə öncədən xəbərdarlıq edilməli, onlara əşyalarını daşımaq üçün imkan yaradılmalıdır.
Üçüncüsü, bazar qiymətlərinə uyğun kompensasiya verilməlidir.
Ancaq bu üç nəsnənin heç birinə əməl olunmayıb. Hər halda sakinlər belə iddia edirlər.
1988-ci ildən “Xutor”a pənah gətirən Tamam Quliyevanın evinin sahəsi 200 kvadrat metrdən çoxdur. Onun sözlərinə görə, hər kvadratmetr üçün kompensasiya 900 manat deyilib: “Qiyməti qaldırıb 1080 manat ediblər. Mənə pul lazım deyil. Evimdə 5 ailə yaşayır. Mənzilimin sahəsi qədər başqa bir yerdə ev versinlər, çıxıb gedim. Prezidenti niyə dinləmirlər? Onun sərəncamına niyə qulaq asmırlar? 3 ildir bizi boğaza yığıblar”.
Başqa bir sakin Yeganə İsgəndərova deyir ki, evinin sahəsi 87 kvadratmetrdir: “Ancaq 67 kvadratmetr hesablayıblar. Əvvəlcə dedilər ki, hər kvadratmetrə 1500 manat veriləcək, başımızın altına yastıq qoyuldu. Zorla evimizi sökürlər. Bu sökhasökdə isə 16 min manat verəcəklərini bildirirlər. Bu pulla harada ev almaq olar?”.
“Kompensasiya bazar qiymətlərindən 4 dəfə azdır”
Sakin Nailə Sadıqovanın mənzilinin sahəsi 50 kvadrat metrdir: “Ümumilikdə 69 kvadrat metrdir. Əsas sahəni 50 kvadrat hesablayıblar. Əvvəlcə 44700 manat kompensasiya veriləcəyi deyilirdi, indi isə 49 min manat deyirlər. Bu pulla hara gedə bilərəm?”.
“Evimizin sahəsi 447 kvadrat metrdir. Sənədləri qaydasındadır. Bir kvadrat metr üçün 700 manat kompensasiya ödənilir. Ümumilikdə bizə 320 min manat veriləcək. Əvvəlcə deyildi ki, qeyri-yaşayış tikililərin kvadratı 500 manatdan hesablanacaq. İndi isə deyirlər ki, hamam, tualet və həyətyanı sahə 100 manatdır. Sözdür deyirlər də. Son anda bunu da ödəməyəcəklər”, - deyə başqa bir sakin söyləyir.
“Xutor” camaatının narazılığı təkcə kompensasiya ilə bağlı deyil. Onlar həm də mənzillərinin sahəsi ölçülən zaman yol verilən saxtakarlığa da etiraz edirlər. Deyirlər ki, evlərin sahəsi yarıbayarı azaldılır. “Kompensasiyanı da 50 faiz az verirlər, evin sahəsini də iki dəfə balacalaşdırırlar. İlham Əliyev dəfələrlə çıxış edərək deyib ki, kompensasiya 1500 manatdan hesablanmalıdır. Ancaq bunlar 700-800 manatdan ödəyirlər. Evinin sahəsi 200 kvadrat metr olan mənzil sahibinə əslində 300 min manat ödənilməlidir. Söküntü işlərinə rəhbərlik edənlər bunu 100 kvadrat sayırlar, kompensasiyanı 700 manatdan verirlər. Deməli, evinin sökülməsinə görə 300 min manat pul almalı olan şəxsə 4 dəfə az - 70 min manat ödəyirlər. Etiraz edirik, ancaq heç kəs bizə diqqət göstərmir. Hərə bir avaz oxuyur”.
“Xutor” əhli ərazidəki söküntülərə kimin başçılıq etdiyini bilmirlər. Onların sözlərinə görə, hər gün biri gəlib söküntü işlərinə rəhbərlik etdiyini deyir: “Bir gün Binəqədi rayon İcra hakimiyyətindən, səhəri gün Bakı Şəhər İcra Hakimiyyətindən, o biri yol çəkənlər gəlib deyir ki, rəhbər bizik. Elə ki, pul məsələsi ortaya çıxır, hamısı yaxasını kənara çəkir. Hərə bir söz deyir, camaata isə pul lazımdır. Heç kim evinin sökülməsinə etiraz etmir. Hamının bir dərdi var - normal pul ödənilsin”. Sakin Səlbi Musayevanın mənzilinin sahəsi 117 kvadrat metrdir. Ailə üzvlərinin dediyinə görə, evinin bütün sənədləri var: “Hər bir sənədimiz var. Evə “kupça”da almışıq. Ancaq bizə verilən kompensasiya 63355 manatdır. Kvadratı heç 1000 manatdan hesablanmır”.
“Bizi zorla evimizdən çıxartdılar. Dedilər ki, gedin pulunuz veriləcək. Fəhlələr içəri keçib bütün əşyalarımızı həyətə tökdülər. Bu azmış kimi deyirlər ki, Allahınıza şükür edin. Yoxsa əşyalarınız da traktorun altında qalacaq. Biz onları başa sala bilmirik. Gedəcəyimiz yer yoxdur. Heç olmasa bizi müvəqqəti də olsa evlə təmin etsəydilər, birtəhər razılaşardıq. Bunu da etmirlər. Xəbərdarlıq ən azı bir ay öncədən olmalı idi. Ancaq heç nə deyilməyib. Verdikləri pulla torpaq sahəsi almaq mümkün deyil. Kimin evinin sahəsi bir az çoxdursa 100-150 min manat kompensasiya ala bilir. Hansı ev sahibinin yurd-yuvası 50 kvadrat metrdir, ona 20 min manat pul verirlər. Bu pula harada ev almaq olar?”.
Təcili yaradılan “Cavanşirlayihə”
Sakin Xanım Yusubova bildirir ki, evinin layihəyə salınması üçün ondan 200 manat pul alıblar: “Pulu layihəyə görə aldılar. Dedilər ki, söküntü zamanı köməyinizə çatacaq”.
Yolun genişləndirilməsini “Bina-Körpü-Tikinti” ASC həyata keçirir. Tikinti başlamazdan öncə Xutor sakinlərinin evlərinin layihəsi hazırlanıb. Layihənin hazırlanması “Azəryolservis” ASC-ə tapşırılıb. “Azəryolservis”in sədri, Milli Məclisin üzvü Cavid Qurbanov layihənin çəkilməsini həyat yoldaşının əmisi oğluna məxsus olan “Cavanşirlayihə”yə həvalə edib.
Məlumatlara görə, “Cavanşirlayihə” məhz 2011-ci ildə bu məqsədlə yaradılıb. Sözügedən qurumun işçiləri isə “Xutor” sakinlərindən 200-600 manat məbləğində pul alıblar. Səbəb kimi isə söküntü işləri zamanı bu layihə kompensasiyanın böyük məbləğdə olmasına yardımçı olacağı deyilib. Ancaq heş bir vətəndaşa alınan pulla bağlı nə qəbz, nə də başqa bir sənəd verilməyib.
Sözügedən layihəyə nə qədər pul ayrılması barədə mənbələrdə məlumat yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinin (http://www.baku-ih.gov.az/), Maliyyə Nazirliyinin (http://www.maliyye.gov.az), Nazirlər Kabinetinin (http://www.cabmin.gov.az) və “Azəryolservis” ASC-nin (http://www.azeryol.az) saytlarında bu barədə heç bir məlumat yerləşdirilməyib.
Ərazidə söküntü işlərinə başçılıq edən BŞİH-in nümayəndəsi Zülfəli İsmayılov “Hər bir vətəndaşa haqqı çatdığı qədər kompensasiya verilib, almayanlara isə alacaq” bildirərək başqa heç nə deyə bilməyəcəyini söyləyir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev mətbuata açıqlamasında bildirib ki, Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və keçmiş “Qələbə” kinoteatrı yanındakı dairələrdən Böyük Şor yol qovşağına nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir: “Eyni zamanda, Binəqədi, Nərimanov və Nəsimi rayonlarında sənaye və yaşayış məntəqələrindən keçdiyinə görə, ağır yüklü və sərnişin nəqliyyatının normal hərəkətinin təmin olunması üçün hər tərəfdən 3 olmaqla yolda 6 köməkçi yolların olması nəzərdə tutulur”.
Ancaq sakinlər iddia edir ki, onların köçürülməsində əsas səbəb ölkə başçsı üçün tikilən yeni iqamətgahın “Xutor”a yaxın olmasıdır: “Adını qoyublar ki, yol çəkilir. Neçə illər idi, bura heç kimin yadına düşmürdü. Elə ki, İlham Əliyevə “rezidensiya” tikildi, o dəqiqə söküntü işlərinə başlanıldı”.
“Vətəndaşın razılığı olmadan onun evini sökmək cinayətdir”
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, prezidentin belə bir məsələyə qarışması və qiymət təyin etməsi anlaşılan deyil: “Bu tip məsələləri şəffaf və ədalətli qanunlar, məhkəmə tənzimləməlidir. Ancaq Azərbaycan hüquqi dövlət olmadığından, məhkəmələr icra hakimiyyətinin əmrində olduğundan, belə məsələlər məmurların qərarlarına, yanaşmalarına buraxılıb. Mülkiyyət müqəddəs olmalıdır, toxunulmaz olmalıdır, mülkiyyət siyasi məsələdir. Normal stabillik mülkiyyətə münasibətlə ölçülür. Mülkiyyətçilərə kompensasiyalar mənzil sahibi ilə razılaşdırılmış şəkildə ödənilməlidir. Vətəndaşın razılığı olmadan onun evini sökmək cinayətdir, konstitusiyanın kobud şəkildə pozulmasıdır. Kompensasiyalar bazar qiymətlərinə uyğun, mülkiyyətçini təmin edəcək həddə olmalı, mübahisəli məsələlər yarananda isə, məmurlar deyil, məhkəmələr son qərarı verməlidirlər”.
Ekspertlər hesab edir ki, torpaq sahəsinin dövlət tərəfindən satın alınması ilə bağlı qanun konstitusiya ilə tənzimlənir. Onların fikrincə Konstitusiyaya görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Ancaq əmlakın, mülkün məcburi satın alınması zərurəti yaranarsa, onda dövlət bunun üçün qabaqcadan, bazar qiymətinə uyğun və ədalətli şəkildə ödəniş etməlidir.
Verilən pulla ev almaq mümkündürmü?
“Hər hansı bir ünvanda minlərlə ev sökülsə belə bir nəfər buna razı deyilsə, orada hansısa əhəmiyyətli obyektin tikintisindən söhbət gedə bilməz. Prezident dəfələrlə bu işə fərman versə də, vətəndaş qəbul etmirsə, bu proses baş tutmamalıdır”, - deyə ekspertlər bildirirlər. Binəqədi rayonunda yerləşən alqı-satqı mərkəzinin sahibi Babək Həsənquliyev deyir ki, “Xutor” sakinləri 60-80 min manata köhnə tikili olan binalarda ev ala bilər: “Nəinki “Xutor”da, ümumiyyətlə Bakıda sökülən heç bir mənzil sahibi, ona verilən kompensasiya ilə yaşadığı evin yaxınlığında yerləşən binadan ev ala bilməz. Verilən pullar evlərin dəyərindən qat-qat aşağıdır. Binəqədidə tikilən yeni binalarda mənzillərin bir kvadratmetri 800 manatdan aşağı deyil. Bu pulla yalnız təmirsiz ev almaq olar. Təmir üçün minimum 15-20 min manat xərclənməlidir. Ancaq verilən kompensasiya ilə köhnə tikililərdə təmizə bir az ehtiyacı olan mənzil almaq olar. Çünki “Xruşşovka”ları sökürlər. Onun da sahibi ucuz qiymətə satır ki, dövlətin ona da az pul ödəyəcəyini bilir”.
Babək Həsənquliyev bildirir ki, sözügedən ünvanda yaşayan mənzil sahibləri aldıqları məbləğlə heç bir metrostansiyasının yaxınlığında ev ala bilməz: “O pullara şəhərin kənarında mənzil almaq mümkündür. Ya da torpaq sahəsi alıb ev tikmək olar. Vəssalam, başqa cür problemdən çıxış yolu yoxdur”.
“Vətəndaş evini istədiyi qiymətə sata bilər. Baxmayaraq ki, köçürülmə zamanı bir neçə meyar əsas götürülür. Mənzilin yerləşdiyi ərazi, evin sahəsi kompensasiyanın verilməsində öz əksini tapmalıdır. Əgər sakin ona təklif edilən məbləğlə razılaşmırsa, öz təklifini irəli sürməlidir. Dövlət də həmin qiymətə ya razılaşmalı, ya da layihədən vaz keçməlidir. Mülkiyyətçi istənilən məsələdə haqlıdır. O necə istəyirsə, dövlət onunla hesablaşmalıdır. İran kimi bir ölkədə vətəndaşların mülkiyyət hüquqları tanınır. Dəfələrlə qonşu ölkədə hər hansı bir layihənin icrası üçün sakinlərin mülkiyyətləri sökülüb. Bu zaman onlara kompensasiya verilib. Kimisi dövlətin dediyi qiymətlə razılaşıb, kimisi isə yox. Razılaşmayanlar özləri qiymət müəyyənləşdiriblər. Hökumət də bu qiymətə razı olmayıbsa, mülkiyyətə toxunmayıb. İndinin özündə İranda onlarla ev var ki, parkların, dövlət əhəmiyyətli obyektlərin yaxınlığında tikilib. Elə layihələr də olub ki, hökumət kompensasiya məsələsində vətəndaşla razılığa gələ bilməyib, nəticədə planı dəyişdirməli olub”, - deyən hüquqşünas İlkin Nəbiyev bildirir ki, Avropada mülkiyyətə çox ciddi önəm verirlər: “Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı çıxartdığı qərarların əksəriyyəti mülkiyyətlə bağlıdır. Bu bir daha dediklərimizi təsdiq edir”./azadmekan.org/
Şərhlər