Xəbər lenti

Sahibkarın
Ölkə 16:35 03.07.2026

Sahibkarın "Range Rover"indən 11 min manat oğurlayan sürücüyə hökm oxundu

Bakıda sahibkara məxsus "Range Rover” markalı, "CS” seriyalı dövlət qeydiyyat nişanlı avtomobildən təxminən 11 min manat oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş Röyal Abbasovun Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla oğurluq) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Röyal Abbasov tikinti materiallarının ölkə daxilində daşınması və alqı-satqısı ilə məşğul olan Bəxtiyar adlı sahibkarın avtomobilindən pul oğurlayıb.

Belə ki, sahibkar Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında yerləşən "İsti Ocaq" restoranında yemək yeyib və bir qədər spirtli içki qəbul etdikdən sonra "Range Rover" markalı avtomobili ilə evinə getmək istəyib.

Sahibkarın tanışı olan Röyal Abbasov onu avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən evinə aparıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs özünün və anasının banka borcu olduğunu əsas gətirərək sahibkara məxsus avtomobildən 3 500 ABŞ dolları və 5 050 manat olmaqla, ümumilikdə təxminən 11 min manat məbləğində pulu gizli yolla talayıb.

Məhkəmədə zərərçəkmiş bildirib ki, ona vurulmuş ziyan tam ödənilib və Röyal Abbasova qarşı hər hansı şikayət və ya tələbi yoxdur.

Məhkəmənin hökmü ilə Röyal Abbasov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəzasını elektron nəzarət vasitəsi (elektron qolbaq) altında çəkəcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->