Xəbər lenti

Rəqs müəllimi çağırış etdi: “Kişilərimiz qadın kimi böyüməkdənsə...”
Sənət 15:09 03.10.2024

Rəqs müəllimi çağırış etdi: “Kişilərimiz qadın kimi böyüməkdənsə...”

"Heç bir uşağı rəqs məktəbimə məcbur gətirmirəm. Hamısı könüllü, öz istəyi ilə gəlir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında rəqqas Nicat Azadlı rəqqas İlham Kərimlinin "Bu, avara rəqsdir” ittihamına cavabında deyib. 

Rəqqas bu gün məktəbində 20-dən yuxarı şagirdin olduğunu vurğulayıb: 

"Valideyn bu rəqsi istəyir, mən də öyrədirəm. Bu gün bizim xanımlarımız bayrağımızı kişiyə məxsus olan döyüşlərlə qaldırır. Bunun eybi olmur, rəqsə gələndə eyib olur? Kişilərimiz qadın kimi böyüməkdənsə, qoy qadınlarımız kişi kimi böyüsünlər. Kimliyini bilmədiyim insanlar sosial şəbəkələrdə əleyhimə danışırlar. Minlərlə insanın təhqirlərinin arasında bir qadın da yazıb ki, istəyirəm mənim qızım kişi kimi olsun, kişilərimizin cinsiyyəti bilinmir. Həmin adamlara səslənirəm ki, gəlin kursa və uşaqların mənə qarşı sevgisini gözünüzlə görün".
 

 
Nicat Azadlı rəqsə fərqli üsul gətirdiyini önə çəkib:

"Mən milli rəqsi pisləmirəm, niyə əleyhimə danışırlar. Repertuarı valideynlərin köməyi ilə seçirik. Adama deyərlər ki, sən kimsən kiminsə uşağının haqqında aşağılayıcı fikirlər səsləndirirsən? Bizdə milli rəqs də var. Valdeynlərin heç biri uşağını milli rəqsə qoymaq istəmir. Milli rəqsə istək, həvəs yoxdur. Deyir övlad bizimdir, istəmirik. Milli rəqs üçün xoreoqrafiya məktəbləri var. Burada əxlaqsızlıq, tərbiyyəsizlik yoxdur. Uşağın ritmdən anlaşyışı olur, istədiyi vaxt fikirini dəyişib milli rəqs üslubunda da oynaya bilər".

Qeyd edək ki, rəqqas İlham Kərimli Nicat Azadlının qız uşaqlarına oğlansayağı rəqslərin öyrətməsini tənqid edib. O hesab edir ki, bu cür ritmik hərəkətlər musiqi folklorunda olsa da, qız uşaqlarına belə rəqsi öyrətmək düzgün deyil:

"Deyək ki, valideyn bilmir, onu qınamırıq. Bəs, müəllim? Axı öyrədən bunu bilməlidir  ki, uşaqlara düzgün istiqamət verilməlidir. Bir sözlə, uşağa uşaq, yəni qıza qız rəqsi  öyrədilməlidir. Nəinki uşaqlar, bəzi xanımlar da var ki, məclislərdə şıdırğı gedirlər. Təbii ki, onların bu cür ritmləri bacarması gözəldir. Gələcəkdə bəlkə də rəqs müəllimi olacaqlar, ancaq bunun üçün də təhsil və dünyagörüşü lazımdır. Təhsilsiz rəqs, sadəcə, avara tipli rəqsdir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->