Bakı şəhərinin Lökbatan qəsəbəsində, "Lökbatan" dairəsinin yaxınlığında yerləşən "Dedi Qodu" kafesinin sahibi döyülüb.
Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Saatlı rayonunun Mircəlalkənd kəndində anadan olmuş Sənan Məmmədovun (soyad şərtidir) Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
İş materiallarına əsasən, Sənan Məmmədov dostları ilə birlikdə "Dedi Qodu" kafesinə gəlib. Yemək yedikdən sonra əlavə spirtli içki sifariş edib. Kafenin sahibi ona spirtli içki verməkdən imtina etdikdən sonra, saat 03:00 radələrində təqsirləndirilən şəxs E.R.-ni stulla vurub, kafedəki əşyalara ziyan vurub. Həmçinin yediyi yeməyin pulunu da ödəməyib.
Təqsirləndirilən şəxsin zərərçəkmişin burnunu sındırdığı bildirilir. Hadisədən 10–15 gün sonra isə o, tanışları ilə birlikdə yenidən E.R.-nin işlətdiyi kafeyə gəlib və obyektə ziyan vurub. Hadisələr nəticəsində kondisioner, qab-qacaq və oturacaqlar yararsız vəziyyətə düşüb. Bildirilir ki, Sənan Məmmədov tanışları ilə kafeyə gəldiyi vaxtlarda müştərilər obyekti tərk edirmiş.
Məhkəmədə zərərçəkmiş bildirib ki, hadisə baş verən gün kafedə müşahidə kamerası işləmədiyi üçün görüntülər qeydə alınmayıb. Onun sözlərinə görə, həmin vaxt kafedə Aynurə adlı ofisiant da olub. Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, lakin onun həbs olunmasını istəmədiyini, yalnız dəymiş zərərin ödənilməsini tələb etdiyini deyib.
Məhkəmənin hökmü ilə Sənan Məmmədov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalında həbs edilib.
Aydın
Şərhlər