Xəbər lenti

Ölkə 14:57 03.07.2026

"Siqaret biznesi" adı ilə milyonlarla manatlıq dələduzluq

Siqaret məmulatlarının alqı-satqısı və xaricdən idxalı adı altında qurulan genişmiqyaslı dələduzluq sxemi ilə bağlı məhkəmə istintaqı başa çatıb.

Qaynarinfo xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs tanışı ilə qabaqcadan əlbir olaraq zərərçəkmişlərə özünü bu sahədə böyük biznes sahibi kimi təqdim edib və yüksək gəlir vədi ilə onların etibarını qazanıb. O, investisiya qarşılığında qazancdan pay veriləcəyini vəd edərək əvvəlcə bir, daha sonra isə digər şəxsdən külli miqdarda pul vəsaiti alıb.

İş materiallarına əsasən, birinci zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 110 min 340 manat, ikinci zərərçəkmişdən isə mərhələlərlə ümumilikdə 2 milyon 430 min 490 manat pul vəsaiti ələ keçirilib. Vəsaitin bir hissəsi nağd, digər hissəsi isə bank köçürmələri və ödəniş terminalları vasitəsilə əldə olunub.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs və onun tanışı zərərçəkmişləri siqaret ticarəti adı altında yüksək gəlirli biznesə sərmayə qoymağa inandıraraq əldə etdikləri vəsaiti şəxsi məqsədləri üçün istifadə ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittihamla razılaşmayaraq əməliyyatların biznes fəaliyyəti çərçivəsində aparıldığını və tərəflər arasında qarşılıqlı maliyyə münasibətlərinin mövcud olduğunu iddia edib. O, əldə olunan vəsaitin mənimsənilmədiyini bildirib.

Lakin məhkəmə toplanmış sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin etibardan sui-istifadə yolu ilə dələduzluq əməli törətdiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın
--> -->