Kanada müttəfiq ölkələrin müdafiə sənayesinə investisiyaların maliyyələşdirilməsi məqsədilə qlobal müdafiə bankının yaradılması planlarını irəli aparır.
Qaynarinfo xəbər verir ki, "Reuters” agentliyinin məlumatına görə, Ottava gələn həftə Ankarada keçiriləcək NATO sammitində bu təşəbbüsün on ölkə tərəfindən dəstəkləndiyini elan etməyi planlaşdırır.
Bununla belə, Avropada paralel şəkildə həyata keçirilən çoxsaylı müdafiə maliyyələşdirmə layihələri fonunda təşəbbüsün perspektivləri hələ də qeyri-müəyyən qiymətləndirilir.
Qeyd olunur ki, Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması ideyası 2024-cü ildə NATO-nun keçmiş təhlükəsizlik müşavirləri, yüksək rütbəli keçmiş hərbçilər və bankirlər tərəfindən irəli sürülüb. Təşəbbüs Ukraynadakı müharibə, Rusiya ilə münasibətlərdə gərginlik və Çinin hərbi təsirinin artması fonunda müdafiə sənayesinin artan maliyyə ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Layihənin əsas təşəbbüskarlarından biri Kanadanın Baş naziri Mark Karni hesab olunur. O, ABŞ-ın rəhbərlik etdiyi ənənəvi dünya nizamının zəiflədiyi şəraitdə "orta güclər" arasında daha sıx əməkdaşlığın vacibliyini vurğulayır.
Kanadanın Biznesin İnkişafı Bankının baş icraçı direktoru və DSRB üzrə baş danışıqlarçısı İzabel Yudon "Reuters”ə bildirib ki, NATO sammiti layihənin təsisçi ölkələrinin elan edilməsi üçün müəyyən edilmiş son tarixdir.
"Biz NATO sammitini son müddət kimi müəyyən etmişik. Məqsədimiz təsisçi ölkələrin siyahısını elan etməkdir”, deyə o bildirib.
Əvvəlki açıqlamalara əsasən, DSRB təxminən 133 milyard ABŞ dolları həcmində vəsait cəlb etməyi planlaşdırır. İlkin mərhələdə Kanadanın banka 1,7 milyard ABŞ dollarına qədər, daha kiçik ölkələrin isə 500–750 milyon avro həcmində vəsait yatırması nəzərdə tutulur.
Hazırda təsisçi ölkələrin tam siyahısı açıqlanmayıb. İzabel Yudonun sözlərinə görə, Kanada istisna olmaqla, ilkin mərhələdə yalnız Avropa ölkələrinin iştirak etməsi planlaşdırılır. Mark Karni də təşəbbüsə "kifayət qədər çox" ölkənin qoşulacağını bildirsə də, konkret ad çəkməyib.
İndiyədək yalnız Lüksemburq DSRB-də iştirakını rəsmən təsdiqləyib və bankın Avropa bölməsinə ev sahibliyi etməyə razılıq verib. Digər potensial iştirakçılar isə hələlik yekun qərarlarını açıqlamayıblar.
Məlumata görə, Böyük Britaniya əvvəlcə təşəbbüsə qoşulmaqda maraqlı olmayıb və Niderland, eləcə də Finlandiya ilə birlikdə alternativ müdafiə maliyyələşdirmə mexanizmlərinə üstünlük verib. Sonradan isə London layihəyə qoşulma imkanlarını nəzərdən keçirməyə başlayıb. İyun ayında bu məsələ Böyük Britaniyanın keçmiş Baş naziri Qordon Braun ilə Mark Karni arasında müzakirə edilib. Lakin Baş nazir Kir Starmerin istefasından sonra bu istiqamətdə aparılan işlərin taleyi qeyri-müəyyən olaraq qalır.
Almaniya da ehtiyatlı mövqe sərgiləyir. Ölkənin Maliyyə Nazirliyinin nümayəndəsi Berlinin danışıqlarda müşahidəçi qismində iştirak etdiyini və layihənin nəticələrini qiymətləndirdiyini bildirib.
İtaliya, İspaniya, Türkiyə, Belçika və Ukrayna da təşəbbüsə dəvət olunsalar da, hələlik yekun mövqelərini açıqlamayıblar.
Kanada həmçinin NATO üzvü olmayan Cənubi Koreyanı da layihəyə cəlb etməyə çalışır. Son illərdə hərbi-sənaye kompleksini sürətlə inkişaf etdirən Cənubi Koreya ötən ildən NATO-nun Elm və Texnologiya Təşkilatında tərəfdaş ölkə statusuna malikdir.
Kanadalı mənbələrin sözlərinə görə, Ottava ilə Seul arasında məhsuldar danışıqlar aparılıb. Lakin Cənubi Koreyanın layihəyə qoşulma ehtimalı hazırda təxminən 50 faiz qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, layihə ətrafındakı qeyri-müəyyənliyin əsas səbəblərindən biri maliyyə resurslarının məhdudluğudur. Avropa İttifaqında yeni çoxillik büdcə üzrə davam edən müzakirələrdə müdafiə xərclərinin artırılması nəzərdə tutulsa da, bir sıra üzv dövlətlər kənd təsərrüfatı kimi sahələrin maliyyələşdirilməsinin azaldılması hesabına müdafiə büdcəsinin genişləndirilməsinə ehtiyatla yanaşırlar.
Aydın
Şərhlər