Ordumuzun
Qarabağda başlayan anti-terror əməliyyatından qabaq xalq şairi, millət vəkili
Sabir Rüstəmxanlıdan aldığımız müsahibəni döyüşlər səbəbiylə bir az ləngitsək də,
əldə etdiyimiz qələbələrimizdən sonra dərc etməyimizdə yəqin ki, bir zərər
olmaz. Müsahibədə Sabir bəy deyir:
"Hər tərəfdən
dəstəklənən düşmən, bəlli olmayan yerlərdən maliyyələşən layihələr, bizə dəxli
olmayan ittihamlar, yalanlar... Hamısı bizi, xalqımızı parçalamaq üçündür. Amma
bu millət bunları qəbul etmir. Etməyəcək də. Bu sarıdan nikbinəm”.
Bugünkü
qələbələr də xalq şairinin sözlərini təsdiqləyir, vətən qarşı-qarış işğaldan
azad edilir...
Qaynarinfo
həmin müsahibəni təqdim edir:
- Sabir
bəy, 2020 bir növ bəşəriyyətin həbsiylə başladı. Pandemiya dünyada hökmranlıq
etməyə başladı. Fərq qoymadan dövlətlərin, ölkələrin, eləcə də insanların əl-ayağını
bir yerə yığdı. Ancaq belə fikirlər də var ki, karantinin mənfi tərəfləri kimi hansısa
mənada müsbət tərəfləri də olub.
- Karantin
əlbəttə, çətin bir psixoloji sınaqdır. Bütün dünyada insanların əl-ayağını
yığışdırdı. Hamıya mənfi təsiri oldu. O cümlədən mənə də. Məsələn, səfərlərin
qarşısı alındı, müəyyən işlər dayandı, edə bilmədik. Müsbət cəhəti elə də çox
deyil. Ən azından mənim üçün olmadı. Amma nə etmək olar? Məcburuq bu dönəmi
adlamağa... Sadəcə, dediyim kimi, bu qədər uzun sürməsi ilə insanlarda
psixoloji gərginlik yaratdı, işlərimiz də müəyyən qədər pozuldu. Problem
çoxdur. Nə qədər desən danışmaq olar. Virusun özünü də əvvəldən ciddi qəbul etmədik,
inanmadıq, ancaq öz yaxınlarımız tutanda hiss elədik ki, bu, həqiqətən də var.
Həm insanlar tərəfindən, həm də qaydaları tətbiq edənlər tərəfindən
uyğunsuzluq, boşluq oldu. Məsələn, təbiətlə təmas, insanların rayonlara getməsi
məhdudlaşdırılmamalı idi. Kimin ağlına gələrdi ki, bu virus bütün dünyanı cənginə
alacaq? Ümid edirəm, indən belə hər şey yaxşı olacaq.
- Yaradıcılıq
həyatınızda faydası oldumu? Yazdığınız hər hansısa bir əsər varmı, istər
pandemiya ilə bağlı, istərsə də ümumi.
- Publisistik
yazılar yazdım, ancaq karantinlə və xəstəliklə bağlı heç bir bədii əsər
yazmadım... Elə bil, ilham pərisi də karantində idi. (Gülür) Yanlız avqustun
ortasından sonra nəfəsim açıldı, öz işlərimə, yazılarıma qayıda bildim.
İctimai-siyasi məsələlərə, gündəmə münasibət bildirməyimdə fasilə yaranmadı,
"Ədəbiyyat qəzeti"ndə "Savaş bitməyib hələ" yazım çıxdı, məqalələrim
dərc edildi. Millət vəkili seçildiyim Neftçala rayonuna dəfələrlə baş çəkdim,
maraqlandım, insanlara bacardığım qədər yardım elədim. Amma deyim ki, bunlar
karantində də, normal vəziyyətdə də gördüyüm işlərdi. Həmişə heç nəyə
baxmayaraq, mövqeyimi ortaya qoymuşam, qoyacam da. Digər məsələlər məni elə də
maraqlandırmır.
Bir
şey də deyim. O vaxt Xalq Cəbhəsini qurulurdu. Biz qururduq. Aydın Məmmədov hərdən
zarafata deyirdi ki, neynirsən bu təşkilatları? Sən özün ayrıca bir cəbhəsən...
İndi, onun sözü olmasın, mən öz yolumu davam etdirirəm. Düşünürəm, özünü ziyalı
sayan hər kəsin işi millətinin yolunu aydınlatmaq, işıqlandırmaqdır,
haqsızlığa, ədalətsizliyə göz yummamaqdır. Vaxtı ilə biz meydana çıxanda hələ
indiki siyasətçilər ortada yox idi. Onda bir şeir yazmışdım:
Neçə
yazılmamış şeirlərimi
Atdım
meydanların izdihamına,
Qatdım
millətimin gur ilhamına.
Bircə
söz saxladım, "Azadlıq" sözü
Dönüb
yumruq olmaq öyrətdim ona.
Bəzən
deyirlər ki, yazıçının, şairin işi öz ədəbi yaradıcılığıdır, iş yeri masasının
arxasıdır. Məncə, bu, düzgün deyil. Məsələn, Üzeyir Hacıbəylinin "Leyli və
Məcnun"u və digər musiqi əsərlərini yaza-yaza, bütün proseslərin içində
olması, mətbuatda ardıcıl çıxış etməsi, milli taleyimizlə bağlı publisist
yazılar yazması, sonra Xalq Cümhuriyyətinin "Azərbaycan" qəzetini
buraxması, felyetonları və s. onun həm də xarakterindən xəbər verirdi. Hərdən mənə
elə gəlir ki, o bunları yazmasa, heç sonradan "Koroğlu”nu da yaza bilməzdi.
- Sabir
bəy, son dövlər həmkarlarınızın bəziləri cəmiyyəti qıcıqlandıran açıqlamalar
verir. Məsələn, deyirlər, millət vəkili olsaq da, siyasətə qarışmırıq. Necə
düşünürsüz, belə olmaq lazımdırmı? Məsələn, Zeynəb Xanlarova dedi ki, 35 ildir
millət vəkili olsam da, siyasətdən uzaq dururam.
- Zeynəb
xanım bizim görkəmli sənətkarımızdır, musiqimizi dünyaya yayırdı. MM-də həmişə
xalqın mövqeyindən danışmağa çalışırdı. İstəsə də, siyasətdən kənarda qala bilməzdi.
Millət vəkili siyasətdən kənar qala bilməz, o, ilk növbədə siyasətçi olmalıdır.
Mən heç millət vəkili olmayanda da millətimin sözünü demişəm, milli siyasətdən
kənar olmamışam. Zeynəb Xanlarova da həmişə mədəniyyət siyasətimizin təmsilçisi
olub. Öz sözü, səsi, sənəti ilə. Həm də, siyasətçi deyiləndə ancaq partiya
lideri nəzərdə tutulmur ki. Fərqli sahələr var. Xalq səni öz vəkili seçibsə, sən
5 il siyasətlə məşğul olacaqsan, olmalısan.
- Bir
müsahibənizdə demisiniz ki, qəhrəman olmaq bütün dövrlər üçün çətindir. Sizcə,
bunu indiki dövrə aid etmək olarmı? Bəlkə yanılmısınız sözünüzdə? Məsələn, indi
ən vicdansız adam da hər hansısa bir siyasi çıxışı ilə xalqın qəhrəmanı ola
bilir, hətta olur da...
- Bizdə
bəzən cəsarətlə qəhrəmanlığı səhv salırlar. Ola bilər ki, sən çıxıb 5 nəfərin içində
onların deyə bilmədiyi bir sözü deyərsən. Bu, qəhrəmanlıq deyil. Cəsarət ola
bilər ancaq. Yəni, bunları səhv salmaq olmaz. Cəsarət ritorika, danışıqdırsa, qəhrəmanlıq
daha çox əməldir, ölümü, sonucu düşünmədən atılan addım, ehkamları, qorxu çərçivələrini
qırıb-tökən fırtınadır. Məsələn, 1988-ci ildə SSRİ-nin qılıncının dalı-qabağı kəsən
vaxta xalqın meydana çıxması, 18 gün orda baş verənlər qəhrəmanlıq idi və mən o
qəhrəmanlıq dramının baş qahrəmanı idim. Çünki ölümün üstünə gedirdik, Cavidin,
Müşfiqin taleyini qəbul edərək, boynumuza kəfən taxaraq danışırdıq... SSRİ
dağılmasa, zirzəmilərdə çürüyəcəkdik... "Bu kürsüdən düşən kimi tutub
aparacaqlar” düşüncəsini boğub, bir imperiyanı mühakimə etmək, xalqın on illər
boyu fikrindən belə keçirməyə qorxduğu həqiqətləri dilə gətirmək əsl qəhrəmanlıq
idi. 18 gün meydanı Nemətlə birgə idarə etmişdik. Sonra gördülər bizə bir şey
olmadı, hamı kürsüyə can atdı. Buna biz yol açmışdıq, cığır salmışdıq. Yaxud,
43 nəfər Azərbaycanın müstəqilliyinə səs vermişdik... Bu adamlar təbii ki, qəhrəmandırlar.
Amma bu gün ortaya yalançı qəhrəmanlar atılır.
Bir
şey də var. Həmin qəhrəman xalq hələ ki məğlub durumdadır. Əsas bunu unutmaq
lazım deyil. Torpaqlarımız işğal altındadır. Bu millət təbiət etibarı ilə qəhrəmandır.
Bizi tarixən nə qədər sıxdılar. Hərə bir tərəfdən üstümüzə gəldi, böldülər, nələr
oldu, nələr. Amma xalq ayaq üstə qala bildi. Zehnini dəyişsələr belə, bu millət
ayaqdadır. Bu, elə-belə iş deyil. Qəhrəmalıq ruhu ölməyib. İndi də bu oyunlar
gedir. Hər tərəfdən dəstəklənən düşmən, bəlli olmayan yerlərdən maliyyələşən
layihələr, bizə dəxli olmayan ittihamlar, yalanlar... Hamısı bizi, xalqımızı
parçalamaq üçündür. Amma bu millət bunları qəbul etmir. Etməyəcək də. Bu
sarıdan nikbinəm.
- Sabir
bəy, ən başından bəri fəaliyyətiniz hər kəsə məlumdur. Uzun illərdir ki, millət
vəkilisiniz, müəyyən dairələrdə çalışmısınız. Mənə maraqlıdır, nə vaxtsa olubmu
bezəsiniz? Bir yaradıcı adam kimi uzun illər rəsmiyyətçilik, qalstuk həyatı
sizi narahat edibmi?
- Vəzifədən,
millət vəkilliyindən asılı olmayaraq, daxilən azad adamam. Ümumiyyətlə, insan
azad olmalıdır, xüsusilə də yaradıcı adam. Bunun üçün bir neçə amil var. Təbii
ki, hamı belə ola bilmir. Ziyalılıq, yazıçılıq bir az da iqtisadi təminatdan
asılıdır. Bir idarədə 300 manata işləyən yazıçı-şair təbii ki, tam azad ola
bilməyəcək. Maddı asılılıqdan azad olmalısan ki, sözünü sərbəst deyə biləsən.
Buna görə də bu gün dünyanın hər yerində qələm sahibləri, cəmiyyətin barometri
sayılan adamlar qorxu içində yaşayırlar... Mən ən gənc yaşlarımdan belə
olmuşam, fikrimi çəkinmədən, cəsarətlə deməyə öyrəşmişəm, həmişə də azad
olmuşam. Elə indi də.
- Həm
də xalq şairisiniz. Bəs, bu adlar bizə lazımdırmı? Xalq yazıçısı, xalq şairi...
Düşünürmüsünüz ki, artıq bu adlar yığışdırılmalıdır? Onsuz da insanlar tərəfindən
sevilən yaradıcı adamları xalq özü belə adlandırır, dəyərləndirir, ziyalı
bilir. Məsələn, bir vaxtlar Ramiz Rövşən haqqında hamı belə deyirdi. Amma nədənsə,
xalq şairi olandan sonra ona olan münasibət də qismən dəyişdi...
- Sənin
onunla bağlı bir yazın var idi, qarşıma çıxmışdı, oxumuşdum. Amma mövqeyin
yanlış idi. Yazmışdın, o adı alana qədər müəyyən proseslər olur. Mən də almışam
o adı. Heç bir öhdəlik götürməmişəm, mövqe dəyişməmişəm. Xəbərim olmayıb heç.
İndi kimsə hakimiyyətin yanındadırsa, imtiyazlar əldə edirsə, bu, o demək deyil
ki, buna görə ad alır. Ramiz Rövşən də o ada layiqdir, Musa Yaqub da. İstəyərdim
xaricdə yaşayan Məmməd İsmayıla da verilsin bu ad.
- Bir
şair kimi, yazıçı kimi AYB-nin fəaliyyətinə münasibətiniz necədir? Sizcə, bu
qurum ədəbiyyatımızı yetərincə təmsil edirmi? Yoxsa boşluqlar çoxdu? Ümumiyyətlə,
Yazıçılar Birliyi olmasa, Azərbaycan ədəbiyyatı nəsə itirərmi?
- Anar
haqqında da, AYB haqqında da danışmaq mənim üçün çətindir. Anar mənim dostumdur,
xətrini çox istəyirəm. Neçə ildir yanaşı yol gəlirik. Ən əsası ədəbiyyatımızı
Azərbaycandan da kənarda ləyaqətlə təmsil edən söz ustası və dəyərli ziyalıdır.
Mən Anarı yaxşı başa düşürəm. Anar yazıçı kimi də, dramaturq kimi də, hətta
araşdırmaçı kimi də böyük adamdır. Dədə Qorqud araşdırmaları onun hərtərəfli və
böyük istedadının göstəricisidir. Anarın AYB ilə bağlı arzuları, istəkləri var.
Ədəbiyyat adına işlər görür. Anar kimin əlindən tutub deyir ki, yazma?
Doğurdanmı Anar getsə, hamı dünya səviyyəli əsər yazacaq? Və yaxud AYB ləğv
olunsa nə olacaq? Anar indi səbəbi bilinməyən bir mövzuya çevrilib. Yaxında
qurultay olacaq. Yəqin ki, gedər. O, özü də yazmışdı ki, ədəbiyyat üçün etmək
istədiyim şeylər var. Onları edim, gedəcəm. Məncə, AYB-nin sorunu Anar deyil,
ondan xəbərsiz nələrsə edənlərdir. Məsələn, problemin biri ora elə kim gəldi, qəbul
olunmasıdır. İki mindən çox üzvü var. Bu qədər yazarımız var? Təsəvvür edin,
AYB yoxdur. Anar bütün hallarda ədəbiyyat üçün böyük işlər görüb. Düşünürəm,
bunu zamanla hamı görəcək. Təbii ki artıq yaşlanıb, həm də yəqin yazacaqları da
var. Müvafiq bir qərar qəbul edər. Hazırda yaradıcı ittifaqların qorunması Azərbaycanın
uğurudur. İstər AYB olsun, istər Bəstəkarlıq Birliyi və.s. Bu qurumların
hesabına ədəbi proses, yaradıcılıq işləri oxuculara çatdırılır, ədəbi qəzet və
dərgilər çıxır. Bunlar məhz Birliyin hesabına yaşayır. Mən özüm həmişə onları
oxuyuram, yeni yazılar, imzalar da görürəm. Bəlkə də başqa ölkələrdə bu mətbuat
orqanları özünü maliyyələşdirə, müstəqil çıxa bilər, bizdə dövlət dəstəyi
olmasa, bu, mümkün deyil...
- Qurucusu
olduğunuz Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşını qeyd etdiniz. Uzun ömürlü partiyadır
və arzu edirik ki, belə də olsun. Necə düşünürsünüz, partiya olaraq qarşıya
qoyduğunuz bütün məqsədlərə çatmısınızmı? Təbii ki, işlər göz qabağındadır,
amma bu illər ərzində partiya olaraq yarımçıq qalan, etmək istəyib də edə bilmədiyiniz
işlər varmı?
- Təşəkkür
edirəm. Bəli, uzun ömürlü partiyadır. Amma təbii ki, hər şeyə nail olmamışıq.
Görə bilmədiyimiz çox iş var. Mən o vaxt müharibə olduğuna görə heç bir siyasi
partiya yaratmaq istəmirdim. İstəyirdim bir olaq. Amma sonra ortaya başqa
partiyalar atıldı, separatçılıq oldu və iş elə gətirdi ki, bu partiyanı qurdum,
birlik arzusu ilə yaratdım. Təbii ki, onu da bilirdim, bilirdim ki, bütün insanlar
ətrafımıza toplanmayacaqlar. Mən birlik, həmrəylik xəttinin üzərində dayandım.
Bir
şey də deyim. Bizim öz yolumuz var, bu yola sadiqik və bu yol, amal uğrunda
çalışırıq. 28 ildir ki, vətənimiz, millətimiz üçün işlər görürük və görəcəyik də.
1986-ci ildə Litvaya dəvət eləmişdilər. Qurultaya. Gördüm, orda SSRİ-nin
dağılmasından danışırlar. Ondan öncə Polşaya getmişdim. Adam Mitskieviçin tərcüməçisi
kimi mənə özəl bir sayqı vardı. Yeri gəlmişkən, deyim ki, onlar da mənə ad
verib, Polşanın əməkdar mədəniyyət xadimiyəm. Moskvadan iki yoldaşım da vardı.
Ancaq polyaklar rusları danışmağa qoymurdular. Orda Solidarnost Hərəkatı ilə
tanış oldum. Həmrəylik hərəkatı idi. Həm o xatirələrlə, həm də Azərbaycanın
durumunu görüb yaratdım bu partiyanı. O vaxta kimi bu söz bizim leksikonumuzda
yox idi. İndi sevinirəm ki, hamı həmrəylikdən danışır... Bir sözlə, bizim məqsədimiz
birlikdir. Millətin birliyi. O vaxt da elə idi, indi də belədir, belə də
olacaq.
- Sabir
bəy, bu partiya Milli Məclisdə təmsil olunan digər partiyalardan nə ilə fərqlənir?
- Partiyamızın
rəhbərliyində həmişə ziyalılar çoxluq təşkil edib. Bu da bizim parlamentə düşməyimizə
kömək olub. Məqsədimiz daim milli birlik olub, görülən işlər birlik uğrunda
olub. Düşmənçilikdən, kor-koranə, aşırı radikalizmdən, mənasız ittihamlardan
uzaq olmuşuq. Düşünürəm, digər partiyalardan həm də bunlara görə fərqlənirik.
- Yazıçı
olmaq, yoxsa siyasətçi yazıçı?
- Mən
siyasətçi yazıçı deyərdim. Yəni, özüm həm siyasətçiyəm, həm də yazıçı. Düşünmürəm
ki, burda uyğun olmayan nəsə var. Mən belə düşünmürəm, siyasətlə ədəbiyyat
arasında Çin səddi çəkilməsinin tərəfdarı deyiləm.
Xalqın
ağır günündə, çətin vəziyyətində məhz ilk növbədə yazıçı-şairlər qabağa atılmalıdır.
Mən öz adıma deyirəm, daim belə olmuşam və nə etmişəmsə də göz qabağındadır.
- Hazırda
mütaliə edirsinizmi? Bəzi məmurlara sual verdikdə vaxt azlığını bəhanə edirlər.
Amma məncə, bu, o qədər də mane olmaz. Təbii ki, oxumaq istəyən adam üçün. Sizdə
necədir vəziyyət? Hər gün mütaliə edirsiniz, yoxsa vaxt olduqca?
- Vaxt
məsələsi doğrudur, amma əsas deyil. Özümə gəldikdə isə bəli, hər gün oxuyuram.
Vaxt az olsa da, on səhifə də olsa, mütləq oxuyuram. Kitablar daim evdə
stolumun, işdə də gördüyün kimi, masamın üzərindədir.
- Hazırda
hansı əsəri oxuyursunuz?
- Son
iki-üç ayda oxuduğum kitabları deyim: Nəcib Məhfuz. "Məhəlləmizin hekayələri",
Daron Əcəmoğlu, Ceyms A. Robinson "Millətlər niyə tənəzzül edir"; Ece Günər
Toprak "Ölkəm üçün çarə"; Yuval Noah Harari "XXI əsr üçün 21 dərs";
Karl Vaspers "Tarixin mənası və təyinatı"; Qurban Səid "Son peyğəmbər";
Salman Rüşdü "Şərq, Qərb"; Halil İnancık "Osmanlılar və xaçlılar".
İndi Milan Kunderanı oxuyuram. Yəni yalnız bədii əsərlər deyil oxuduqlarım...
- Gənc
yazarları necə, oxuyursunuzmu? Daimi oxuduğunuz, bəyəndiyiniz kimlərinsə adını
çəkə bilərsiniz?
- Hazırda
özünün də masamın üzərində gördüyün kitab Şəhriyar Del Geraninindir. Özü gətirib
hədiyyə verib. Bəli, oxuyuram. Həm sosial şəbəkələrdə, həm də qəzet və
jurnallarda. "Azərbaycan" jurnalında maraqlı imzalar görürəm,
"Ulduz" jurnalında da, "Ədəbiyyat" qəzetində də. Kimin
kitabı əlimə keçirsə, gözdən keçirirəm. Kitabı da sağ olsunlar, özləri hədiyyə
verirlər. Axtarmağa vaxt yoxdur, daha çox hədiyyə verilənləri oxuyuram (gülür).
Gözlə,
öz kitabımdan bir şey göstərəcəm. (Kitabı gətirir). "Gəncliyə biganə
yanaşmaq olmaz" adlı yazım var burda. Çoxdan yazılıb. Adlar yazmışam,
oxuduğum müəlliflərfir: Salam Sarvan, Aqşin Yenisey, Faiq Balabəyli, Qəşəm Nəcəfzadə,
Rasim Qaraca, Kənan Hacı, Pərviz Cəbrayıl, Orxan Fikrətoğlu, Nərmin Kamal, Fəxri
Uğurlu, Zahir Əzəmət, Murad Köhnəqala, Sevinc Pərvanə, Fərqanə Mehdiyeva, Kəramət
Böyükçöl, Emin Piri, Mina Rəşid, Əlirza Həsrət, Tərlan Əbilov, Mirmehdi Ağaoğlu
və.s və ilaxır. Bunların içində sizə görə yaşlıları, mənə görə gənc olanları
var. Bəziləri orta yaşlıdır. Adını çəkdiyim və çəkmədiklərim var. Hamısını
oxumuşam, bəzilərinin kitabına da ön söz yazmışam. Şahanə Müşfiqin, Aysel
Xanlar qızı Səfərlinin kitablarına ön söz yazmışam. İstedadlı gənclər çoxdur,
oxumaq lazımdır.
- Bizə
3 ən sevdiyiniz yerli əsər adı deyin.
- Daimi
oxuduğum kitab "Dədə-Qorqud”dur. Mirzə Ələkbər Sabirin "Hoppopnaməsi"
də o cümlədən. Mirzə Cəlil də tez-tez müraciət elədiyim müəlliflərdəndir.
Sonrakı dövr ədəbiyyatımızdan Mirzə İbrahimovun "Gələcək gün"
romanının adını çəkə bilərəm, sevdiyim əsəridir. Sonra Sabir Əhmədli. Dünya ədəbiyyatından
da xeyli tez-tez müraciət etdiyim əsərin adını çəkə bilərəm. Ancaq sayı üç
kitaba endirmək çətindir.
- Özünüzün
ən çox bəyəndiyiniz əsəriniz hansıdır ki, məsələn, iddia edəsiniz: bu əsər
dünya səviyyəli əsərdir və bunu hər kəs oxumalıdır?
- Poeziyada
"Qan yaddaşı" və " Əbədi sevda", publisistikada "Ömür
kitabı". Bir növ "pasport" kimi. Nəsrdə "Difai Fədailəri"
və "Akademikin son əsəri".
- Özünüzü
bir cümlə, bir sözlə ifadə eləsəniz, bu cümlə, söz nə olardı?
- Bir
bənd şeir deyəcəm, yəqin ki, anlaşılacaq.
"Kainat
boydadır hər qum dənəsi
Suyun
hər damlası okean kimi
Tarix
ölçüsündə bir andır ömrün
Tarixlər
ömrümdən keçdi an kimi".
- Müsahibəni
oxuyanlara nə demək istərdiniz?
- Demək
istəyərdim ki, özümüzü sevək, ədəbiyyatımızı sevək, yaşlı və cavan fərq
qoymadan öz ədəbiyyatımıza, dilimizə diqqətli olaq. Tarixinə, dilinə sayğı göstərməmək
ən böyük mədəniyyətsizlikdir. Hər şey sevgidən başlayır. Özümüzü yenidən kəşf
edək. Biz hələ də kəşf olunmamışıq. Nikbin olaq, həmrəy olaq, bir olaq...
Orxan
Saffari
Şərhlər