Xəbər lenti

“Sabah”(ımız) Adıgözəlovla gözəl günlərə çıxacaqmı?!
Amal Abuşov
İdman 09:49 05.11.2024

“Sabah”(ımız) Adıgözəlovla gözəl günlərə çıxacaqmı?!

AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun "Sports.az” saytına verdiyi müsahibədə bir məqam xüsusi diqqətimi cəlb etdi. AFFA İcraiyyə Komitəsində futbol adamlarının təmsil olunmamasıyla bağlı suala cavabında vitse-prezident Səməd və Qurban Qurbanovlarla yanaşı, Maqsud Adıgözəlovun da adını çəkib. 

Biz "Sabah”ın prezidentinin futbol adamına necə çevrilməsindən xəbərsizik. Çünki onun futbol oynamasından, yaxud da klub prezidenti olana qədər futbol idarəçiliyində hansısa digər vəzifələr tutmasından xəbərsizik. Amma Maqsud bəyin futbol adamına çevriləndən sonra "Sabah”a verdiyi "töhvələr” gözümüzün qabağındadır və onun fəaliyyətinə qiymət vermək üçün onlara nəzər sala bilərik.

Ölkə çempionatının 12-ci turunda "Sabah” "Sumqayıt”a 0:1 hesabıya məğlub oldu. Bu məğlubiyyətdən sonra ölkənin ən zəngin klublarından biri turnir cədvəlində 5-ci pilləyə qədər geriləyib. Aktivində 18 xalı olan komanda lider "Qarabağ”dan düz 10 xal geridədi. "Qarabağ”ın bir oyununun ehtiyatda olduğunu nəzərə alsaq, bu fərqin daha da böyüyəcəyi məlum olur. 12 tur ərzində liderdən 10 xal (potensial olaraq 13 xal) geri düşmək "Sabah”ın ad-sanına, onun əcnəbi çalışdırıcısına və legionerlərinə xərclənən pullara yaraşmır. Sentyabrın 22-də autsayder "Səbail” üzərində qələbə qazanan "Sabah” ay yarımdan çoxdur ki, qələbəyə həsrət qalıb. Bu da qələbəsiz beş tur deməkdir. Son iki oyunda isə "bayquşlar” heç qol vurmağı da bacarmayıb.

Görünən odur ki, "İstra 1961”, "Şibenik”, "Qoritsa”, "Zrinski” kimi ölkələrinin ortabablarını çalışdırmaqdan savayı zəngin məşqçi karyerası olmayan xorvatiyalı Krunoslav Renduliç "Sabah”ın dərdinə əlac edə bilmir. Avrokuboklara böyük iddialarla can atan "Sabah” qitə səhnəsində də yarımpeşəkar "Sent-Patriks”ə hər iki oyunda "quru” hesabla uduzmaqla səviyyəsini şübhə altına salmışdı. Renduliçi bacarmadığı yükün altında əzən də elə Maqsud Adıgözəlovdur. "Sabah”ı rusiyalı Murad Musayev çalışdırırdı, komanda "Qarabağ”a layiqli rəqabət təklif edə bilirdi. Amma şəxsi intiriqalar, klub prezidentinə baş əyməməsi Musayevin "Sabah”dakı sonunu gətirdi. Bu gün Rusiya Premyer Liqasının şəksiz və məğlubiyyətsiz lideri "Krasnodar”ı Murad Musayevin çalışdırdığını nəzərə alanda Maqsud bəyin nə boyda səhh etdiyini görürük. Musayevə lazımı dəstək verilsəydi, bu gün "Sabah” "Sumqayıt”ın, "Neftçi”nin əlində aciz qalmaz, "Qarabağ”dan 10 xal geri düşməzdi. Con Mikels kimi çətin məqamda "Sabah”ı yarıyolda qoyan, ərəblərin puluna aldanan legionerə ikinci dəfə qucaq açılması "Sabah”ın necə pis idarə olunmasının göstəricisidir.

"Sabah”ın sabahı da qaranlıqdır. Çünki komandanın gəncləri də bərbad çıxış edir. UEFA Gənclər Liqasında Azərbaycanı təmsil etmək hüququ qazanan "bayquşlar” səfərdə "Bazel”ə 0:6 hesabıyla məğlub olub. Cavab oyununda bu məğlubiyyətin əvəzinin çıxılması mümkünsüzdür. Adino Mustedanaqiçin çalışdırdığı komandanı Bakıda acınacaqlı məğlubiyyətdən qorumaq üçün "Sabah” rəhbərliyi maraqlı üsula əl atıb. Onlar əcnəbi çalışdırıcıdan hesabat tələb etmək əvəzinə "Bazel”i süni örtüklü "ASCO Arena”ya aparırlar ki, isveçrəlilərin oyunu alınmasın, onlar bu dəfə "Sabah”ın qapısına 5-6 qol vurmasınlar. 

İndi özünüz deyin, "futbol adamı” Maqsud Adıgözəlovun rəhbərliyi ilə "Sabah”ı gələcəkdə nə gözləyir: İşıqlı günlər, yoxsa zülmət qaranlıq?!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->