Qaynarinfo Murad Muradovun "Sadiqin xəyanəti" hekayəsini təqdim edir:
Həyatdan vaxtsız getmiş dostlara ithaf
O gecə ilk dəfə keçirdiyim hissləri heç nə ilə müqayisə edə
bilmirəm, ümumiyyətlə, həmin hisslərin adı yox idi, bu vaxta qədər kəşf
etməmişdim.
Beş bacının bircə qardaşı, mənim əziz dostum – Sadiq - "indi
ölər, bu saat ölər” - can verir, ömrünün son saatlarını yaşayırdı.
O, dünyada hər altı saniyədən bir adam öldürən şəkər
xəstəliyindən uzun illərdir əziyyət çəkirdı. Aylardı çarəsiz yatan Sadiqin
dərdinə dərman tapılmırdı. Getmədiyi yer, döymədiyi həkim qapısı qalmamışdı.
Son günlər isə xəstəliyi daha da şiddətlənmişdi. Nə yeyir, nə də içirdi.
***
Gecənin zülmət qaranlığından işığlı otaqa girdiyim üçün qamaşan gözlərimi
qırpdım, handan-hana işığa alışdım. Ev əşyalarından otaqda bir çarpayı, bir də
rəngi solmuş taxta stul vardı. Çarpayıya söykədilmiş stulun üzərinə də bir
fincan su və dərman qutuları qoyulmuşdu. Sadiqin bacıları, yaxın qohumları
dizlərini qatlayıb yerdə oturmuşdular. Oturanlar bir-biri ilə nə barədəsə pıçıldaşıb,
acı-acı ağlaşırdılar. Otaqda adam çox olduğundan hamı bir-birinə qısılmışdı.
Əksəriyyətini tanıyırdım.
Məndən irəlidə oturub əlini ağzına tutub, başını aşağı salıb,
yanıqlı-yanıqlı ağlayan sarışın qadın Sadiqin həyat yoldaşı Zəhra idi. O, indi
dunyanın ən bədbəxt, miskin adamına bənzəyirdi. Bu cansıxıcı mənzərənin artıq
ilk dəqiqəsindən əsəblərim sözümə baxmırdı. Özümü birtəhər sakitləşdirməyə
çalışdım.
***
Sadiqlə on ildən çoxuydu möhkəm dost idik. Bu on ildə ondan
zərrə qədər də inciməmişdim.
Məndən soruşsaydılar ki, Əsl İnsan necə olmalıdır? Fikirləşmədən
deyərdim: Sadiq kimi! Çünkü o, qohum-əqrəbasına, biz dostlatına daim hörmətçil,
həyat yoldaşına sadiq və mehriban olub. Balalarına can yandırıb.
Sadiqi hamının sevimlisi edən, sevilməyinin səbəbi elə onun
yaxşı davranışlarıydı.
Dostlarla oturub-durmağı sevirdi, qonaqpərvərliyi də öz yerində.
Söz düşəndə həmişə deyərdi:
"Artıq, bu dünyada çox günüm qalmadı”.
Mən onun bu sözlərini ciddiyə almazdım, gülüb keçərdim. Onun hər
kəsdən gizlədiyi bir sirr, içində həbs etdiyi dərdi vardı. Onu için-için yeyib
bitirən, çətinə salan da buiztirab idi. İztirabını içki tündlüyü belə
unutdura bilmirdi.
İndi Sadiqin taqəti, gücü olsaydı, daima zehnini qarışdıran bu
sirri barəsində yenə nəsə soruşardım.
Təssüf ki, buna onun qüvvəsi çatmazdı. Üç-beş sözdən ibarət bir
cümlə belə ciyərlərindəki havanı tükədirdi.
Gözümün qabağında can verən dostuma baxdıca, can yox, ağıl ağrıyırdı.
O gün Sadiqin yanında mən özümü tamamilə yalqız hiss edirdim...
Onun rəngi kətan kimi ağarmışdı.
Yaxınlaşan ölüm arıq, çəlimsiz sifətini tanınmaz hala salmışdı. Qəflətən
qocalmışdı.
O büzüşüb əriyir, heç nə danışmır, heç kəsə fikir vermirdi.
Təkcə yaxası açıq köynəyindən tüklü sinəsinin qalxıb-endiyi hiss
olunurdu.
Birdən kimsə dedi:
- Molla dalınca adam göndərmək lazımdır.
"Molla” sözünü eşidəndə bədənimə üşütmə gəldi.
Damarlarım gərildi, beynim ağrıdan uğuldadı.
Dostumun əlini tutub, saçlarını sığalladım...
Çox keçmədi ki, özünü yetirən molla otaqa daxil olub, salam verdi,
yer edib oturdu. Qalın saqqalına sığal çəkib, nəfəs dərmədən, "Yasin” oxumaqa
başladı.
Açıq pəncərədən görünən qaranlıq bir qədər aydınlanmağa başlamışdı.
Sadiqlə keçirdiyim günləri xatırladım. O xoş, unudulmaz günlər,kef
məclisləri, dostların, tanışların unudulmaz simaları…
Pəncərədən görünən göy üzünü seyr etdikcə yüngülləşir, gözlərimi
səmanın təmizliyindən ayıra bilmirdim. Sonra Sadiqin üzunə baxdım. Hər ikimiz
susmuşuq...
Sübh namazına çağıran gur azan səsi eşidildi. Hamı bu səsdən
diksindi. Mürgüləyən molla da oyandı, salavat çevirib, dua oxudu. Duanı bitirib
dedi:
- Sakit olun, deyəsən vəsiyyət edir...
Sadiq dodaqlarını tərpədirdi.
Nəsə sayıqlayırdı.
Onun sol əlini ovcuma aldım. Bədəni getdikcə soyuyur, dərisi
göyərirdi.
Quru dodaqlarını yalayırdı.
Pambığı suya batırıb, dodaqlarını islatdım.
Sadiqin son gücünü toplayıb xırıltılı, zəif səslə dediyi sözləri
hamı eşitdi:
- Nərgiz... məni bağışla! Sənə xəyanət etdim… Səni Zəhraya
dəyişdim…
Şərhlər