Xəbər lenti

Sosial şəbəkələrdə yaş məhdudiyyəti: Yeni qanun nəyi dəyişəcək? (ŞƏRH)
Ölkə 15:56 03.07.2026

Sosial şəbəkələrdə yaş məhdudiyyəti: Yeni qanun nəyi dəyişəcək? (ŞƏRH)

Son 20 ildə internet həyatımızın ayrılmaz hissəsinə çevrilib, sosial şəbəkələr isə bu transformasiyanın əsas hərəkətverici qüvvəsi olub. Bu gün milyardlarla insan informasiya almaq, ünsiyyət qurmaq, təhsil almaq, işləmək və əylənmək üçün rəqəmsal platformalardan istifadə edir. Rəqəmsal texnologiyalar cəmiyyətə yeni imkanlar qazandırsa da, xüsusilə uşaqların təhlükəsizliyi baxımından yeni risklər də yaradıb.

Məhz buna görə son illər dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. 

Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanun dəyişiklikləri də bu qlobal tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Qanun layihəsi ilə bağlı ictimai müzakirələrdə tez-tez "uşaqlara sosial şəbəkələr qadağan olunur" fikri səsləndirilir. Halbuki sənədin mahiyyəti bundan fərqlidir. Qanuna əsasən, 16 yaşınadək uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcəklər. 16-18 yaş arasında olan  yeniyetmələrin isə platformalarda qeydiyyatı valideyn və ya qanuni nümayəndənin razılığı ilə mümkün olacaq. Yəni söhbət sosial şəbəkələrin qadağan edilməsindən deyil, qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqindən gedir. Bu yanaşma artıq dünyanın bir çox ölkəsində tətbiq olunur və ya qanunvericilik səviyyəsində müzakirə edilir.

Rəqəmsal platformalar uşaqlar üçün həm öyrənmə, həm də inkişaf imkanları yaradır. Lakin eyni zamanda alqoritmlər istifadəçiləri platformada daha uzun müddət saxlamaq məqsədi daşıdığından uşaqlar yaşlarına uyğun olmayan məzmunla erkən yaşlarda qarşılaşa bilirlər.
 


Son illərdə beynəlxalq təşkilatların və aparıcı universitetlərin araşdırmaları göstərir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda və yeniyetmələrdə narahatlıq, depressiv əlamətlər, yuxu pozuntuları, diqqət problemləri, kiberbullinqə məruz qalma və sosial asılılıq riskini artırır. Eyni zamanda uşaqlar zorakılıq, pornoqrafik məzmun, nifrət nitqi, dezinformasiya, qumar və digər zərərli informasiyalarla daha asan təmas qururlar.

Bu səbəbdən son illər uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız ailələrin deyil, dövlətlərin də məsuliyyət sahəsinə daxil edilir.

Azərbaycanın qəbul etdiyi dəyişikliklər beynəlxalq təcrübədən kənar deyil.

2025-ci ildə Avstraliya 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatını məhdudlaşdıran qanun qəbul edib. Fransa valideyn razılığı olmadan azyaşlıların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdıran ilk Avropa ölkələrindən biridir.

Böyük Britaniyada "Online Safety Act", İrlandiyada "Online Safety Code" qüvvədədir. ABŞ-ın bir sıra ştatlarında, Almaniyada, Norveçdə, İspaniyada, Türkiyədə, Kanadada, Hindistanda, Malayziyada, İndoneziyada və digər ölkələrdə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüsləri həyata keçirilir. Qonşu Qazaxıstan və Özbəkistanda da analoji qanun layihələri müzakirə olunur.

Başqa sözlə, Azərbaycan yeni model yaratmır, qlobal rəqəmsal təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən birinə qoşulur.

Əslində yaş məhdudiyyətləri cəmiyyət üçün yeni anlayış deyil. Azyaşlılara siqaret və alkoqollu içkilərin satışı qadağandır. Onların qumar oyunlarında iştirakı, pornoqrafik məzmuna çıxışı və müəyyən növ məhsulları əldə etməsi qanunvericiliklə məhdudlaşdırılıb. Bu məhdudiyyətlər heç vaxt uşaqların hüquqlarının pozulması kimi qiymətləndirilməyib. Əksinə, onların fiziki, psixoloji və mənəvi inkişafının qorunmasına xidmət edən hüquqi mexanizmlər hesab olunub.
 


Müasir dövrdə sosial media uşaqların həyatına ən güclü təsir göstərən mühitlərdən birinə çevrildiyi üçün oxşar müdafiə mexanizmlərinin rəqəmsal platformalarda da tətbiqi təbii və məntiqli addım kimi görünür.

Azərbaycan bu istiqamətdə ilk addımı atmır. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onların zərərli məzmundan müdafiəsinin hüquqi əsaslarını müəyyən edib. Hazırkı dəyişikliklər həmin siyasətin rəqəmsal platformalar üzərində davamı kimi qiymətləndirilə bilər.

Qanun qəbul edilsə də, dərhal qüvvəyə minməyəcək. Onun tətbiqi üçün 12 aylıq keçid müddəti müəyyənləşdirilib. Bu dövrdə yaş yoxlanılması tətbiq ediləcək platformalar müəyyən ediləcək, texniki həllər hazırlanacaq, dövlət qurumları, platformalar, valideynlər və ictimaiyyət arasında maarifləndirmə işləri aparılacaq.

Bu da göstərir ki, əsas məqsəd qadağa tətbiq etmək deyil, yeni tənzimləmə mexanizminə mərhələli və sistemli keçidi təmin etməkdir.

Sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı narahatlıq yalnız ekspertlər tərəfindən deyil, dövlət rəhbərləri tərəfindən də açıq şəkildə ifadə olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: "Bəzi rəqəmsal platformalar uşaqlarımızın zehnini pozur. Sosial media platformaları, açıq desək, zibilxanalara çevrilib".

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə problemin mahiyyətini belə ifadə edib: "Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın slqoritmlərinin uşaqlara təsiridir”.

Norveçin Baş naziri Yonas Qar Störe isə qeyd edib: "...Biz bu qanunvericiliyi ona görə qəbul edirik ki, uşaqlar uşaqlığını yaşaya bilsin. Oyun, dostluq və gündəlik həyat alqoritmlərin və ekranların nəzarətinə keçməsin".
 


Rəqəmsal texnologiyalar müasir həyatın ayrılmaz hissəsidir və sosial şəbəkələri həyatımızdan çıxarmaq mümkün deyil. Lakin uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması artıq dövlət siyasətinin mühüm istiqamətinə çevrilir. 

Milli Məclisdə qəbul edilən dəyişikliklərin əsas məqsədi sosial şəbəkələrə qadağa qoymaq deyil. Məqsəd uşaqları yaşlarına uyğun olmayan  məzmunun, manipulyativ alqoritmlərin və digər rəqəmsal risklərin təsirindən qorumaq, onların sağlam psixoloji inkişafı üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır.

Beləliklə, söhbət uşaqların hüquqlarının məhdudlaşdırılmasından deyil, onların hüquqlarının və maraqlarının müasir rəqəmsal reallıqlar şəraitində daha effektiv müdafiə olunmasından gedir.

Müasir dünyada uşaqların müdafiəsi yalnız küçədə və ya məktəbdə deyil, rəqəmsal məkanda da təmin olunmalıdır. Çünki XXI əsrdə uşağın ən çox vaxt keçirdiyi məkanlardan biri artıq məhz sosial şəbəkələrdir. Dövlətin bu sahədə atdığı addımlar da məhz gələcək nəslin sağlam inkişafına xidmət edən sosial siyasətin mühüm tərkib hissəsi kimi  qiymətləndirilməlidir. 

Siyasət şöbəsi
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->